Düşünürəm: Ağıllı insan başqalarının təcrübəsindən də dərs alır - VAHİD TAĞIYEV YAZIR

img

15-03-2026 [18:32]


Vahid TAĞIYEV,

Təcrübəli, peşəkar təhsil işçisi

***

Bu mövzu cəmiyyətin ciddi problemlərindən biridir və illər keçdikcə bu dəyərlərdən uzaqlaşılma müşahidə olunur. Həyat təcrübə üzərində qurulur. İnsan təcrübə topladıqca uğurları daha davamlı və güvənli olur.

Lakin hər şeyi yalnız şəxsi təcrübə ilə qazanmağa nə zaman, nə də ömür kifayət edir. Ona görə də insan özünü nə qədər bilikli saysa da, vaxt itirmədən təcrübəli insanlardan öyrənməyə çalışmalıdır. Bəzən qarşına elə təcrübəli ağsaqqal, müdrik bir insan çıxır ki, uzun illər axtaracağın bir mətləbə aydınlıq gətirir və getməli olduğun yollara işıq salır.

İnsan qabiliyyəti ilə yanaşı, eqosuna qalib gəlib ağıllı və təcrübəli insanları müşahidə etməyi, dinləməyi bacardıqda onlardan çox şey öyrənir və bu da onun həyat yolunda daha uğurlu olmasına kömək edir.
     
Təəssüf ki, əks halın mövcudluğu daha çox müşahidə olunur. Eqo, başqalarını dinləməmək və onların təcrübəsini görməzdən gəlmək xüsusilə gənclər arasında daha çox nəzərə çarpır. Habelə orta və yaşlı nəsil arasında da ömrünün bəlli bir hissəsini yaşamasına baxmayaraq faydalı yol seçmək, özünü inkişaf etdirmək, yaxşı nümunələrdən bəhrələnmək əvəzinə böhtan, yalanla, həyat həqiqətlərinə qara eynəklə baxmaqla ömrünü yelə, bada verənlər də az deyil. Onlar nə öz təcrübəsindən, nə də başqalarının təcrübəsindən yaxşı istiqamətdə bəhrələnmək istəməyən kütləyə çevrilirlər.

Tədricən təcrübəyə, təcrübəli insanlara laqeydlik, onlara dəyər verməmək böyüklərə, valideyinlərə və müəllimlərə olan münasibətlərdə də çatlar əmələ gətirir, onlara inam, hörmət hissinə mənfi təsir edir.

Halbuki sağlam təcrübədən iş sahəsində, ailə və sosial həyatın düzgün təşkili, fəaliyyətin qurulması və planlaşdırılmasında səmərəli istifadə olunmalıdır. İnsan daim öz bilik və bacarığını artırmaq qayğısına qalmalıdır.

Bu yolda yalnız şəxsi təcrübə ilə hər şeyi qazanmağa çalışmaq bəzən vaxt və enerji itkisinə səbəb olur.

Başqalarının uğur hekayəsindən bəhrələnmək, onların səhvlərindən nəticə çıxarmaq isə insanın həyat yolunu daha aydın və səmərəli edir.

Təsadüfi deyil ki, böyüklərə və müəllimə hörmət, Azərbaycan mədəniyyətinin təməl daşlarındandır. Nümunəvi böyüklər bir güzgü kimi həqiqətləri göstərir. Uğurlar və qüsurlar onlarla ünsiyyətdə aydın əks olunur.
   
Unutmayaq, hər kəsin qurub yaratmaq, yaşamaq üçün bir ömür payı var. İnsanın düşdüyü mühit, şans və yaranan sərait nə qədər təsir etsə də ömrünün mənalı olmağı daha çox öz əlindədir.

Bizə bir dəfə verilən ömür yolunda hər kəsə uğurlar!

MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA