Rusiyada həbs olunan azərbaycanlı deputatın ailəsi Rusiya rəhbərliyinə müraciət etdi

img

16-01-2015 [16:35]


Rusiyanın Komi Respublikasının azərbaycanlı icmasının lideri, Dövlət Şurasının deputatı, hazırda həbsdə olan Akif Sayadovun ailəsi bəyanatla çıxış edib.

Sayadovlar ailəsinin mia.az-ın verdiyi məlumata görə, onlar bəyanatlarında A.Sayadovun saxlandığı təcridxananın ağır vəziyyətindən narazılıq ediblər. Bildiriblər ki, ağır xərçəng xəstəsi olan A.Sayadovun həyatına hər an təhlükə var.

A.Sayadovun ailə üzvlərinin Rusiya İctimai Palatasına, Rusiya Dövlət Dumasına, Dumanın Komidən olan deputatı Olqa Nikolayevna Yepifanovaya, Federasiya Şurasının üzvü Valeri Vasilyeviç Jilinə və digər instansiyalara, o cümlədən hüquq müdafiəçilərinə ünvanladığı müraciətdə deyilir ki, ağır xəstə olan A.Sayadov həbsxanada işgəncələrə məruz qalır, bu isə ona həyatı bahasına başa gələ bilər.
Müraciətdə bildirilir: "Akif Sayadova kimya terapiyası seansları keçmək lazımdır, lakin bu müalicə seansları həbsxana şəraitində mümkün deyil. Buna görə də onun vəziyyəti getdikcə pisləşir. Təcridxana əməkdaşları onun xəstəliyinin diaqnozunun və həkim təyinatlarının yazıldığı bütün tibbi arayışlarını əlindən alıblar. Akif Sayadov Sıktıvkar təcridxanasından 1 saylı Kirov şəhər təcridxanasına köçürüləndən sonra da bu həyati vacib sənədləri ona qaytarmaqdan imtina ediblər. Tibbi yardımın göstərilməməsi onun ölümünü məqsədyönlü şəkildə, günbəgün yaxınlaşdırmaq deməkdir. Beləliklə, ondan cismən yaxa qurtarmağa çalışırlar.

Qeyd edək ki, "Uxtaneftqazgeologiya” ASC-nin baş direktoru Akif Sayadov ötən il oktyabrın 27-də həbs edilib. Azərbaycanlı oliqarx iqtisadi cinayətlərdə ittiham olunur və bu günədək də təcridxanada qeyri-insani şəraitdə saxlanılır. Ona qarşı irəli sürülən daha bir absurd ittiham isə guya Suriyada səfərdə olmasıdır. Halbuki o, bu ölkədə bircə dəfə də olmayıb.

A.Sayadov uzun illərdir Rusiyada yaşayır. O, əməkdar geoloq, Rusiyanın fəxri neftçisi, Kominin fəxri vətəndaşıdır. A.Sayadov Vladimir Putinin tərəfdarlarındadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA