Ali Məhkəmədən onlayn kredit götürənlərə xəbərdarlıq: "Bu, müqavilənin etibarsız sayılması üçün kifayət etmir.."

Ali Məhkəmədən onlayn kredit götürənlərə xəbərdarlıq: \"Bu, müqavilənin etibarsız sayılması üçün kifayət etmir..\"

İQTİSADİYYAT

Bugün, 14:58

Son illərdə bank xidmətlərinin rəqəmsallaşması nəticəsində onlayn kreditlərin verilməsi geniş yayılıb. Bu xidmət vətəndaşlara banka getmədən qısa müddətdə kredit almaq imkanı yaratsa da, eyni zamanda yeni hüquqi risklər də meydana çıxarıb.

Mia.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, Azərbaycan qanunvericiliyi banklara məsafədən bank hesabı açmağa və kredit müqaviləsi bağlamağa imkan verir:

"Mərkəzi Bankın təsdiq etdiyi Qaydalara əsasən banklar onlayn xidmət göstərərkən gücləndirilmiş elektron imza, videozəng, videoçəkiliş, üz tanınması, birdəfəlik təsdiq kodu (OTP) və digər identifikasiya vasitələrindən istifadə edə bilərlər.

Son dövrlərdə məhkəmələrdə rast gəlinən mübahisələr göstərir ki, bəzi hallarda üçüncü şəxslər vətəndaşların fərdi məlumatlarını əldə edərək onların adından onlayn kredit rəsmiləşdirir və kredit vəsaitini öz hesablarına köçürürlər.

Təcrübədən görünür ki, bəzən vətəndaşlar özləri mobil telefonlarına göndərilən birdəfəlik təsdiq kodlarını (OTP), bank tətbiqinə giriş məlumatlarını və ya üz tanınması prosesini digər şəxslərlə paylaşırlar. Bu isə onlara qarşı dələduzluq hallarının baş verməsinə şərait yaradır.

Bir çox şəxs hesab edir ki, dələduzluğun qurbanı olduğu üçün kredit borcuna görə heç bir hüquqi məsuliyyət daşımır. Lakin hüquqi baxımdan məsələ bir qədər fərqlidir. Belə ki, vətəndaşlar özləri də fərdi məlumatlarının qorunmasına görə məsuliyyət daşıyırlar. Məsələn, hər bir şəxs FIN kodunu, şəxsiyyət vəsiqəsini və ya onun surətini, SMS təsdiq kodlarını, bank tətbiqinə giriş məlumatlarını, biometrik məlumatlarını (üz tanınması, barmaq izi və s.) başqalarına təqdim etməməli və onların təhlükəsizliyini təmin etməlidir.

Vətəndaşlara FIN kodunu, şəxsiyyət vəsiqəsini və ya onun surətini naməlum şəxslərə verməmək, biometrik məlumatlarını təhlükəsizliyini təmin etmək, SMS təsdiq kodlarını heç kimlə paylaşmamaq, telefona gələn bank bildirişlərini daim izləmək, mobil nömrəni dəyişdikdə bunu banka dərhal bildirmək, şübhəli zəng və mesajlara etibar etməmək, bank hesablarını mütəmadi yoxlamaq tövsiyə olunur.

Məhkəmə təcrübəsi göstərir ki, təkcə dələduzluq faktının mövcudluğu kredit müqaviləsinin etibarsız sayılması üçün kifayət etmir. Məhkəmə hər bir konkret iş üzrə bankın davranışını, qanunvericiliyə əməl edib-etmədiyini, vətəndaşın öz hərəkətlərini və təqdim olunan bütün sübutları birlikdə qiymətləndirir".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR