“Qarşı tərəfi kişi kimi mübarizə aparmadı" - Qubad İbadoğlu

img

07-02-2015 [13:01]


"Müsavat Partiyası Divanı vədinə xilaf çıxdı, müzakirələrin açıq şəkildə aparılmasına, videoçəkilişin reallaşdırılmasına əvvəlcədən verdiyi razılığı son anda pozdu.

Saxta rəhbərlik, qondarma Divan üzvləri xalqın, sıravi müsavatçıların 100 ildən çox tarixi olan bir partiyada qərarların necə avtoritar, necə ədalətsiz qəbul edildiyini görməsindən çəkinərək, saxta demokrat kimliklərinin aşkara çıxmasından, maskalarının cırılmasından qorxdular”.

Bunu Müsavat Divanının qərarı ilə partiyadan xaric edilən başqanlığa sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah Hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu "Facebook” sosial şəbəkəsində yazıb.

Q. İbadoğlu bildirib ki, bağlı qapılar arxasında toplaşan saxta hakimlər onun partiyadan uzaqlaşdırılmasına fərman veriblər: "Mən məhz bu qərarın çıxarılmasını əvvəlcədən gözlədiyimdən "divantutma”nın açıq şəkildə keçirilməsinə çalışırdım. Bir neçə gün əvvəl sosial şəbəkə vasitəsilə bu idbar məhkəmənin üzvlərini və onların əlaltılarını kişi kimi mübarizə aparmağa çağırmışdım. Amma nə fayda, onlarda olmayanı onlardan ummağa dəyməzmiş! Mən xeyli əvvəldən bu sifarişi nominal başqanın yox, real başqanın verdiyini bilirdim. Bu gün sadəcə, üstdən aldığı sifarişi icra etmək üçün toplaşan altdakılar götürdükləri öhdəliyi icra etdilər. Görəsən, bu adamlar fərqindədirlərmi ki, qurultaydan sonrakı 4 ay ərzində Müsavat başqanlığına namizədlərdən ikincisini partiyadan uzaqlaşdırırlar. Bu qərar Müsavatda aparılan repressiyaların tərkib hissəsidir və çox şübhəsiz ki, sonuncu olmayacaq. Bu günMüsavat Partiyasında bir kabus dolaşmaqdadır və bu kabusun adı avtoritarizmdir. Bu kabusun adı müstəqil fikirləşənin, düşündüyünü deyənin "dilini kəsmək” siyasətidir. Bu kabusun adı Müsavatı manqurtlaşdırmaq cəhdidir”.

Q. İbadoğlu daha sonra müsavatçılara müraciət edib: "Fədakar müsavatçı bacı və qardaşlarım, qətiyyən ruhdan düşməyin! Bu qondarma, qeyri-legitim rəhbərlik istədiyinə nail ola bilməyəcək. Bütün kabuslar kimi onların da küləklə sovrulacağı gün gələcək və o gün uzaqda deyil. Biz Məhəmməd Əmin Rəsulzadənin bu xalqa miras qoyduğu milli məfkurənin bir qrupun əlində oyuncağa çevrilməsinə imkan verməyəcəyik. İlan ulduz görməsə, ölməz, deyiblər atalarımız. Ulduzun görünməsinə, parlament seçkilərinə elə də çox qalmayıb”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA