"Bu mövzunun müzakirəsinin özü çox xırda və cılız görünür" - Arif Hacılı

img

12-01-2015 [09:32]


Ötən ili Azərbaycan müxalifəti üçün uğurlu saymaq olmaz. Xüsusən də müxalifətdaxili intriqaların gərginləşdiyi bir dönəm olduğunu nəzərə alsaq, 2014-cü il hakimiyyət əleyhdarları üçün müsbət hadisə ilə yadda qalmadı. Ötən il Müsavat Partiyası üçün müəyyən mənada əlamətdar il oldu. Belə ki, uzun müddətdən bəri keçirilməsi müşkülə çevrilən qurultay gerçəkləşdi, yeni başqan seçildi, amma qurultaydan sonra baş verənlər, daxili intriqaların böyüməsi partiyaya ciddi zərbə vurdu. Bu və ya digər məsələlərlə bağlı müsahibə verən Müsavat Partiyasının başqanı Arif Hacılı öncə partiya daxilində baş verənlərdən danışdı:

- Müsavat Partiyasında 8 ildən çox idi ki, qurultay keçirilmirdi. İstər-istəməz bir sıra məsələlər öz həllini gözləməkdə idi. Sanki Müsavat Partiyası qurultayın ləngiməsi ilə tıxaca düşmüşdü. Qurultay keçirildikdən sonra partiya bu tıxacdan çıxdı. Amma bütün tıxacların sonunda olduğu kimi, bu tıxacın sonunda da müəyyən sürət qaydalarını hesablamayan adamlar oldu. Ona görə də müəyyən problemlər yaranmışdı, bu problemlər müvəqqətidir, tədricən aradan qalxır. Hesab edirəm ki, yaxın zamanlarda tamamilə aradan qalxacaq.

Partiyadaxili müzakirələrin davam etməsinə gəlincə, bu müzakirələr daim davam edəcək. Müsavat Partiyası demokratik bir quruluşdur, demokratik quruluşun daxilində tənqid, bəzən əndazəni aşan, qəbul olunmuş qaydaları pozan tənqidi mövqelərin olması təbiidir. Biz, Azərbaycan cəmiyyətinin bütövlükdə plüralist cəmiyyət olmasına çalışırıq və bunun uğrunda mübarizə aparırıq. Müsavat Partiyasında da bu-nun nümunəsini göstərmək niyyətindəyik. Hesab edirəm ki, 2014-cü il Müsavat Partiyası üçün uğurlu oldu. Ötən ildə partiyanın qurultayının keçirilməsi, bu qurultayda Azərbaycan tarixində ilk dəfə bir nəfərin hər hansı bir vəzifəyə iki dəfədən artıq seçilməsinə qoyulan yasağa əməl olunması, alternativ qaydada rəqabətin təşkili, paritet əsaslarla seçki komissiyalarının formalaşdırılması, seçki prosesinin tam demokratik və şəffaf keçirilməsi Azərbaycan cəmiyyətinə, ölkədə fəaliyyət göstərən iqtidarlı, müxalifətli bütün siyasi partiyalara örnəkdir. Biz bu nümunəni göstərə bildik, bu yeniliklərə imza atdıq. Bu baxımdan, 2014-cü ili, o cümlədən Müsavat Partiyasının 8-ci qurultayını uğurlu hesab edirəm.

- Arif bəy, Müsavatdaxili müzakirələri, fikir ayrılıqlarını bəlkə də ilk vaxtlar normal qəbul etmək olardı, amma bir qədər sonra bu, tərəflər arasında şəxsi qərəz müstəvisinə keçdi. Qubad İbadoğlu və tərəfdarları Sizə və komandanıza qarşı kampaniyaya başladı, Siz isə əlinizdəki resurslardan istifadə edərək qarşı tərəfi sıxışdırmağa başladınız, kimlərsə partiya sıralarından xaric edildi. Sizcə, bütün bunlar Müsavata zərbə deyil?

- Mənə elə gəlir ki, Siz vəziyyətə adekvat qiymət vermirsiniz. Əvvəla, Müsavat Partiyasında tərəflər yoxdur. Bir Müsavat Partiyası var, bir də Müsavatın içərisində seçkilərin nəticələrindən narazı qalan qrup. Bu qrup üzvlərinin tutduğu mövqe, onların apardığı siyasət Müsavat Partiyası tərəfindən qəbul olunsa da, olunmasa da, əgər nizamnamə çərçivəsində aparılırsa, bununla bağlı hər hansı tədbir görülmür. Müsavat Partiyasının qurultayından əvvəl 3-4 ay müddətində partiya üzvlüyündən xaric olunanların sayı qurultaydan sonra partiyadan xaric olunanların sayından çox olub. Bildirmək istəyirəm ki, Müsavat Partiyasının qurultayından sonrakı dövrdə partiyadan cəmi üç nəfər xaric edilib. Bu baxımdan, guya hansısa bərabər səviyyəli qarşıdurmanın olması barədə fikrin yanlış olduğunu nəzərə çatdırmaq istəyirəm. Eyni zamanda, xüsusi vurğulamaq istəyirəm ki, Müsavat Partiyası daxilində gedən bu məsələlərə kənardan müdaxilə göz önündədir. Azərbaycanda fəaliyyət göstərən bir sıra partiyalar, qurumlar, hakimiyyət strukturları, mətbuat orqanları bu vəziyyətdən faydalanmağa çalışır və Müsavat Partiyasına qarşı kampaniya aparırlar. Guya partiya içində böyük bir hərəkatın olması, böyük bir prosesin getməsi barədə görüntü yaratmağa cəhd göstərirlər. Halbuki Müsavat Partiyası daxilində hazırda qüvvələr təxmi-nən 97 faizin 3-ə, yaxud 98-in 2 faizə nisbətindədir. Yəni, Müsavatın ümumi ideoloji siyasi xəttinə qarşı ayrı-ayrı adamlar əllərindən gələni edirlər, partiyaya mümkün qədər daha çox ziyan vurmağa çalışırlar. Bir daha qeyd edirəm ki, onların nail olduğu nəticələr apardıqları fəaliyyətlə bağlı yox, Müsavat Partiyasına qarşı olan qüvvələrin bu məsələlərdən Müsavata qarşı istifadə etməsi ilə əlaqədardır.

- Məclisin ötən toplantısında Müsavat başqanı statusunda olan bir şəxsin kiminsə Məclis üzvlüyündən çıxarılmasını gündəmə gətirməsi və bu məsələdə israr etməsi anlaşılan deyil...

- Sizdə olan bu məlumat yanlışdır. Kiminsə Məclis üzvlüyündən çıxarılması məsələsi müzakirə olunmayıb. Sadəcə, Məclis üzvlərindən biri özünün Məclis üzvü olmadığını dəfələrlə iddia edir və iclaslarda iştirak etmir. Bu, sırf texniki məsələdir. Sadəcə olaraq, onun adı Müsavat Partiyası Məclis üzvləri siyahısından çıxarılmalıdır. Amma biz humanistlik göstərərək bu məsələdən də opponentlərimin Müsavat Partiyasına qarşı istifadə edəcəklərini nəzərə alaraq, onun adını Məclis üzvləri sıyahısından hələlik çıxarmadıq.

- Texniki məsələdən söz düşmüşkən, bir məsələni də soruşmaq istəyirəm. Adətən hər hansı bir təşki-latda təhvil-təslim olanda, rəhbər öz postunu təhvil verəndə birinci kabinet boşaldılır. Amma nədənsə İsa bəy başqan kabinetini boşaltmadı. Bu barədə nə deyə bilərsiniz?

- Hesab edirəm ki, bu, çox xırda məsələdir. Bizim qarşımızda olan hədəflərlə müqayisədə bu mövzunun müzakirəsinin özü çox xırda və cılız görünür. Bu mövzuda kifayət qədər danışılıb və mənim xüsusi əlavəm yoxdur.

- Arif bəy, artıq 2015-ci ilə qədəm qoymuşuq və bu ilin payızında ölkədə parlament seçkiləri keçiriləcək. Müsavat budəfəki parlament seçkilərinə necə hazırlaşır?

- Biz 2015-ci ilə xüsusi önəm veririk. Düşünürük ki, 2015-ci ildə Azərbaycanda ciddi siyasi dəyişikliklərin olması mümkündür. İstər bütövlükdə dünyada gedən proseslər, istər Azərbaycanın mənsub olduğu regionda baş verənlər, istərsə də cəmiyyətdə yaranmış ictimai-siyasi vəziyyət belə düşünməyə əsas verir. Azərbaycanda avtoritarizmin hücumu nəhayət ki, durdurulmalı və demokratik islahatlara başlanmalıdır. Belə islahatların bu il başlanması kifayət qədər realdır. Müsavat Partiyası olaraq, biz bütün gücümüzdən istifadə edərək, 2015-ci ili siyasi dəyişikliklərin başlanğıcı ilinə çevirməyə çalışacağıq.

- Hazırda partiyada mövqe nədən ibarətdir, seçkiyə təkbaşına gedirsiz, yoxsa hansısa təşkilatlarla bir arada olacaqsız?

- Biz seçki məsələləri ilə bağlı əməkdaşlığa meylliyik. Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyaları ilə, ayrı-ayrı birliklərlə, təşkilatlarla funksional əməkdaşlıq barədə danışıqlara başlayacağıq.

- Son günlər səslənən fikirlərdən biri də odur ki, Arif Hacılı növbəti parlament seçkilərində mandat almaq üçün iqtidarla anlaşmaya gedib...

- Bu o qədər səviyyəsiz mövzudur ki, bu barədə danışmağa dəyməz. Mən ilk dəfə 1990-cı ildə Azərbaycan parlamentinin üzvü seçilmişəm və ondan sonra keçirilən bütün parlament seçkilərində həmişə qalib gəlmişəm, eyni zamanda, qələbəmi sübut etməyə nail olmuşam. Ancaq qələbəmə rəğmən total saxtakarlıq nəticəsində mənə mandat verilməyib. Lakin onu da vurğulamaq istəyirəm ki, mənim mübarizəm mandat urğunda deyil. Mənim mübarizəm Azərbaycanın istiqlalı, hürriyyəti uğrunda mübarizədir. Bu mübarizə çərçivəsində seçkilərdə iştirak etməyim zəruri olacaqsa, iştirak edəcəm, zəruri olmayacaqsa, yox.

- 2005-ci il parlament seçkilərində Müsavatdan bir neçə nümayəndə parlamentə buraxıldı. Mandat qazanan partiyadaşlarınızın parlamentə getməsi o zaman bəzi həmkarlarınız tərəfindən süngü ilə qarşılandı. Bu dəfə də qələbəniz tanınsa, analoji qərarı verəcəksiniz?

- Bu məsələlər barədə indidən danışmaq tezdir. Hər şey proseslərin gedişindən, seçki ərəfəsində və seçki zamanı olan siyasi vəziyyətdən asılı olacaq. Yəqin ki, biz də situasiyaya uyğun ən doğru addımı atacağıq.

- Dünyada, regionda, eləcə də Azərbaycandakı mövcud vəziyyəti nəzərə alaraq, budəfəki parlament seçkiləri barədə gözləntiləriniz nədən ibarətdir?

- Mən, Azərbaycan hakimiyyətinin könüllü olaraq hansısa güzəştlərə gedəcəyinə, hansısa islahatlar aparacağına inanmıram. Amma bütövlükdə dünyada və regionda baş verənlər, həm siyasi proseslər, həm neftin ucuzlaşması ilə bağlı baş verən və gözlənilən iqtisadi proseslərin ölkədə ümumi siyasi vəziyyəti dəyişdirməsi mümkündür. Azərbaycan hakimiyyəti ölkədə siyasi vəziyyətin dəyişməsi ilə bağlı yaranmış situasiyanı nəzərə alaraq, demokratik islahatlar həyata keçirmək məcburiyyətində qala bilər. Mənim buna inamım çoxdur. Eyni zamanda, parlament seçkiləri Azərbaycan cəmiyyəti üçün önəmlidir. 125 seçki dairəsi üzrə namizədlər siyasi fəallığın artması istiqamətində çalışacaq. Parlament seçkiləri həmişə Azərbaycanda digər seçkilərdən, xüsusilə də bələdiyyə seçkilərindən fərqli olub. Beynəlxalq birliyin də bu seçkilərə ciddi nəzarətinin olacağı qənaətindəyəm.

Biz də Müsavat Partiyası olaraq, ölkədə siyasi islahatların aparılması üçün öz fədakar mübarizəmizi aparmaq niyyətindəyik. Düşünürəm ki, Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar bütövlükdə cəmiyyətin mübarizə əzmini bərpa etmək, eyni zamanda, ölkədə seçkilər vasitəsi ilə siyasi dəyişikliklərin olmasına cəmiyyəti inandıra bilsək, çox ciddi siyasi aktivliyə nail olmaq mümkündür. Bir daha deyirəm, mən, 2015-ci il parlament seçkiləri konteksində ölkədə siyasi fəallığın artacağı və siyasi vəziyyətin demokratik düşərgənin xeyrinə dəyişəcəyi qənaətindəyəm.

- Bundan əvvəlki seçkilərdə cəmiyyətin seçkiyə inamsızlığını müşahidə etdik. Sizcə, 2015-də münbit şərait yaranarsa, cəmiyyəti ayağa qaldırmaq mümkün olacaq?

- Azərbaycan cəmiyyəti demokratik dəyişikliklər arzusundadır. Əslində, Azərbaycan xalqı demokratik cəmiyyət qurmağa hazırdır. Sadəcə olaraq, cəmiyyət seçkilər vasitəsi ilə ölkədə siyasi vəziyyətin əsaslı surətdə dəyişəcəyinə inanmır. Seçki kampaniyası dövründə cəmiyyətin passivliyi, seçkilərdə iştirak etməməsi məhz bu inamsızlığın nəticəsidir. Əgər siyasi fəallıq artarsa, cəmiyyətdə seçkilər yolu ilə dəyişikliklərin baş verəcəyinə inam yaranarsa, kifayət qədər ciddi seçici fəallığının olacağına və Azərbaycan seçicilərinin ən düzgün qərar verəcəyinə və öz iradəsini nümayiş etdirəcəyinə şübhəm yoxdur(Reytinqinfo.az).



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA