“Azərbaycanın Moskvaya doğru yön alması Türkiyənin təsiri ilə baş verir”

img

15-01-2015 [20:35]


Yanvarın 15-də onlarla Ermənistan vətəndaşı prezident Serj Sərkisyanın iqamətgahının qarşısına toplaşaraq Avetisyan ailəsini qətlə yetirən Valeri Permyakovun mühakimə edilməsi tələbləri ilə çıxış ediblər. Ermənistan mediası yazır ki, aksiya Avetisyanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Aksiyaya toplaşanlar bildiriblər ki, qətli törədən Rusiya hərbçisi Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməli, onun məhkəməsi Ermənistanda olmalıdır. Etirazçılar bildiriblər ki, rus xalqına qarşı heç bir iddiaları olmadığı üçün Rusiya səfirliyi qarşısında deyil, Ermənistan Prezident Administrasiyası qarşısına toplanıblar. 

Yada salaq ki, yanvarın 12-də Gümrüdə Avetisyan ailəsinin 6 üzvü qətlə yetirilib. Öldürülənlərdən biri azyaşlı qızdır. Qətldə əsas şübhəli Rusiya hərbçisi Valeriy Permyakovdur. İlkin qərara görə, Permyakov Rusiyada mühakimə olunacaq. İndi şübhəli şəxs Rusiyanın Ermənistandakı hərbi bazasındadır.

Bir sıra ekspertlər bildirir ki, Rusiya hərbçisinin törətdiyi bu qətl iki ölkə arasında uzun illərdir davam edən isti münasibətləri son dərəcə gərginləşdirəcək. Rusiyanın Valeriy Permyakovu ciddi şəkildə müdafiə etməsi Ermənistanda antirusiya meyllərini gücləndirib. Analitiklərin fikrincə, Güney Qafqazda özünə ən yaxın olan ölkəni – Ermənistanı indiyə qədər olduğu kimi bundan sonra da tam nəzarətində saxlamaq üçün Kreml ciddi addımlar ata bilər. Bu sırada Ermənistandakı hərbi bazaların gücləndirilməsi versiyası da var. 

Yaranan durumu "Yeni Müsavat”a şərh edən "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, proses bir sıra gözlənilməz nəticələrə gətirib çıxara bilər: "Rusiya-Ermənistan münasibətləri haqqında istər mediada, istərsə də cəmiyyətdə yanlış təsəvvürlər var. Hər kəs hesab edir ki, Ermənistanın indiki hakimiyyəti Rusiyanın marionetidir. Qətiyyən belə deyil. Əgər belə olsaydı, Kreml xüsusi canfəşanlıqla Ermənistan müxalifətini birləşdirərək rəsmi İrəvanı daim qorxu və təhdid altında saxlamazdı. Uzun illər Ermənistanın siyasi səhnəsində olan siyasi qüvvələr artıq yönlərini müəyyən qədər dəyişib. Məsələn, təxminən 2 il öncə Erməni Ümummilli Hərəkatı bir zaman əks mövqedə durduğu "Çiçəklənən Ermənistan”la birləşib və vahid erməni müxalifəti yaranıb. Düzdü, birləşmiş müxalifət seçkiyə getməyə cəsarət etmədi. Hakimiyyət də bu durumdan istifadə edərək fərqli bir qüvvəni seçkidə müxalifət kimi təqdim etdi, onun namizədinə 30 faizdən yuxarı səs "yazdı”. Ancaq Ermənistan cəmiyyəti baş verənlərin fərqindədir. Aydındır ki, burada məqsəd cəmiyyətdə birləşmiş müxalifətin əsas müxalif qüvvə obrazının üzərinə kölgə salmaq idi. Birləşmiş müxalif hərəkata gəlincə, o, Rusiyanın nəzarətində olan qüvvədir. Hərəkatda təmsil olunan eks-prezident Levon Ter-Petrosyanın həmin zamanlardan ritorikasını kəskin şəkildə dəyişib, o artıq Rusiyanın xeyrinə bəyanatlar, açıqlamalar verməyə başlayıb. Rusiya Ermənistan siyasətini Levon Ter-Petrostan vasitəsilə rəsmi İrəvana basqı göstərməklə həyata keçirməyə başlayıb və buna da nail olur. Bir müddətdir Ermənistanda Serj Sərkisyan iqtidarının Qərblə gizli, ya da yarıgizli danışıqlar aparmağa başlaması haqqında xəbərlər yayılıb. Bu barədə Rusiya mediası yazır, Ermənistanda da bu haqda çox müzakirələr aparır. Bu xəbərlərdə həqiqət payı varsa, demək, Ermənistanda yeni siyasi situasiya yaranır”.

Ərəstun Oruclu düşünür ki, Ermənistanın Rusiyadan ayrılmaq cəhdi başa düşüləndir. Rusiyanın Qafqazdakı əlaltısı olan Ermənistan özünü dünyaya çıxışdan məhrum edib. Azərbaycanla münaqişə onun Türkiyə qapılarını da bağlayıb. Hansı tərəfə manevr etmək istəsə də İrəban Kremllə qarşılaşır. Erməni ictimaiyyətinin ciddi bir kəısimi düşünür ki, artıq Kremllə sərhədlərə yenidən baxmaq gərəkdir: "Məsələ burasındadır ki, Rusiya Ermənstanla müttəfiqlikdən heç nə əldə etməyib. Bir tərəfdən Ermənistan təcrid durumuna düşüb, digər tərəfdən Rusiya Ermənistanı inkişafdan saxlayır. Üçüncü bir tərəfdən Rusiya Ermənistan-Azəbaycan münaqişəsinin həllinə bütün vasitələrlə mane olur və beləliklə də həmin münaqişəni təkcə Azərbaycana qarşı deyil, həm də Ermənistanın özünə qarşı istifadə edir. Bunu nəzərə alan Sərkisyan hökuməti Rusiyanın indiki zəifləməsindən yararlanaraq Qərblə danışıqlara maraq göstərir. Bu danışıqlar Qərbin  də maraqlarına uyğundur”. 

Bu proses Ermənistanın zaman keçdikcə Rusiyadan uzaqlaşmasını gerçəyə çevirə bilərmi? Ermənistan Türkiyəyə meyllənməklə Qərbə yaxınlaşma prosesini sürətləndirə bilərmi? Bu suallara cavabında ekspert bildirir ki, Türkiyə-Ermənistan yaxınlaşması yaxın perspektiv olmasa da Qərblə Ermənistan yaxınlaşması Rusiyanın təhdidlərinə baxmayaraq müəyyən mənada mümkün ola bilər:"İndi bölgədəki geosiyasi durum yetərincə mürəkkəbdir. Rusiya ilə Türkiyə ən azı bu gün rəqib kimi görünmürlər. Əvvəlki konfiqurasiya yoxdur. Qabaqlar birmənalı olaraq Türkiyə NATO ölkəsi, Qərbin bir parçası, Rusiya isə Qərbin rəqibi kimi görünürdü. İndi isə əksinə, bu iki ölkə arasında yaxınlaşma, razılaşdırılmış siyasətin həyata keçirilməsi görünür. Bu gün Azərbaycanın da Rusiya doğru yön alması Türkiyənin təsiri ilə baş verir. Şübhəsiz, Rusiyanın da prosesə birbaşa təsiri var. Görünür, Ərdoğan iqtidarı bununla bağlı təbliğatla məşğuldur. Fikir verirsinizsə, Azərbaycan-ABŞ münasibətləri getdikcə gərginləşib və gərginlik durmadan artır. Təminatı olmasaydı rəsmi Bakı Vaşinqtonla münasibətləri korlamazdı. Bu təminatı da Azərbayana yalnız Türkiyə verə bilər. Əgər Türkiyə ilə Rusiya arasında yaxın iqtisadi münasibətlər qurulsa – siyasi yaxınlaşma sona qədər mümkün deyil – Ermənistanın Türkiyəyə ilə isti münasibətlər qura biləcəyi yaxın gələcəyin işi deyil. Ermənistan təbii, Qərbə can atacaq, mənim fikrimcə, atır. Bu ölkənin Qərbdə dəstəyi həm Rusiyadakı, həm də Türkiyədəki dəstəyindən daha çoxdur. Fransada, digər Avropa ölkələrində, eləcə də ABŞ-da erməni diasporu üzvlərinin sayı Ermənistan əhalisinin sayından azı 2,5 dəfə çoxdur. Diaspor üzvləri öz cəmiyyətlərində passiv mövqelərdə deyillər. Aydındır ki, Serj Sərkisyan məhz həmin kanaldan istifadə edərək Qərblə münasibətlər qura, ən azı buna cəhd edə bilər. Belə olan halda aydındır ki, Rusiya Ermənistana yenidən basqılara başlayacaq. Bu basqılar da artıq özünü göstərməyə başlayıb”. 

Ekspert dediklərinə Gümrüdə erməni ailəsinin amansızlıqla qətlə yetirilməsi faktını misal gətirir. Onun sözlərinə görə, yaşananların məqsədli və planlı qətl olma ehtimalı çox yüksəkdir: "Gümrüdə yaşananlar birmənalı olmasa da buna nümunə sayıla bilər. Anlaşılan deyil ki, bu əsgərin xüsusi qəddarlıqla körpə uşağa qədər bütün ailəni qətlə yetirməsinin səbəbi nə idi. Rusiya açıq şəkildə həmin hərbçini himayə edir. Digər tərəfdən Ermənistan cəmiyyətindəki reaksiyalar da çox maraqlıdır. Detallardan birinə diqqət yetirək – Ermənistanın bayaq haqqında danışdığımız birləşmiş müxalifəti faktiki olaraq bu qətllə bağlı heç bir aksiya keçirmədilər. Faktiki olaraq Ermənistanda bu məsələ ilə bağlı kortəbii xalq etirazları oldu. Əlbəttə buna hakimiyyətin özü şərait yaradırdı. Artıq bu faktın özü göstərir ki, bu, heç də sıradan qətl deyil. 

Baş verənlər Rusiya ilə Ermənistan arasında münasibətlərin gərginləşdirilməsinə yönəlik addım təsiri bağışlayır. Sərkisyan hökuməti yaranan gərginliyi yumşaltmaq üçün müəyyən addımlar ata bilərdi, ancaq buna getmədi. Əksinə, Ermənistan hökuməti, o sıradan hüquq-mühafizə orqanları həmin əsgərin İrəvana təhvil verilməsini istədi. Düşünürəm ki, bu qətl hətta təsadüfi olsa belə onun ətrafında müəyyən diplomatik gərginlik nəzərə çarpır”.

Ermənistanın Rusiyadan uzaqlaşaraq Qərblə münasibətlərini dərinləşdirməsinin Ermənistan-Azərbaycan konfliktinə təsirinə gəlincə, Ərəstun Oruclu deyir ki, bu halda Rusiya Qarabağda durumu gərginləşdirə bilər:"Belə bir yaxınlaşma baş versə, Rusiya, Azərbaycanın xeyrinə hərbi əməliyyatların keçirilməsinə şərait yarada bilər. Məsələn, bir neçə rayonun azad edilməsinə şərait yarada, bununla da Serj Sərkistyan iqtidarının devrilməsinə nail ola bilər. Bu, mümkün versiyalar içərisində daha inandırıcı görünən variantdır. Ancaq Azərbaycanın Qarabağı tamamilə işğaldan tam azad etməsi mümkün olan məsələ deyil – Rusiya heç zaman buna imkan verməyəcək. Bu mümkün deyil. Rusiya sadəcə 2-3 rayonu Azərbaycana güzəştə getməklə Azərbaycanı öz qarmağına keçirməyə çalışacaq. Bu yol isə Azərbaycana müəyyən risklər yaradır. Qərb bu halda Azərbaycana basqıları artıracaq”.

Aygün Muradxanlı,
Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA