Bəhruz Salmanov: "Siyasi sistemin əsas parametrlərindən olan siyasi partiyaların inkişafına zərurət yaranıb"

img

13-01-2015 [11:20]



Hər bir dövlət üçün beyin mərkəzlərinin, siyasi institutların, dövlətçilik və vətənpərvərlik mövzuları barədə maarifləndirməni təşkil edən təsisatların olması həyat əhəmiyyətlidir. Belə bir ictimai yük daşıyan qurumlardan biri də siyasi partiyalardır.
Azərbaycan müstəqillik əldə edəndən sonra siyasi partiyaların inkişaf etdirilməsi yönündə müxtəlif addımılar atılıb. Demokratiyanın, insan haqlarının qorunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi buna əyani sübutdur. Eyni zamanda, siyasi institutların inkişafı üçün də müxtəlif addımlar atılmaqdadır.


Bu barədə açıqlama verən politoloq Bəhruz Salmanov mövcud vəziyyəti müsbət qiymətləndirib. Onun sözlərinə görə, partiyanın yaranması günün, həyatın tələbindən irəli gəlməli, cəmiyyətdə ehtiyac duyularaq çağırışları olmalıdır ki, partiyalar da bu çağırışa cavab vermək üçün meydana gəlsin: "Müəyyən ideyaların daşıyıcıları bir partiyada toplaşıb zamanın, dövrün, cəmiyyətin çağırışlarına cavab vermək üçün fəaliyyətə başlamalıdır. Azərbaycan demokratik, hüquqi dövlətdir. Ölkəmizdə çoxpartiyalı sistem mövcuddur. Amma gəlin, qısa bir təhlil aparaq. Azərbaycanda zərurətdən, tələbatdan yaranan neçə partiya var? Çox təəssüf ki, şəxsiyyət və şəxsi prinsiplər üzərində qurulan partiyalar da mövcuddur. Demokratik inkişaf yolu tutmuş hər bir ölkədə vətəndaş cəmiyyətinin formalaşmasında iki mühüm istiqamət var. Bunlar qeyri-hökumət təşkilatları və mətbuatdır. Bunların vətəndaş cəmiyyətinin formalaşmasında yeri və rolu çox yüksəkdir. Ona görə də bu gün ölkəmizdə jurnalistika kifayət qədər inkişaf edib: Hansı ki, demokratik cəmiyyətin ən yüksək atributlarından biridir. Bugünkü mövcud durumu ötən illərlə müqayisə edəndə həqiqətən böyük inkişaf yaşandığını görə bilərik. Son illər ərzində isə Azərbaycanda böyük bir jurnalist ordusu yaranıb, vətəndaşları normal şəkildə informasiya ilə təmin edə bilən mətbuat mövcuddur. Eyni zamanda, qeyri-hökumət sektoru da inkişaf yoluna qədəm qoyub. Bütün sahələri əhatə edən QHT-lər tam gücü ilə olmasa da, fəaliyyət göstərir. Siyasi sistemin əsas parametrlərindən olan siyasi partiyaların inkişafına zərurət yaranıb".
Müsahibimiz hesab edir ki, siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi daha aktiv fazaya keçməlidir, cəmiyyətin demokratikləşməsinə daha çox meydan verilməsi, açıq cəmiyyət institutunun təkmilləşdirilməsi, siyasi partiyaların daha üstün duruma gətirilməsi xoşagəlməz prosesləri əngəlləyə bilər. "Belə olacağı təqdirdə partiyaların xarici güclərdən asılılığı məsələsi xeyli dərəcədə aradan qaldırıla bilər. Bu isə beynəlxalq güclərin ölkənin daxilinə müdaxilə imkanlarını məhdudlaşdıraraq zəiflədəcək. Qısası, hesab edirəm ki, ölkəmizdə siyasi islahatların həyata keçirilməsi üçün artıq lazımi baza, əlverişli zəmin formalaşıb, eyni zamanda, mövcud olan iqtisadi bazis də geniş spektrli siyasi islahatların həyata keçirilməsinə imkan verir. Onu da əlavə edim ki, siyasi partiyalara dövlət maliyyə dəstəyi olmamışdan qabaq 40-dan çox partiyanın, ideya müxtəlifliyinin nəyə lazım olması bir araşdırılsın? Bu partiyalar nəyə xidmət edir ? Onların mövcudluğu nə dərəcədə zəruridir? Ölkə rəhbəri çıxışlarında ölkəmizdə iqtisadi islahatlara paralel olaraq, siyasi islahatlar da həyata keçirildiyini bildirib. Qeyd etdiklərimizi Azərbaycanda tədbirlərin düşünülmüş strategiya əsasında kompleks şəkildə həyata keçirildiyinin göstəricisi hesab etmək olar", - deyə B.Salmanov vurğulayıb.
Politoloq onu da qeyd edib ki, Azərbaycan iqtidarı bu sahədə cəmiyyətlə, təşkilatlarla, siyasi partiyalarla daha çox işləməlidir: "Ölkəmizin bütün bölgələrində vətəndaşlarla, əsasən də gənclərlə görüşlər keçirilməlidir.Milli-mənəvi dəyərlərin əks olunduğu milli məfkurə üzərində gənc insan kapitalı formalaşmalıdır. Amma onu da qeyd edim ki, siyasi sistemin gücləndirilməsi və inkişafı təkcə iqtidar partiyasından asılı olan məsələ deyil. Bu sistemin daha da güclü bir mexanizm kimi işləməsi üçün bütün siyasi partiyalar inkişaf etməli, güclənməlidir. Beynəlxalq praktikada da belədir ki, sosial, siyasi islahatlar iqtisadi sahədə əldə olunan uğurlarla şərtlənir və harmoniya təşkil edir. Azərbaycanda geniş və əhatəli siyasi islahatların həyata keçirilməsinin zamanıdır. Hesab edirəm ki, doğrudan da, bu istiqamətdə addımlar atılır və atılmalıdır. Bizim istəyimiz də elə bundan ibarətdir ki, cəmiyyət hərtərəfli inkişaf etsin. Amma bu cəmiyyətdə müxalifətin də, iqtidarın da kim olacağını seçkilər yolu ilə xalq müəyyənləşdirir".
Onu da nəzərə çatdıraq ki, ölkəmizdə partiyaların fəaliyyəti "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA