ABŞ-ın Azərbaycana göndərməyə hazırlaşdığı yeni səfir və gözləntilər... - TƏHLİL

ABŞ-ın Azərbaycana göndərməyə hazırlaşdığı yeni səfir və gözləntilər... - TƏHLİL

SİYASƏT

Bugün, 20:17

ABŞ Prezidenti Donald Tramp ölkənin Azərbaycandakı səfiri vəzifəsinə Virciniyadan olan Aleksandr Oldenin namizədliyini irəli sürüb. Məsələ ilə bağlı sənəd artıq senata göndərilib.

ABŞ–Azərbaycan münasibətlərinin ən maraqlı və bir qədər də mübahisəli tərəfi məhz səfir təyinatıdır. İlk öncə onu deyim ki, hazırda ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili vəzifəsini Emi Karlon icra edir. Əvvəllər səfir postunu isə Mark Libbi tutub.
Əslində, səfir Mark Libbinin təyinatı belə özü-özlüyündə mübahisəli məsələ idi. Belə ki, ona qədər ABŞ uzun müddət idi ki, Azərbaycana səfir təyin etməmişdi. Hətta keçmiş prezident Co Bayden onu səfir kimi məsləhət görsə də, proses uzanırdı. Həmin dönəmdə Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez Azərbaycana səfir təyinatını gecikdirir, prosesə açıq şəkildə mane olurdu. Həyat yoldaşının erməni olması, özünün isə erməni diasporu ilə çox yaxın əlaqələrinin olması bu qərarın uzanmasının ən önəmli səbəbi idi.
Bob Menendez federal korrupsiya və rüşvət ittihamları ilə 22 sentyabr 2023-cü ildə ittiham olundu. Bundan sonra o, Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən istefa verməyə məcbur oldu. Daha sonra məhkəmə prosesi keçirildi və o, iyul 2024-cü ildə 16 maddə üzrə təqsirli bilindi. Bunun ardınca Menendez Senatdan istefa verəcəyini açıqladı və 20 avqust 2024-cü ildə senator vəzifəsini tərk etdi. 2025-ci ilin yanvarında isə o, 11 il həbs cəzasına məhkum edildi və həmin ilin iyununda cəzaçəkmə müəssisəsinə göndərildi.
Mark Libbi 2023-cü ildə fəaliyyətə başladı. Lakin səfirin fəaliyyəti elə də uzun çəkmədi. Belə ki, o, 2024-cü ilin dekabrında səhhətindəki problemlərin davam etdiyini bildirərək ABŞ diplomatik xidmətindən təqaüdə çıxacağını açıqladı. Hər nə qədər səfirin səhhəti ilə bağlı vəzifəsini tərk etdiyi deyilsə də, onun
Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə media azadlığı, vətəndaş cəmiyyəti və regional məsələlərlə bağlı bəzi açıqlamalarına görə rəsmi Bakı ilə müəyyən fikir ayrılıqları yaşadığı hər kəsə bəlli idi.
Mənə görə, M. Libbi ABŞ üçün uğursuz bir seçim idi. Buna görə Vaşinqton indi yeni səfir üzərində çox ciddi düşünüb və strateji ağırlığı olan bir şəxs göndərir. Əslində, Trampın namizədi Aleksandr Olden haqqında məlumatlara baxdıqda da bu görünür.
Aleksandr Olden diplomat və beynəlxalq təhlükəsizlik üzrə ekspertdir. O, Trampın birinci administrasiyası dövründə (2017–2021) Dövlət Departamenti, Milli Təhlükəsizlik Şurası və Pentaqonda müxtəlif vəzifələrdə çalışıb. Daha sonra ABŞ-nin məlumat analizi və proqram təminatı sahəsində fəaliyyət göstərən "Palantir Technologies" şirkətində baş məsləhətçi, həmçinin "Atlantic Council" analitik mərkəzində elmi işçi olub. O, ABŞ-nin xarici siyasəti, müdafiə sahəsi və Avropa ilə münasibətlər istiqamətindəki fəaliyyəti ilə tanınır.
Mənim diqqətimi isə daha çox A. Oldenin "Atlantic Council" mərkəzində çalışması çəkdi. Belə ki, mərkəz NATO məkanı, Avropa, Qara dəniz hövzəsi, Cənubi Qafqaz, enerji təhlükəsizliyi, Çin, Rusiya və qlobal təhlükəsizlik məsələləri üzrə araşdırmalar ilə tanınır. Ən maraqlısı isə mərkəz partiyalarüstü təşkilat kimi fəaliyyət ilə diqqət çəkir. Bunu ona görə deyirəm ki, burada işləyən bir çox ekspert sonradan Dövlət Departamentində, Pentaqonda və ya Ağ Evdə yüksək vəzifələr tutur.
Azərbaycan baxımından da bu mərkəz yad qurum deyil. Belə ki, Mərkəzin Avrasiya proqramları uzun illərdir Cənubi Qafqaz, enerji marşrutları, Xəzər regionu və Azərbaycanla bağlı müzakirələr aparır. Keçmiş ABŞ səfirlərindən Ross Wilson və Richard Morningstar da müxtəlif dövrlərdə Atlantic Council ilə əlaqəli olublar.
Hesab edirəm ki, A. Olden səfir kimi təyin ediləcək. Hətta bu təyinat Bakı–Vaşinqton münasibətləri baxımından çox müsbət nəticələrlə yadda qala bilər. Vaşinqton Cənubi Qafqaza, xüsusilə də Azərbaycana çox diqqət edir. Tramp isə Azərbaycan Prezidenti ilə hər görüşdə təmasda xüsusi təbriklər edir, yüksək fikirlər səsləndirir. Bu mənada, bu təyinat Vaşinqtonun həm də münasibətlərin gələcəyinə dair müsbət yanaşmasından və bu tempi qorumaq istəməsindən xəbər verir.
Bakı bu təyinata etiraz etməyəcək, lakin ehtiyatı da əldən verməyəcəyi açıqdır. Səfir təyinatı baş tutsa, fəaliyyət yaxından izləniləcək.
Turan Rzayev
MİAA.Z

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR