Deputatlar və QHT-lər ABŞ-a qarşı toplandı - FOTO

img

15-01-2015 [14:36]


Bu gün Bakıda QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə son vaxtlar gərgin fazaya daxil olan Amerika-Azərbaycan münasibətlərinə həsr olunan dinləmələr başlayıb. 


"Qafqazinfo” xəbər verir ki, tədbiri giriş sözü ilə açan QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Azərbaycanın yürütdüyü siyasətin daim milli maraqlara xidmət etdiyini və bu maraqları qorumaq üçün öz fəaliyyətini davam etdirəcəyini vurğulayıb: "Son günlər, son aylar ABŞ-da bir sıra dövlət qurumları, dövlət institutları Azərbaycanla bağlı qərəzli, həqiqəti əks etdirməyən bəyanatlar səsləndirirlər. Bunlar ABŞ-ın Azərbaycanla strateji əməkdaşlığını əks etdirməyən bəyanatlardır. Qeyri-hökumət təşkilatları tərəfindən bizə müraciətlər daxil oldu və biz də qərara gəldik ki, belə dinləmələr keçirək və görək ABŞ-da insan haqları nə vəziyyətdədir, Azərbaycanla bağlı belə bəyanatlar səsləndirməyin hansı əsasları var? 

ABŞ-da irqi və dini zəmində insan haqları pozulur. Bir halda da ki, Quantanamo həbsxanası fəaliyyət göstərir, Ferqussonda insan haqları pozulur, nə üçün ABŞ-ın beyin mərkəzləri Azərbaycanı hədəf seçirlər?"

Onun sözlərinə görə, Azərbaycan strateji tərəfdaş kimi bütün öhdəlikləri yerinə yetirib: "Ermənistan Avrasiya İttifaqına üzvlüklə bağlı strateji qərar qəbul etdi, ABŞ-da buna etiraz oldu? ABŞ-ın keçmiş diplomatlarının dili ilə Azərbaycana mesajlar verməyə çalışırlar. Kozlariç, Kramen kimi keçmiş diplomatlar Azərbaycana açıq şəkildə çağırışlar edirlər. Onlar keçmiş diplomatlar olaraq öz tərəflərindən mesajlar verə bilməzlər”.

A.Quliyev əlavə edib ki, ABŞ rəsmiləri Venesiya Konvensiyasını ciddi şəkildə pozaraq Azərbaycana qarşı çağırışlar edirlər: "Hesab edirəm ki, belə dövlət rəsmiləri Azərbaycana qarşı özbaşına bu cür qərəzli bəyanatlar səsləndirə bilməzlər".

Tədbirdə çıxış edən millət vəkili Zahid Oruc Amerikada milli, irqi dini ayrıseçkiliyə dair tezislə çıxış edib. Bildirib ki, bu gün Amerika- Azərbaycan münasibətlərini dəstəkləyən insanlar bir sıra məsələlərdə xəyal qırıqlığı yaşayır: "Bu Azərbaycanın öz xarici, geosiyasi siyasətini dəyişməsi deyil. Bir vaxtlar Tomas Cefferson da insanların qanun qarşısında bərabər olduğuna dair qanun hazırlayanda özünün 200 qulu var idi. Qarışıq nigahlara 87-ci ildə, səs vermə hüququ isə 68 ci ildə icazə verildi. Lakin bu o demək deyil ki, onlar cəmiyyətdə dövlət idarəçiliyində təsir dairəsinə malik oldular. İstər təhsilə əlçatanlıq, sosial durumun vəziyyəti baxımından digər irqin daşıyıcıları üçün bu həmişə ağır oldu.

ABŞ-da bu gün də təhsildə ağ dərili irqin daşıyıcılarının motivasiyası daha yüksəkdir. Bu gün ABŞ- da dərsliklərin böyük hissəsi qaradərililərin əleyhinə yönələn tezislər üzərində qurulub. Bu ölkədə hələ də hesab edirlər ki, qaradərililər Darvin nəzəriyyəsinin məhsullarıdır. Obamanın rəngi belə ölkədəki irqi ayrıseçkiliyi aradan qaldırmayıb”.

Tədbirdə çıxış edən politoloq Elman Nəsirov isə bildirib ki, hazırda ABŞ dünya ölkələrinə səfir göndərmək üçün müəyyən məbləğ təyin edib: "Amerikalı tədqiqatçılar araşdırıblar ki, ən bahalı səfir yerləri Fransa və Monakodadır. Ora səfir getmək üçün 6 milyon rüşvət ödəmək lazımdır”.

***

Millət vəkili Qüdrət Həsənquliyev isə Azadlıq Radiosu haqda danışıb. Onun sözlərinə görə, çoxları elə hesab edir ki, Azadlıq radiosu həmişə azad mətbuat olub: "Əslində isə o həmişə yuxarıdan idarə edilib. ABŞ hər zaman jurnalistikadan öz ideologiyasının təbliğatını aparmaq üçün istifadə edib.

ABŞ-ın Azərbaycana qarşı münasibətinin dəyişməsinin kökü 2009- cu ilə dayanır. O zaman Barak Obama ilə Hillari Klinton prezident İlham Əliyevi İstanbula dəvət etdi və prezident dəvətdən imtina etdi. İlham Əliyev aradakı pərdənin götürülməsini istəmədi. Bu səbəbdən getmədi. Çünki ABŞ bu görüşdə prezidentimizi Türkiyə-Ermənistan sərhədlərinin açılması və Dağlıq Qarabağ məsələsində güzəştə getməyə razı salmağa çalışacaqdı”.

Q. Həsənquliyev deyib ki, ABŞ Azərbaycana təzyiqlər etməyə çalışır: "ABŞ Azərbaycandan siyasi məhbusların azad edilməsini istəyir. Mən o zaman İlham Əliyevin İstanbula getməməsini dəstəkləmişəm. Lakin 4-5 nəfərin həbsdə saxlanılması və buna görə böyük dövlətlər, təşkilatlarla Azərbaycanın üz-üzə gəlməsini istəmirəm”.

***
Millət vəkili Asim Mollazadə qeyd edib ki, ABŞ-ın Azərbaycana qarşı siyasəti dəyişib: "Bu dəyişiklik ölkədə "907”-ci düzəlişin müəllifləri hakimiyyətə gətirildikdən sonra yarandı. Əsas məqsəd ermənilərin diqtə etdiklərini həyata keçirməkdir. Bu cür dinləmələr tək ölkəmizdə deyil, ABŞ-da, Avropa ölkələrində də keçirilməlidir. Azərbaycanlılar özlərini müdafiə etməyi bacarmalıdırlar. Bu gün Kaliforniya ştatında azərbaycanlıların iştirakı ilə hər hansı tədbir keçiriləndə ora 300-400 erməni plakatlarla gəlir. Fransa senatında Mirvari xanım ermənilər tərəfindən döyüldü, lakin indiyə qədər heç bir təşəbbüs göstərməmişik, hər hansı hüquqi proseslər görülmədi”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA