"Kontakt Home”, “Birmarket”... - Yanğın məşhur şirkətlərin anbarlarında olub + AÇIQLAMALAR (YENİLƏNİB)

\"Kontakt Home”, “Birmarket”... - Yanğın məşhur şirkətlərin anbarlarında olub + AÇIQLAMALAR (YENİLƏNİB)

GÜNDƏM

12.05.2026, 14:15

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib.

Mia.az Xitab24.az-a istinadla xəbər verir ki, gecə saatlarından başlayan yanğın bir sıra şirkətlərə məxsus anbarları əhatə edib.

Bunlar arasında “Kontakt Home”, “Birmarket”ə məxsus anbarlar da var.

Yanan məhsullar arasında məişət və elektronika malları üstünlük təşkil edir.

Xəbərdə deyilir ki,  yanğın gecə saatlarında “Kontakt Home”un anbarından başlayıb.

İlkin məlumata görə, anbarda paltaryuyan və soyuducular olub.

Yanan anbardakı əşyaların təxminən 3 milyon manat civarında olduğu bildirilir.

Qeyd edək ki, “Kontakt Home”un sahibi sabiq millət vəkili Elnur Allahverdiyevdir.

***

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində anbarda baş verən yanğın "Kontakt Home"un anbarı olub.

Mia.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumatda deyilir: "Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib. Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdır. Mövcud vəziyyətlə əlaqədar bəzi sifarişlərinizin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər. Vəziyyətlə bağlı yeni məlumatlar paylaşılacaq. Səbirinizə və etimadınıza görə minnətdarıq".

***

“Birmarket” də yanğınla bağlı açıqlama yayıb.

Mia.az-a verilən açıqlamanı olduğu kimi təqdim edirik:

"Məlumat üçün bildiririk ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda yanğın baş verib. Yanğının genişlənməsi nəticəsində Birmarket-ə məxsus anbara da zərər dəyib. Hadisə ilə əlaqədar olaraq Birmarket məhsullarının yerləşdiyi anbar sahəsinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Hadisə zamanı əməkdaşlarımıza fiziki zərər dəyməyib. Hazırda zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.

Məlumat üçün bildiririk ki, bu səbəbdən də müştərilərin aktiv sifarişlərinin çatdırılmasında gecikmələr, yeni sifarişlərin qəbulunda isə çətinliklər yaşana bilər. 

Qeyd edək ki, hazırda aidiyyatı qurumlar tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir. Operativ fəaliyyətlərinə görə aidiyyatı qurumlara, anlayışlarına görə isə müştərilərimizə təşəkkür edirik".

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR