Akif Əlizadə mətbuat konfransı keçirdi

img

14-01-2015 [17:18]


Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin mətbuat konfransı keçirildi. Rəyasət Heyətində təşkil olunmuş tədbirdə KİV nümayəndələrinə 2014-cü ildə Akademiyada həyata keçirilən layihələr və aparılan islahatların nəticələri təqdim olundu. 

AMEA-dan Mia.az-a verilən məlumata görə, AMEA-nın rəhbəri ötən ildə Akademiyanın müxtəlif istiqamətlərində həyata keçirilmiş islahatlardan, innovativ xarakterli elmi-tədqiqat işlərinin genişləndirilməsi, multidisiplinar tədqiqatlara üstünlük verilməsi, elm və təhsilin inteqrasiyası, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması, onlara qayğı ilə yanaşılması və dünyanın aparıcı elmi müəssisələri ilə əlaqələrin qurulmasından, eləcə də Azərbaycan elminin dünyaya inteqrasiyasından  danışdı.
     
Akademiyada aparılan islahatları sürətləndirmək, elmi müəssisələr arasındakı əlaqələri gücləndirmək, tədqiqat işlərinin səmərəli mexanizmlər üzərində qurulmasını təmin etmək və müəssisələr üçün aktual olan məsələlərin daha geniş müzakirəsinə nail olmaq məqsədi ilə qurumun elmi müəssisələrinin strukturunda dəyişikliklər olunduğu bildirildi.

 Xüsusilə son zamanlar kadr hazırlığında gənclərə böyük önəm verildiyini, yüksəkixtisaslı gənc alim və mütəxəssislərin yetişdirildiyini deyən Akif Əlizadə onlara ayrılan diqqət və qayğıdan, alimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində bir çox layihələrin əsasının qoyulması, o cümlədən "Alimlər şəhərciyi"ndən danışdı. Gənc alimlərin elmi fəaliyyətlərinin təkmilləşdirilməsi məqsədilə doktorantura və ixtisasartırma təhsili alması üçün dünyanın aparıcı elmi mərkəzlərinə göndərilməsi, bir çox beynəlxalq layihələrə qoşulmasının təmin edilməsi, AMEA-da çalışan gənclərin fəaliyyətini stimullaşdırmağa, elmi potensialını artırmağa, təkliflərini dəyərləndirməyə xidmət edən Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı və təşəbbüsü ilə bir çox əhəmiyyətli tədbirlərin həyata keçirilməsi də ötən ilin icra olunan uğurlu vəzifələri kimi vurğulandı.

Elmin inkişafını dəstəkləyən fərman və sərəncamların icra vəziyyəti ilə bağlı məlumat verən akademik A.Əlizadə dekabr ayında AR Prezidenti tərəfindən təsdiq olunmuş AMEA-nın yeni nizamnaməsi və "Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası”nı xatırlatdı. Akademik AMEA-nın ümumi yığıncağında qəbul edilmiş hər iki sənədin elmi fəaliyyət sahəsində normativ-hüquqi bazanın gücləndirilməsi, elmi fəaliyyətin yeni əsaslarla təşkili, tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması və elmi infrastrukturun müasirləşdirilməsi istiqamətində əhə­miy­yətli addım kimi qiymətləndirdi. Bildirdi ki, "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasındakı məqsəd və vəzifələrdən irəli gələn bu konsepsiyada elmin inkişafının dövlətin vacib vəzifələrindən biri kimi müəyyən edilməsi, elmi tədqiqat müəssisələrində və ali məktəblərdə həyata keçirilən tədqiqatların vahid mərkəzdən idarə olunması, regionlarda elmi tədqiqat müəssisələrinin fəaliyyətinin gücləndirilməsi, texnoparklar şəbəkəsinin genişləndirilməsi kimi mühüm məsələlər öz əksini tapır.

Sonra akademik AMEA üzvlüyünə keçirilən seçkilərdən danışdı. İstər hüquqi, istərsə də texniki baxımdan seçkilərin müasir tələblərə uyğun aparıldığını, seçki pro­sesinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi və seçki komis­si­ya­la­rı­nın işinin təkmilləşdirilməsi üçün bir sıra innovativ tədbirlər görüldüyünü xatırladan AMEA rəhbəri səsvermənin nəticələrinin kadr potensialının güclənməsi, xüsusən son dövrlər müşahidə olunan elmdə qocalma tendensiyasının aradan qalxması və gələcəkdə kadrların gəncləşməsində mühüm rol oynayacağına əminliyini ifadə etdi. Akademiyanın üzvlüyünə keçirilən seçkilər nəticəsində 26 həqiqi və 50 müxbir üzv seçildiyini dedi.

Aparılan elmi-tədqiqatların, əldə olunan innovativ nəticələrin həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırılmasını, yeniliklərin istehsalatda tətbiqini əsas hədəflərdən hesab edən A.Əlizadə 2014-cü ildə bununla bağlı keçirilən səmərəli görüşlərə də toxundu. Belə ki, "Daşkəsən alunit filizinin yeni üsulla emalı” layihəsi çərçivəsində "DetAl Holding” şirkətinin rəhbərliyi ilə əməkdaşlıq haqqında sazişin imzalanması, "Azərbaycan Polad İstehsalı Kompleksi” QSC ilə elmi-innovativ yeniliklərin metallurgiya sənayesinə tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edən əməkdaşlığa dair memorandum imzalanması, həmçinin Akademiyanın brendi olan "Solidol”, "Niqrol” sürtgü yağları və digər məhsulların Təcrübə-Sənaye Zavodunda istehsalı və qablaşdırılması elmi-innovasiya potensialı sahəsində böyük əhəmiyyətə malikdir.

Ölkələrin elmlər akademiyaları ilə müxtəlif istiqamətlərdə əsası qoyulan əməkdaşlıqlar baxımından da əlverişli il olaraq yadda qaldığını deyən akademik həmin qurumlarla əlaqələrin inkişaf perspektivlərindən danışdı. Qeyd olundu ki, Moldova Elmlər Akademiyasının prezidenti, akademik Georgi Duka, Rusiya Təbiət Elmləri Akademiyasının prezidenti, akademik Oleq Kuznetsov, Bolqarıstan Elmlər Akademiyasının prezidenti, akademik Stefan Vodeniçarov, eləcə də neft geologiyasının tədqiqinə yönəlmiş Norveç Krallığının ölkəmizdəki səfiri Bard İvar Svendson və "Statoil-Azərbaycan” şirkətinin prezidenti Tangi Kosmao ilə görüşdə qarşılıqlı əməkdaşlıq şəraitində birgə tədqiqatlara başlanılması müzakirə edilib. Həmçinin A.Əlizadənin qazaxıstanlı həmkarı – Türk Akademiyasının prezidenti, akademik Darxan Kıdıralı, Latviya Elmlər Akademiyasının prezidenti, akademik Oyars Sparitislə memorandum imzalanması, bir sıra beynəlxalq elm mərkəzləri ilə razılaşmalar əsasında 5 beynəlxalq laboratoriyaların yaradılması da öz növbəsində ölkə alimlərinin beynəlxalq araşdırma mərkəzləri və qurumlarla birgə kompleks tədqiqatlar aparılması elmi və praktik cəhətdən vacib hesab edilir.

      AMEA-nın prezidenti, akademik Akif Əlizadə Serbiya Elmlər və İncəsənət Akademiyasının (SANU) prezidenti, akademik Nikola Xaydinin dəvəti əsasında Serbiyaya səfərindən söz açdı, nümayəndə heyətlərinin iştirakçılarının geniş tərkibli iclası zamanı AMEA ilə SANU arasında əməkdaşlıq haqqında saziş və buna əlavə protokol imzalandığını vurğuladı.

      AMEA-nın Mərkəzi Elmi Kitabxana və "Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binalarının açılışı, yeni institutların yaradılması, Akademiyanın Təhsil Nazirliyi ilə birgə Bakı və Sumqayıt məktəblilərinin Kimya üzrə Dünya Olimpiadasının 2015-ci ildə ölkəmizdə keçirilməsi, "Göytəpə Arxeoloji Parkı”nın yaradılması ilə bağlı ilkin layihələndirmə işlərinin təqdimatı, AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərin keçirilməsi mətbuat konfransında xüsusi önəm verilən məsələlərdən oldu.
      Eyni zamanda regionlarda elmin kütləvi təbliği və populyarlaşdırılmasına yönəldilmiş bir sıra uğurlu layihələrə start verilməsi, fərqlənən alimlərin AMEA-nın adlı mükafatlarına layiq görülməsi, alimlərin sosial müdafiəsi, Akademiyada magistratura təhsilinin təşkili, ölkə alimlərinin mühüm tədqiqatlarının xaricdə tanınması və beynəlxalq tədbirlərdə təşkilatçı yaxud iştirakçı qismində çıxış etməsi Akademiyanın uğurlu siyasətinin göstəricisidir.

AMEA-nın yaradılmasının 70 illiyinə hazırlıq işlərindən söhbət açan akademik ölkə rəhbərinin AMEA-nın 70 illik yubileyi ilə bağlı Sərəncam imzaladığını və "Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi"nin Tədbirlər planının təsdiq edildiyini söylədi. A.Əlizadə Cənubi Qafqazda ilk dəfə keçirilən "Bakı Elm Festivalı-2014"ün və respublika üzrə dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarında elmi fəaliyyətlə məşğul olan müəssisələrin səlahiyyətli nümayəndələrini bir araya gətirən Azərbaycan alimlərinin I Qurultayının ötən ilin ən mötəbər tədbirləri kimi yaddaşlara yazıldığını qeyd etdi.

Mətbuat konfransında elmimizin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə tanıtmağı və gəncləri elmə cəlb etməyi əsas hədəf seçən "Bakı Elm Festivalı-2014"ün Azərbaycan elminin inkişafı və əldə olunan nailiyyətlərin təbliğinə böyük bir töhfə verməsi, elmin populyarlaşdırılmasına xidmət etməsi, eləcə də Akademiyanın bütün elmi müəssisə və təşkilatlarının həmin tədbirdə yüksək səviyyədə iştirak etməsi nəzərə çatdırıldı.

Daha sonra alimlərin müasir zamanın çağırışlarından, ölkəmizin sosial-iqtisadi və mədəni-mənəvi inkişafından irəli gələn vəzifələrin müəyyənləşdirilməsində, həmçinin elm sahəsindəki mövcud problemlərin həllində alimlərimizin həmrəylik nümayiş etdirərək qarşıya qoyulan vəzifələrin reallaşmasına xidmət edən Azərbaycan alimlərinin I Qurultayı ilin ən yaddaqalan tədbiri kimi KİV nümayəndələrinin diqqətinə çatdırdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA