Prezident İlham Əliyevin Almaniya səfəri - Şərh

img

23-01-2015 [19:20]


Azər Həsrət, [email protected]

Prezident İlham Əliyevin 20 Yanvar şəhidlərini ziyarətdən sonra Almaniyaya etdiyi 2 günlük səfər həm Qərbdə, həm də Azərbaycanın özündə ciddi şəkildə diqqət çəkən məqamlarla yadda qaldı.

Bu səfər və keçirilən görüşlər, Prezident Əliyevə yüksək diqqət və sayğının göstərilməsi bir daha təsdiq edir ki, Azərbaycanın rəhbəri heç də bəzi dairələrin iddia etdiyi kimi Qərbdə arzuolunmaz şəxs deyil. Əksinə, onu çox arzu edirlər və işbirliyinə yüksək önəm verirlər. Biz bunun belə olduğunu həm Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayerlə görüşdə, həm də kansler Angela Merkellə görüşdən sonrakı açıqlamalar zamanı müşahidə etdik.

Prezident Əliyev bütün bu görüşlərdə qətiyyətli, inamlı təsir bağışlayırdı. Bir qayda olaraq ikili görüşmələr zamanı çəkilən şəkillərdə və videogörüntülərdə cənab Prezidentin nəticələrdən razı qaldığı açıq-aydın seçilir.

Üstəlik o da hiss edilir ki, istər Ştaynmayer, istərsə də Merkellə görüşlər Azərbaycanın, təbii ki, eyni zamanda onun rəhbərinin mövqelərini bir qədər də möhkəmləndirib.

Angela Merkellə birlikdə keçirdikləri brifinqdə Prezident Əliyevə onun reytinqiylə bağlı ünvanlanan suala verdiyi cavab isə birmənalı şəkildə həqiqətdir və heç bir formada təkzib edilə bilməz.

Prezident Əliyev sualın cavabında bildirdi ki, onun rəhbərlik etdiyi dönəmdə Azərbaycan iqtisadiyyatı 3 dəfə yüksəlib, işsizlik və yoxsulluq 5 faiz həddinə qədər enib, ölkə rəqabət qabiliyyətinə görə 38-ci yerə yüksəlib.

Almaniya kimi dünya iqtisadi nəhəngi olan bir ölkədə bu rəqəmləri elan etməklə, əslində, o göstərmiş oldu ki, ölkəsi heç də iddia edildiyi kimi geridə sürünmür, əksinə, hətta bir sıra göstəricilərə görə Almaniya kimi bir ölkəylə belə ayaqlaşa bilər. Bu göstəriciləri Prezident Əliyev dilə gətirməsə də biz bilirik ki, elə Almaniyada da işsizlik həddi 5-6% civarındadır. Yoxsulluq həddinə gəlincə, indiki rəqəmlər olmasa da hələ 2012-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Almaniyada bunun 15,5%, Azərbaycanda isə 11% olduğunu bildirirdi. Yəni Azərbaycan 2012-ci ildə bu göstəriciyə görə, hətta Almaniyadan daha yaxşı durumdaydı.

Təbii ki, bu göstəricilərlə bərabər enerji daşıyıcılarıyla bağlı məsələlərdə Prezident Əliyevin qətiyyətli və sabit mövqe sərgiləməsi Almaniyanın ona rəğbətinin səbəbləri arasında ən öndə gəlir.

Merkelin jurnalistlərə açıqlamasında Azərbaycanın işğal edilmiş torpaqlarıyla bağlı məsələdə açıq mətnlə Rusiyanı Ermənistanla birlikdə qeyd etməsi isə, məncə, ən diqqət çəkən məqamdır. Hələ heç bir dünya lideri bu günədək bu qədər çılpaq şəkildə Ermənistan-Azərbaycan münaqişəsində Rusiyanın əsas rolunu qeyd etməmişdi. Merkelin bu hərəkətini də məhz Prezident Əliyevin uğurları sırasına yazmaq lazımdır. İki liderin bizə bəlli olmayan bağlı qapılar arxasındakı danışıqları Almaniya kanslerinin belə açıq və qətiyyətli bəyanat verməsinə səbəb olmuşdur. Deməli, Prezident Əliyev belə bir açıqlamaya səbəb ola biləcək yüksək peşəkarlıq nümayiş etdirmişdir.

Prezidentin Almaniya səfərini gözdən salmaq istəyənlər də boş durmadı. Amma onlar gecikmişdilər. Ənənəvi şəkildə hay-küy saldılar, bəyanatlar verdilər, Merkeli məcbur etmək istədilər ki, Azərbaycanda olmayan problemlərlə bağlı açıqlama versin. Amma o da illərin təcrübəsindən çıxış edərək bəzi Qərb siyasətçiləri kimi avantüraya getmədi. Burdan da belə nəticə çıxarmaq olar ki, Prezident Əliyev Kansler Merkeli maraqlandıran bütün suallara tutarlı cavab verə bilib.

Sonda onu da qeyd edim ki, Azərbaycan mediası bu səfərlə bağlı xəbəri vaxtında verə bilməməklə operativlik imtahanından kəsilmiş oldu. Ölkə mediası xəbəri yalnız səfər günü təqdim etdi. Halbuki mənim Twitter hesabımı diqqətlə izləsəydilər, artıq yanvarın 19-da xəbər tutardılar ki, Prezident Əliyev Almaniyaya səfər edəcək…

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA