"Mən burada deyim ki, həbsxanada filankəsi zorlasınlar..." - Deputat elə danışdı ki....

img

07-02-2015 [14:55]


Son günlərdə cəmiyyət və mətbuatın ən çox gündəmində olan mövzu məhbus Lamiyə Quliyevanın  həbsxanada uşaq dünyaya gətirməsidir. 2003-cü ilin oktyabrında məlum hadisələrə görə, Şəmkirin o zaman ki icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirən qadın məhbusun övladının kimliyi hələ də müəmmalı olaraq qalmaqdadır. 

Lamiyə məsələsinin yenidən gündəmi zəbt etməsi ilə ən çox müzakirə predmetinə çevrilən şəxs sabiq dövlət məmuru Aslan Aslanovdur. O, hazırda YAP Siyasi Şurasının üzvüdür. Onun ünvanına kifayət qədər ciddi ittiham, iddialar səsləndirilir.   Hakim partiyanın Aslan Aslanov məsələsində susqun mövqe nümayiş etdirməsi maraq doğurur. 

"Azərbaycan” qəzetinin baş redaktoru, YAP-çı deputat Bəxtiyar Sadıqov musavat.com-a açıqlamasında mətbuatda yeni qalmaqala səbəb olacaq fikirlər səsləndirdi. O, hesab edir ki, bu mövzunu gündəmdə saxlayan jurnalist və mətbuat orqanları sifarişləri yerinə yetirirlər: "Bu ittihamları kim səsləndirir? Aslan Aslanov Lamiyənin həbs müddətini necə artıra bilər? Kənd təsərrüfatı nazirinin müavini Lamiyənin həbsxanadan çıxmasına necə mane ola bilər? Əgər cinayət törədilibsə, qadın boynuna alırsa, buna görə ona cəza veriblər. Sonradan içəridə qeyri-qanuni olaraq, uşaq dünyaya gətirib. Bu mövzuda qəribə nə var ki, qəzetlər hər gün bundan yazır. Ağıllarına gələn versiyaları hallandırırlar. Sanki başqa mövzu tapmırlar. Hətta iş o yerə çatıb ki, AXCP öz işi məşğul olmaq əvəzinə, partiya sədri prokurorluğa müraciət edir. Aslan Aslanov bir faciə yaşamış, övlad itirən atadır. O yazıların biri pulsuz yazılmır. Hamısının sponsoru var. Aslan Aslanovun yarasını təzələyirlər. Bu üç ailənin faciəsidir. Lamiyə və Vüqarın ailəsi də faciə yaşayıb. Amma ən böyük zərbə Aslan müəllimə dəyib. İşə məhkəmə sübutlar əsasında baxıb. İşi məhkəmə artırır, azaldır. Məhkəmənin qanununu bütün dövlətlər ali qanun kimi qəbul edirlər. Mətbuat məhkəməyə bir söz demir. Sübutları araşdıran, ekspertiza keçirən, sübutları araşdıranlara söz deyən yoxdur. Hamı deyir ki, Aslan müəllim təzyiq göstərib. Necə təzyiq məhkəməyə olur? Bunlar etiraf ediblər ki, biz öldürmüşük. Daha nə istəyirlər? Bu gün niyə gündəmə gətirilib? Hamısı 5-3 manatın dərdindən iş-güclərini kənara qoyublar. Çox mənəviyyatsız bir mövzu ilə məşğuldurlar”.

YAP-çı deputat indiki vaxtda bu cür mövzuların gündəmə gətirilməsinin dəhşətə gəlib: "Dövlətin qarşısında çox böyük problemlər var. Dünya III Dünya Müharibəsi ərəfəsindədir.   İqtisadi böhran gəlir. Gündə atəşkəs pozulur. Əsgərlərimiz şəhid olur. Vətənpərvərlik mövzularımız olmalıdır. Siyasi partiyalarda bunlara qoşulublar. İş-gücləri yoxdur”.

Bəxtiyar Sadıqov Aslan Aslanovun qadın məhbusu zorlatması ilə bağlı səsləndirilən ittihamlara da münasibət bildirdi: "Mən burada deyim ki, həbsxanada filankəsi zorlasınlar. Bu necə olur? Məsələni qoyanda bir ağılları olsun. Bu qədər uydurma olmaz. Bunlar pul alıblar ki, mövzunu gündəmdə saxlasınlar. Bilmirlər ki, gündəmdə necə saxlasınlar. Pul verən də deyir ki, biz az çox pul verəcəm, Aslan Aslanovun adını çəkin”.

"Bəxtiyar müəllim, tez-tez sifarişlə işləyən mətbuat orqanları deyirsiniz. Nəyi nəzərdə tutursunuz? Konkret ad çəkə bilərsiniz” sualımıza müsahibimiz belə  cavab verdi: "Görürəm, məndən söz almağa çalışırsan. Xahiş edirəm ki, dediklərimi yaz. 10 ildən çoxdur ki, Mətbuat Şurasının İdarə Heyətinin üzvüyəm. Reket jurnalistika qarşı mübarizə aparırıq. Azərbaycan mətbuatında reket jurnalistika qarşı ilk yazını mən yazmışam. Əminliklə sizə deyirəm ki, bu cür yazılar yazan, heç bir ictimai əhəmiyyət kəsb etməyən, mənəvi tərəfi olmayan, dövlət, cəmiyyət üçün əhəmiyyətsiz mövzunu gündəmdə saxlayan mətbuat orqanlarının yazıları sifarişlidir. Reket jurnalistika dərindən bələd olduğum üçün bunu deyirəm. Bu sifariş, məbləği verən kəslər deyir ki, hədəf kimi Aslan Aslanovu və onun şəklini verin. Hansı qəzet bunu edirsə, burada marağı var”.

Digər xəbərlər
SON XƏBƏRLƏR