«Bəzi beynəlxalq təşkilatlar Azərbaycanda çevriliş etmək üçün konsepsiya hazırlayıblar»

img

28-01-2015 [09:53]


Müsasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev müsahibə verib.

- Hafiz müəllim, parlament seçkilərinə rəsmən start verilməsə də, deyəsən, hazırlıqlara başlamısınız?

- Siyasi partiya hər zaman fəaliyyətdə olmalı və qarşıdan gələn seçkiyə hazırlaşmalıdır. Hazırda partiya strukturlarının gücləndirilməsi, ideoloji sahənin daha da təkmilləşdirilməsi işləri ilə məşğuluq. Bildiyiniz kimi, artıq ideoloji məsələlər üzrə müavin də təyin olunub və öz işinə başlayıb. Yəni, biz qarşıdan gələn parlament seçkilərində daha aktiv şəkildə iştirak etməyi planlaşdırırıq. Sadəcə olaraq, bu gün Azərbaycanda ictimai-siyasi vəziyyəti təhlil edib ona uyğun addımlar atmaq niyyətindəyik.

- Ümumiyyətlə, seçki ilə bağlı hansısa siyasi qüvvələrlə əməkdaşlıq etmək planlarınız varmı?

- Açığını deyim ki, bir neçə partiyanın nümayəndəsi bizə müraciət ediblər ki, əməkdaşlıq haqqında müqavilə imzalayaq. Amma biz hələ bu barədə partiyada müzakirə aparıb qərar verməmişik. Sözün düzü, biz ortada öz qüvvəmizlə mübarizə aparmaq istəyirik. Ancaq ya bu ayın axırı, ya da gələn ayın əvvəlində Siyasi Şuranın iclasında bu məsələyə geniş şəkildə münasibətimizi bildirəcəyik. Bilirsiniz ki, Azərbaycanda milli müxalifətin başında duran Müpasir Müsavat Partiyası öz çəkisi olan bir təşkilatdır və fəaliyyətimiz də çalışırq ki, ictimai-siyasi proseslərdə balansı tənzimləyə bilək.

- Belə çıxır ki, hansısa təhlükə var?

- Bəli, bu gün Azərbaycanda bəzi qüvvələr ölkənin maraqlarına zidd addımlar atmaq istəyirlər. Bu prosesdə xüsusən də Milli Şuradan istifadə edilmək planı var. Görünür, bizdə bəzi dairələrin başlarının altındakı yastıqlar qu tükündən olduğuna görə rayaht yatıblar və bu təhlükəni görmürlər. Büşünürəm ki, parlament seçkilərində bütün ağırlıq MMP-nin çiynində olacaq.

- Seçki bir rəqabətdir. Necə düşünürsünüz, budəfəki parlament seçkilərində rəqabət əsasən hansı qüvvələr arasında gedəcək?

- Ölkədə bəzi qüvvələr arasında anlaşma prosesi gedir. Hələlik mübarizə cəbhələri tam müəyyənləşməyib. Milli Şuranın dünənki iclasında məndə belə qənaət formalaşıb ki, onlar çox radikal mövqe sərgiləməyə hazırlaşırlar. YAP hakimiyyət partiyasıdır, ancaq Azərbaycanda radikal müxalifətlə mübarizə aparan yeganə siyasi təşkilat Müasir Müsavat Partiyasıdır. Biz bu yöndə üzərimizə çox ağır bir yük götürmüşük. Hesab edirəm ki, bü yükü çəkə biləcəyik. Artıq radikal qüvvələrlə mübarizə aparmaq zərurəti yaranıb. Biz heç kimə imkan verməyəcəyik ki, Qərbin, yaxud başqa dövlətlərin agentura şəbəkələri öz bildiklərini eləsinlər. Biz bu günə qədər böyük məhrumiyyətələ düçar olan partiyayıq. Heç kimə də imkan verə bilmərik ki, kimsə bizi aldadıb öz maraqlarına uyğun istiqamətləndirsin. Biz də hadisələrin gedişatını diqqətlə izləyib təhlil edirik. Düşünürəm ki, qarşıda bizi ciddi mübarizə gözləyir. Əgər parlament seçkilərində istəyimizə nail olmasaq, üzvlərimizə qarşı hər hansı bir saxtakarlıq olsa, mövqelərimizdə ciddi korrektələr edəcəyik.

- Son dövrlər radikal müxalifət düşərgəsində pərən-pərənlik var. Mili Şurada parçalanmalar var, Müsavatdaxili gərginliklər məlumdur. Belə bir şəraitdə bu düşərgənin seçkidə iştirakını necə görürsünüz?

- Mən qətiyyən inanmıram ki, seçkiyə gedib çıxsınlar. Amma məsələni bu qədər sadəlövhcəsinə yozmaq da olmaz. Desək ki, bunların hamısı ağılsız adamlardır, o da düz çıxmır, orda da müəyyən kitlər var. Müsavatı Qəmbərov İsa satdı. Amma Milli Şura can versə də, hələ durur. Kərimov Əlinin inadkarlığı bizə deməyə əsas verir ki, hadisələr başqa müstəvilərə də keçməsini düşünək. Milli Şuranın daxilində bizim dostlarımız var və onlarla daimi əlaqə saxlayırıq. Həm dünyada, həm regionda baş verən proseslər bizə rahat oturmağa əsas vermir. Ona görə də hər kəs hazır olmalıdır.

- Beynəlxalq təşkilatların Azərbaycanla bağlı tutduqları mövqe də birmənalı deyil. Bu baxımdan, hər hansı narahatlığınız varmı?

- Sizə açığını deyim ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycanda çevriliş etmək üçün konsepsiya hazırlayıblar. Milli Şura və digər radikal müxaliftə qüvvələrinə bu konsepsiyaları göndəriblər. Bizim satqınlar da buna uyğun planlar cızırlar. Milli Şuradan aldığımı məlumat bundan ibarətdir ki, artıq ölkədə aranı qarışdırmaq üçün plan cızılaraq, beynəlxalq təşkilatlara göndərilib. Fevralın sonu, martın əvvəlinə kimi maliyə məsələsi həll olunmalıdır ki, bunlar hərəkətə keçsinlər. Onların iş planında küçə yürüşləri, icazəsiz aksiyalar, çaxnaşma və s. nəzərdə tutulub. Özünüz də görürsünüz ki, Amerikadakı ermənipərəst qüvvələr də Azərbaycana qarşı hansı mövqedə dayınblar. Bütün bunları nəzərə almaq lazımdır. Biz Müasir Müsavat Partiyası olaraq, bu cür mənfur planlara qarşı əlimizdən gələni edəcəyik və imkan verməyəcəyik ki, mili və dövlət maraqlarımızı sarsıtsınlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA