Səfir Elin Süleymanov tələbələrin qarşısında çıxış edib - FOTO

img

07-02-2015 [18:46]



Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov 6 fevral 2015-ci il tarixində Cənubi Kaliforniya Universitetinin Vaşinqton şəhərində fəaliyyət göstərən bölməsində "Azərbaycan: Enerji Siyasəti və Geosiyasət” mövzusunda professor-tələbə heyəti qarşısında çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Mia.az-a verilən məlumata görə, səfir çıxışında Azərbaycan dövlətinin tarixi nailiyyətləri, geostrateji mövqeyi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib Xüsusilə, ölkəmizin iqtisadi inkişafı, enerji, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları sahəsində Azərbaycanın iştirakı ilə həyata keçirilən iri regional layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Trans-Avrasiya Super İnformasiya Magistralı layihələri auditoriyanın diqqətinə çatdırılıb.

Azərbaycanın regionda məhz müstəqil və praqmatik dövlət kimi etibarlı tərəfdaş olduğunu qeyd edən diplomat Azərbaycanın həmçinin regionda müstəqil siyasət aparan, beynəlxalq hüquqa riayət edən, heç bir dövlətin daxili işlərinə qarışmayan, özünü təmin etmək imkanında olan, bərabər hüquqlu tərəfdaşlığa üstünlük verən ölkə olduğunu vurğulayıb:

"Bir tərəfdən Avrasiya məkanında baş verən proseslər, digər tərəfdən isə Azərbaycanın son iki dekadada keçdiyi müstəqillik dövrü və inkişafı sübut edir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zamanında qəbul etdiyi qərarlar özünün strateji yanaşması və uzaqgörənliyi ilə fərqlənir.

Xəzərin zəngin karbohidrogen ehtiyatlarını dünya bazarlarına açmış "Əsrin müqaviləsi”ndən 20 il sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi regional enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, bölgənin ümumi siyasi transformasiyasına təsir etmiş, əməkdaşlığın daha da inkişaf etdirilməsinə dəstək vermişdir.  Bunun nəticəsi olaraq, Azərbaycan Cənubi Avropanın yeni coğrafiyasının formalaşmasının müəllifinə çevrilib. Eyni zamanda, Azərbaycan Bakı-Supsa kəməri ilə Qara dəniz regionuna, Bakı-Tbilisi-Ceyhan kəməri ilə, hətta Gürcüstan Aralıq dənizi regionuna çıxmış, Cənub Qaz Dəhlizi vasitəsilə isə Xəzər, Qara, Aralıq və Adriatik dənizi məkanı yaradılıb”.

Tədbirdə həmçinin bildirilib ki, Azərbaycan müstəqilliyin məsuliyyətini tam anlayaraq özünün inkişafı ilə bərabər regionun digər ölkələrinin inkişafına töhfə verir ki, bu xüsusiyyət regionda lider ölkələrə məxsus mövqeyi əks etdirir.  

Azərbaycanın nümayəndəsi təəssüflə qeyd etmişdir ki, öz yanlış siyasəti nəticəsində regionun inkişafından kənarda qalan Ermənistan 20 ildən artıqdır ki, müstəqil dövlət kimi davrana bilmir. Bu isə rəsmi Yerevanın nə qədər öz xalqının gələcəyini düşündüyünü şübhə altına qoyur. 

E.Süleymanov son vaxtlar Şərqi Avropada, eləcə də Yaxın Şərqdə baş verən münaqişələrin yenidən kəskinləşməsinə istinad edərək böyük dövlətlərin daha məsuliyyətli yanaşmasının vacibliyini deyib. O, qeyd edib ki, sabitlik və inkişaf olmayan yerlərdə radikallaşma meylləri daha çox nəzərə çarpır ki, Qərb dövlətləri, o cümlədən rəsmi Vaşinqton tərəfindən daha strateji, düşünülmüş və mövcud reallıqları nəzərə alan yanaşma əhəmiyyətlidir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA