Gürcüstan azərbaycanlılarına güzəşt ediləcək? - Zəlimxan Məmmədli

img

14-01-2015 [22:54]


Azərbaycan təkcə bu gün Azərbaycanda yaşayanların yox, həm də dünyaya səpələnən 50-60 milyon azərbaycanlının vətənidir. Azərbaycanın xaricdə yaşayan soydaşlarımızla bağlı güzəştlər tətbiq etməsi ilə bağlı dəfələrlə təkliflər səsləndirilib. Bu güzəştlərin daha çox Gürcüstan vətəndaşı olan azərbaycanlılar üçün zəruri olduğu vurğulanır. 

Belə ki, Azərbaycanda müxtəlif imtiyazların tətbiq olunması təklif edilir. Çünki respublikamızda miqrasiya ilə bağlı qanunvericiliyə edilən dəyişikliklərdən sonra Borçalıda yaşayan azərbaycanlılar müəyyən problemlərlə qarşılaşır. Hər bir Borçalı sakinini bu və ya digər dərəcədə Azərbaycanla birbaşa bağlıdır. Bir ananın bir övladı Borçalıda yaşayırsa, digəri Azərbaycanda yaşayır. Onların xeyir-şər məsələləri var ki, bu insanlar bir-birinə dəstək olmalıdırlar. Bu amillləri nəzərə alan Milli Məclisin deputatı Fərəc Quliyev də parlamentinin yaz sessiyasında əcnəbi vaətəndaşlarla Gürcüstan vətəndaşı olan azərbaycanlılar arasında müəyyən fərqlərin qoyulması ilə bağlı təkliflə çıxış edəcəyini bildirib. 

"Trend”ə açıqlama verən deputatın sözlərinə görə, bu güzəştlər  "Vətəndaşlıq haqqında” qanuna dəyişiklik kimi və ya ayrıca qanun kimi də qəbul oluna bilər: 

«Azərbaycanda ikili vətəndaşlıq yoxdur, ancaq biz çalışıb həmvətənlərimizlə bağlı elə bir müddəa nəzərdə tutmalıyıq ki, miqrasiya qanunvericiliyində digər əcnəbilərlə Gürcüstanda yaşayan azərbaycanlılar arasında bir fərq olsun. Yəni yaşamaq, işləmək, əmlak, iş qurmaqla bağlı əlavə imtiyazlar olsun. Bu imtiyazlar ikili vətəndaşlığı əhatə edəcək çərçivədə olmalıdır. Gürcüstan vətəndaşı olan çoxlu sayda soydaşımız Azərbaycana gəlir, burada işləyir. Hesab edirəm ki, bu güzəşti etməklə onlara xeyli kömək etmiş olarıq».

"Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza münasibətdə müəyyən güzəştlərin olmasını zəruri sayır: «Bizim cəmiyyət bununla bağlı «Soydaşlar» haqqında qanunun qəbulunu təklif edir. Çünki Azərbaycan bir dövlət olaraq dünyaya səpələnən, o cümlədən yaxın ətrafda kompakt yaşayan soydaşlarımıza qarşı imtiyazlı münasibət tətbiq etməlidir. Təklif etdiyimiz qanunda da bu məqamlar nəzərə alınıb. Qanun layihəsi uzun müddət əvvəl verilsə də, fərqli bir qanun layihəsi qəbul olundu. Amma artıq dünya təcrübəsində oxşar qanunlar var. Gürcüstanda «Soydaşlar» haqqında qanun qəbul olundu. Həmin qanuna görə, dünyaya səpələnən gürcülərə ikili  vətəndaşlıq verildi. Onlara da ölkə vətəndaşları ilə bərabər şəkildə daşınmaz əmlak almaq, ölkəyə rahat gəlib-getməklə bağlı hüquqlar verildi. Həmin insanlar seçki hüququndan başqa Gürcüstan vətəndaşların malik olduqları bütün hüquqlardan yararlana bilərlər. 

Mənə elə gəlir ki, Azərbaycan da belə bir qanun üzərində işləsə, yaxşı olardı. Bu halda təkcə Gürcüstanda deyil, həm də cənubda yaşayan, Dərbənddə, o cümlədən dünyanın digər ölkələrində yaşayan azərbaycanlıların ölkəmizlə bağlılığını sübut edən bir sənədi varsa, onlar «soydaş» statusu ala bilər. Həmin şəxs bundan  sonra vizasız ölkəmizə gəliş-gediş hüququ əldə edir, miqrant kimi qeydiyyat prosedurundan azad olur, əmək bazarına girə bilir, əmlak əldə etmək hüququ qazanır. Amma təkcə Borçalı azərbaycanlıları ilə bağlı ayrıca qanun olsa, bu Güney Azərbaycan və Dərbənddə yaşayan azərbaycanlıları incidə bilər».

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA