"Vurulacaq" deputatlarla bağlı yeni siyahı açıqlandı - SİYAHI

img

07-02-2015 [11:06]


2015-ci ildə Milli Məclisin tərkibinin 50-60 faiz dəyişəcəyi barədə xəbərlər yayılmaqdadır. Ən böyük dəyişikliyin isə hakim partiyanın siyahısında olacağı gözlənilir. Hətta YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da mediaya müsahibəsində bir növ dəyişikliyin anonsunu verib. 

S. Novruzov bir sıra  tələblərə cavab verməyən deputatların namizədliyinin irəli sürülməyəcəyini bəyan edib: "Hesab edirəm ki, parlament seçkilərində də dəyişikliklər olacaq. Artıq Yeni Azərbaycan Partiyası tərəfindən araşdırmalar aparılıb, yəni bu araşdırmalar beş il ərzində aparılıb. Bu araşdırmaları bir neçə kateqoriyaya bölmək olar. Bu kateqoriyalara seçicilərlə işin təşkili, parlamentdəki fəaliyyət, beynəlxalq təşkilatlardakı fəaliyyət, ictimaiyyətlə əlaqələrin qurulması, qanunvericilik təşəbbüslərinin irəli sürülməsi və s. daxildir. Bütün bunlar tədqiq olunduqdan sonra kimlərin yenidən seçilmək şansının hansı səviyyədə olması, hansı dairədən, hansı kateqoriyadan olan namizədin irəli sürülməsinin daha effektli ola biləcəyi, hansının seçilmə şansının daha böyük ola biləcəyi müəyyənləşdiriləcək. Bu tədqiqatdan sonra müəyyən ediləcək ki, hansı dairədən seçilmiş namizəd artıq seçicinin etimadını doğrultmur və yaxud parlamentdəki təmsilçilik dövründə qanunvericilik təşşəbbüsü ilə, ayrı-ayrı məsələlərlə, dövlətçiliklə, dövlətin siyasətinin müdafiəsi ilə bağlı onun apardığı iş qənaətbəxş deyil. Bu halda artıq partiyanın rəhbər orqanları tərəfindən həmin namizədlərin əvəzlənməsi və kimlərin namizədliyinin həmin dairələrdən irəli sürülməsi ilə bağlı təkliflər irəli sürüləcək və bu təkliflər nəticəsində də namizədlər müəyyənləşəcək”.

İcra katibinin müavininin açıqlamasından da hiss edilir ki, ötən beş il ərzində Milli Məclisdə təmsil olunan bəzi deputatlar bir sıra tələblərə görə etimadlarını doğrultmayıblar. Belə ki, bir qisim millət vəkili ötən illər ərzində çoxsaylı qalmaqalları ilə gündəmdə qaldı. Bir çoxları isə tamamilə passivliyi ilə yadda qaldı. Ona görə də böyük ehtimalla növbəti parlamentə düşməyinə hakimiyyət tərəfindən "stop” deyiləcək hazırkı deputatlar sırasında passiv deputatlar da olacaq. Yaşı 70-dən yuxarı olan deputatların da əksəriyyətinin "pensiyaya” göndəriləcəyi gözlənilir. Eyni zamanda adı qalmaqallarda keçən bir neçə deputatın da payızda keçiriləcək seçkilərdə mandatsız saxlanacağı haqda xəbərlər yayılıb.

"Qafqazinfo.az” saytı parlamentdən kənarda qalacağı gözlənilən deputatların bir qrupunun adını açıqlayıb. Siyahıya adınurçuluqla bağlılıqda hallanan Ceyhun Osmanlı başçılıq edir. Sonra atası Abbas Abbasovun fəaliyyətinə görə gündəmdə olan Aydın Abbasovun, Rəbiyyət Aslanovanın,
uğursuz biznes fəaliyyətlərinə və banklardan küllü miqdarda kredit götürüb qaytara bilməyən, vətəndaşları narazı salan, adları son illər müflis millət vəkilləri sırasında çəkilən Fərhad Qəribovun və Rəfael Cəbrayılovun adı mandatsız qoyulacaq şəxslərin siyahısında gedir.

Deputat Ayaz Orucovun oğlunun paytaxtda bir maşını güllə atəşinə tutması, Əsabil Qasımovun ev dələduzluğunda adının hallanmasının parlamentin qapısının payızda onların üzünə qapadılacağı bildirilir.
Yaşı 70-dən yuxarı deputatlara gəlincə 87 yaşlı Cəlal Əliyev, 78 yaşlı Ağacan Əbiyevin, 77 yaşlı Fəttah Heydərovun, 79 yaşlı Zeynəb Xanlarovanın, 77 yaşlı İlyas İsmayılovun, 73 yaşlı Xanhüseyn Kazımlının, 74 yaşlı Arif Rəhimzadənin, 75 yaşlı Ziyad Səmədzadənin, 75 yaşlı Elxan Süleymanovun, 76 yaşlı Yaqub Mahmudovun hakimiyyətin tövsiyyəsi ilə seçkilərə qatılmayacağı deyilir. Onların bir neçəsinin yerinə gənc yaşlı yaxın qohumlarının namizədliyi irəli sürüləcək. Böyük ehtimalla da mandata da həmin yenilər sahiblənəcək.

Bundan başqa, Milli Məclisdə rektor kimi fəaliyyət göstərən millət vəkillərinin də bəzilərinin mandatdan məhrum ediləcəyi haqda məlumatlar var.

Bütün bunlar göstərir ki, heç bir araşdırılma aparılmadan belə qeyd etmək olar ki, Milli Məclisin tərkibində böyük dəyişikliklərin olacağı qaçılmazdır.  

Bu ilki seçkilərdə eyni zamanda namizədlərin tərkibində də rəngarənglik olacaq. Bir sıra media rəhbərləri millət vəkili olmaq uğrunda seçkiyə qatılacaqlar.

Qeyd edək ki, yuxarıda adı keçən deputatlardan Rəbiyyət Aslanova bir neçə gün öncə "Yeni Müsavat”a müsahibəsində növbəti seçkilərdə namizədliyinin verilib-verilməyəcəyi barədə danışarkən bildirib ki, bu, ondan asılı bir şey deyil: "Baxarıq. Bunu zaman göstərər, hələ arada bir neçə ay var və hər dəqiqənin bir hökmü var. Ehtiyac bilinərsə, mən YAP-ın üzvüyəm, bu, partiya rəhbərliyi səviyyəsində həll olunan bir məsələdir. Məsləhət bilinərsə, mən həmişəki kimi öz fəaliyyətimi davam etdirərəm. Məsləhət olmazsa... Bütün bu illər ərzində mənə olan bu etimada görə çox böyük minnətdarlıq hissi yaşayıram və həmişə də yaşayacağam. Bunlar mənim taleyimə yazılan ən gözəl illərdir və mən bu illərdə də bir millət vəkili kimi minnətdarlıq hissi yaşayaraq fəaliyyətimi gerçəkləşdirmişəm. Bu olmayacaq, mən yenə də gedib həmişə olduğu kimi elmi fəaliyyətimi davam etdirəcəyəm. Harada, hansı işdə olmağımdan asılı olmayaraq mən yenə də öz mövqeyimdəyəm, YAP-ın üzvü olmağımla fəxr edirəm, qürur yaşayıram. Çünki mən bu partiyaya ulu öndərin partiyaya rəhbərlik etdiyi zamanda daxil olmuşam və yenə də öz fəaliyyətimi davam etdirəcəyəm. Bir də ki, mənim yaşımın da artıq o vaxtı deyil”.

66 saylı Biləsuvar seçki dairəsindən seçilən deputat  Xanhüseyn Kazımlı da hələ bu barədə danışmağın tez olduğunu deyib. O, yaş həddinin namizədliyə aidiyyatının olmadığını nəzərə çatdırıb.
Göründüyü kimi, hər iki deputatın özlərində belə, növbəti seçkilərdə iştirak edib-etməyəcəkləri barədə əminlik yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA