“Boşanmış qadına “intim obyekt” kimi baxırlar” - Lalə Məmmədova

img

14-01-2015 [12:20]


Ailəm.az-ın "Qadın...” rubrikasında tanınmış azərbaycanlı qadınların qadınlar haqda fikirlərini dərc edirik. Qonağımız əməkdar artist Lalə Məmmədovadır.


1. Xoşbəxt qadın - əks cins tərəfindən səmimi sevildiyini bilən, övladlarının varlığını hiss edən, bəzən bir çiçəklə sevinə bilən insandır.

2. Qadının ən çox güvənə, sevgiyə, anlayışa, hörmətə, diqqətə ehtiyacı var.

3. Karyera qurmaq qadınlar üçün kişilərdən iki qat daha çətindir. Çünki qadın karyera ilə yanaşı, həm də ailəyə və uşağa diqqət ayırmalıdır. Bütün bunları eyni zamanda idarə etmək ilk növbədə məsuliyyətdir. Düzdür, bir çox kişilər üçün qadının karyera qurması qorxuludur. Xüsusilə Azərbaycan kişiləri nədənsə qadınlarını yalnız mətbəxdə iş başında görürlər, qadının lider olması onlar üçün təhlükəlidir. Düşünürlər ki, qadın karyera qurarsa, artıq kişidən bir pillə üstün sayılır və bu, qəbuledilməzdir. Qadın əslində karyera qurub işləməklə ilk növbədə ailəsinə iqtisadi cəhətdən kömək etmiş olur. Qadın karyera qurmaqla bir fərd kimi özünü reallaşdırır, özünə inamı artır.

4. Qadın da kişi də canlı varlıqlardır. Heç biri səhv etməkdən sığortalanmayıblar. Məncə, həyatda bağışlanılmaz heç nə yoxdur. "Kişilərə olar, qadınlara yox” kimi deyimləri anlamıram. Günah da, səhv də insan üçün yaranıb, ayrı-seçkiliklə razı deyiləm.

5. Azərbaycan qadını fədakarlığı ilə seçilir. Onun ən böyük arzusu övladlarını yerbəyer etmək, nəvə-nəticə görməkdir. Bütün bunların həyata keçməsi üçün o, hər şeydən qiymətli olan həyatını sərf etməyə hazırdır.

6. Məncə, ən güclü qadın – müdrik qadın sayılır. Gözəlliyi ilə ağlını tam tarazlığından qarşı tərəfə ötürə bilən qadın müdrikdir.

7. Əgər əvvəllər gecə saatlarında işdən evə qayıdan zaman narahatlıq keçirirdimsə, indi bu hiss qürur hissi ilə əvəzlənib. Bəli, mən gecə saatlarında, yaxud səhərə yaxın evimə qayıtdıqda, heç bir narahatlıq keçirmirəm, hər kəsin şirin yuxuda olduğu zaman mən qürurla "bu saatda hamı yatsa da, mən iş başındayam” deyib keçirəm.

8. "Boşanmış qadın” ifadəsinin arxasında nə qədər hadisələr durur, bir bilsəniz. Neçə illik birgə ailə həyatının sona yetməsi psixoloji olaraq çox çətin və ağrılı prosesdir. Bundan ən çox əziyyət çəkən də uşaqlar olur. Qadın nə qədər ağır günlər keçirsə də, yenə də ürəyində tərəddüd edir, ümid bəsləyir: "Bəlkə düzəldi? Bəlkə boşandıqdan sonra daha pis olacaq həyatım?”. Üstəlik, bu izdivacdan övladlar dünyaya gəlibsə, deməli qadının işi kişi kimi asan olmayacaq. Övladları ayağa qaldıranadək, ömrünün ən gənc və gözəl illərini buna həsr etməlidir. Nəticədə boşanmış 25-35 yaşlı qadın vaxtından öncə qocalır, ruhən 50-60 yaşlı qadına çevrilir. Hələ üstəlik bu da azmış kimi, bir çox kişilər boşanmış qadına sırf "intim obyekt” kimi baxırlar. Boşanmış qadın cəmiyyətdə bir növ "günahkar”, "aşağı statuslu” insana çevrilir. Maraqlıdır ki, kişi də qadın da izdivaca girərkən ailənin məsuliyyəti nədənsə həmişə zərif cinsin çiyinlərinə düşür. Ümid etmək istəyirəm ki, "boşanmış”, "ayrılmış”, "dul” anlayışları nə zamansa dilimizdən çıxacaq, "qadın”, "kişi”, "insan” sözləri ilə əvəz olunacaq.

9. Xoşbəxtlik zənbillə göydən enmir, onu axtarmaqdan yorulmayın, bezməyin.

10. Mən qadınam və bundan zövq almağı bacarıram.

Digər xəbərlər
SON XƏBƏRLƏR