Deputat: "Özündən həddən artıq razı məmurlar var" - "Parlament emosional qarşıdurma meydanı deyil" (MÜSAHİBƏ)
04-03-2026 [10:25]
Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Musavat.com-a geniş müsahibə verib.
İran ətrafında baş verənlərdən başlamış, seçicilərin problemlərinə qədər bir çox mövzuları əhatə edən söhbətimiz zamanı Razi bəy olduqca maraqlı, bəzi hallarda sensasion fikirlər səsləndirib, faydalı təkliflərlə çıxış edib. Müsahibəni dəyərli oxucularımıza təqdim edirik:
- Razi bəy, ilk olaraq gündəmin əsas mövzusundan başlayaq. ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibədən hansı nəticələri gözləyirsiniz?
- İran regionun əsas ölkələrindən biridir və orada baş verən hərbi qarşıdurma sırf iki və ya üç dövlət arasındakı məsələ deyil. Bu, Yaxın Şərqdən başlayaraq, Cənubi Qafqaza, Xəzər hövzəsinə qədər uzanan geniş coğrafiyanı təsirləndirə bilər. Ən böyük risk münaqişənin uzanması və qeyri-müəyyənliyin dərinləşməsidir. Enerji marşrutları, logistika xətləri, ticarət əlaqələri, hətta miqrasiya axınları belə dəyişə bilər. Digər tərəfdən, daxili sabitliyin pozulması ehtimalı region ölkələri üçün əlavə humanitar və təhlükəsizlik çağırışları yaradır. İstərdim ki, proseslər nəzarətdən çıxmasın və diplomatik həll imkanları qorunsun. Çünki genişmiqyaslı müharibə yalnız dağıntı və itkilər gətirir.
- Azərbaycan dövləti olaraq bu məsələdə mövqeyimiz məlumdur, ən yüksək səviyyədə münasibət bildirib. Sizcə, sonrakı addımlarımız nədən ibarət olmalıdır? Söhbət on milyonlarla soydaşımızın yaşadığı ölkədən gedirsə, sözsüz ki, biganə qalmağımız mümkün deyil...
- Azərbaycan dövləti ən yüksək səviyyədə mövqeyini ifadə edib və bu mövqe balanslı, beynəlxalq hüquqa əsaslanan yanaşmadır. Hesab edirəm ki, sonrakı mərhələdə üç əsas istiqamət prioritet olmalıdır. Birincisi, sərhəd və milli təhlükəsizlik məsələləri. Hər hansı risk ehtimalına qarşı qabaqlayıcı tədbirlər görülməlidir. İkincisi, humanitar və ictimai həssaslıq. Söhbət on milyonlarla soydaşımızın yaşadığı ölkədən gedir. Biz emosional deyil, məsuliyyətli mövqe tutmalıyıq. Üçüncüsü, informasiya təhlükəsizliyi. Xarici proseslərin daxildə süni bölünmə yaratmasına imkan vermək olmaz. Azərbaycan vətəndaşı ilk növbədə öz dövlətinin maraqlarını əsas götürməlidir. Üçüncü bəndi daha geniş izah edim: Azərbaycanlı hər şeydən əvvəl öz dövlətinə bağlı olmalı, milli maraqları əsas götürməlidir. Biz dünyəvi və müstəqil dövlətik və xarici ölkələrdə baş verən hadisələrə münasibət bildirərkən ilk növbədə Azərbaycanın maraqları prizmasından çıxış etməliyik. Sərhədi aşan, ölkədaxili həmrəyliyə xələl gətirən və ya başqa dövlətlərin daxili siyasi gündəmini burada davam etdirməyə yönələn yanaşmalar doğru deyil. Bu məsələdə əsas məqsəd ondan ibarətdir ki, cəmiyyət daxilində parçalanma və qarşıdurma yaranmasın. Xarici ölkədə baş verən hadisələrə fərqli münasibətlər ola bilər, lakin bu fərqlilik daxildə qarşı-qarşıya dayanmağa səbəb olmamalıdır. Hər bir vətəndaş bilməlidir ki, dövlətin rəsmi mövqeyi artıq açıqlanıb və beynəlxalq münasibətlər məhz həmin çərçivədə qurulur. Yəni emosional yanaşmalardan daha çox, dövlət maraqları və milli həmrəylik əsas götürülməlidir. Cəmiyyət olaraq birliyimizi qorumalı, dövlətimizin rəsmi mövqeyinə hörmət etməli və ölkə daxilində süni gərginlik yaradacaq davranışlardan uzaq durmalıyıq.
- Körfəz ölkələri, həmçinin Qərb koalisiyasına daxil olan ayrı-ayrı paytaxtlar da bu və ya digər formada İrana qarşı sərt münasibətlərini ifadə edirlər. Sonrakı gedişatda Rusiya və Çinin müdaxiləsi realdırmı? Bu müharibə Üçüncü Dünya müharibəsinə çevrilə bilərmi?
- Böyük güclərin maraqları bu regionda toqquşur və bu, faktdır. İran həm Rusiya, həm də Çin üçün strateji tərəfdaşdır. Ona görə də, bu ölkələrin İranın ciddi şəkildə zəifləməsində maraqlı olduğu inandırıcı olmaz. Rusiya müxtəlif formalarda - texnologiya, silah sistemləri, kəşfiyyat məlumatları və hərbi-texniki əməkdaşlıq çərçivəsində İrana ola bilsin ki, dəstək verməkdədir. Çin də iqtisadi, texnoloji və müəyyən sahələrdə təhlükəsizlik əməkdaşlığı vasitəsilə yardım göstərə bilər. Lakin bu dəstəyin açıq və birbaşa hərbi müdaxilə formasında olacağını düşünmürəm. Daha çox pərdəarxası, dolayı və strateji kanallar üzərindən həyata keçirilən mexanizmlər real görünür. Heç bir böyük güc hazırkı mərhələdə açıq qarşıdurmaya girərək, qlobal müharibə riskini artırmaq istəməz. Müasir dünya düzənində iqtisadi asılılıqlar, enerji bazarları və beynəlxalq maliyyə sistemi o qədər iç - içədir ki, açıq dünya müharibəsi bütün tərəflər üçün dağıdıcı olar. Bu səbəbdən mən Üçüncü Dünya Müharibəsi ssenarisini real hesab etmirəm. Daha çox regional eskalasiya və böyük güclərin dolayı təsir mübarizəsi modelini görürəm. Əsas məsələ odur ki, diplomatik kanallar tam bağlanmasın və proses nəzarətdən çıxmasın.
- Yeri gəlmişkən, bir zamanlar seçki kampaniyasında Pakistandan atom silahı alacağı barədə vəd verən Razi Nurullayev nüvə enerjisi əldə etməyə çalışan İranın başına gələnlərdən sonra nələr düşünür? Sözünüzdə qalırsınız?
- Siyasətdə bəzən təhlükəsizlik balansı ilə bağlı sərt tezislər səsləndirilə bilər. Amma dövlət siyasəti fərdi kampaniya ritorikasından fərqlənir. Azərbaycan bu gün nüvə silahının yayılmasının əleyhinədir və beynəlxalq öhdəliklərinə sadiqdir. Mən hesab edirəm ki, real güc təkcə silahda deyil, iqtisadiyyatda, texnologiyada və milli birlikdədir. Güclü dövlət qurmaq daha davamlı təhlükəsizlik modelidir.
- Razi bəy, siz, parlamentin Aqrar siyasət komitəsinin sədr müavini olaraq seçicilərlə ən çox ünsiyyətdə olan, hətta onların evlərində, həyətlərində və əkin sahələrində qayğıları ilə maraqlanan, təşəbbüslər, çağırışlarla çıxış edən deputatlardansınız. Ümumiləşdirsək, bu gün seçicilərinizin timsalında ölkə vətəndaşı nə istəyir?
- Açıq desəm, insanlar böyük geosiyasi mövzulardan çox, gündəlik həyatlarını maraqlandıran məsələlərin həllini istəyirlər. Sənədsiz evlər, qazlaşdırma, su və işıq təminatı, torpaq sənədləri, sosial ödənişlər, məşğulluq, kredit problemləri - bunlar vətəndaşın real gündəmidir. Amma burada daha ciddi və sistemli bir problem var. Bir çox hallarda məsələlərin həlli süni şəkildə uzadılır. Vətəndaş haqlı olduğu halda belə, nəticə əldə edə bilmir. Sənəd bir qurumdan digərinə göndərilir, aylarla “məktub dövriyyəsi” davam edir. Problem yerli səviyyədə həll oluna biləcəyi halda mərkəzə yönləndirilir, oradan yenidən geri qaytarılır və proses uzadılır. Bu isə insanı yorur və dövlətdən narazı salır. Təəssüf ki, həddindən artıq mərkəzləşmə var. Yerli icra strukturlarının real qərarvermə imkanları məhduddur. Rayon səviyyəsində çox az məsələ yerindəcə həll olunur. Hamı yuxarı instansiyanın qərarını gözləyir. Nəticədə məsuliyyət yayılır, konkret cavabdehlik zəifləyir. Bəzi hallarda isə yerli səviyyədə süni narazılıq mühiti formalaşır. Problem həll oluna biləcəyi halda uzadılır, vətəndaşın əsəbi artır, cəmiyyətdə gərginlik yaranır. Halbuki operativ və ədalətli qərar mexanizmi olsa, bu narazılıqların əksəriyyəti ümumiyyətlə, yaranmaz.
Seçici deputatdan əlçatanlıq və nəticə gözləyir. İnsan istəyir ki, haqlı olduğu məsələ kağız üzərində qalmasın. Mən də çalışıram ki, vətəndaşın yanında olum, məsələləri nəzarətdə saxlayım və nəticəyə qədər izləyim. Hesab edirəm ki, çıxış yolu səlahiyyətlərin müəyyən hissəsinin yerli səviyyəyə verilməsi, məsuliyyətin konkretləşdirilməsi və bürokratik dövriyyənin minimuma endirilməsidir. Dövlət mexanizmi vətəndaşı yormamalı, ona xidmət etməlidir.
- Məmurlarla münasibətiniz necədir? Sizi eşidirlərmi? Telefonunuzu açan nazirlər varmı?
- Fərqli təcrübələrim var. Elə qurumlar var ki, operativ reaksiya verirlər, məsələni araşdırır və nəticə barədə məlumat təqdim edirlər. Amma təəssüf ki, bunun əksi olan hallar da mövcuddur. Açıq danışmaq lazımdır: özündən həddən artıq razı məmurlar da var. Kreslosunu əbədi hesab edənlər, vəzifəni dövlətə xidmət yox, şəxsi status kimi görənlər var. Hətta vəzifədən gedəndən sonra əvvəlki “böyüklük” həcminə qayıdan, reallıqla üzləşən məmurlar da az deyil...
Telefonu açmayan, deputat müraciətinə operativ reaksiya verməyən qurumlar da var. Halbuki deputatın müraciəti konkret vətəndaşın problemidir və ona laqeyd münasibət əslində vətəndaşa münasibətdir. Hesab edirəm ki, deputat -məmur münasibətlərində institusional islahatlara ciddi ehtiyac var. Bu münasibət şəxsi əlaqələr üzərində yox, qanun və məsuliyyət üzərində qurulmalıdır. Deputatın zənginə, müraciətinə cavabın icra mexanizmi və nəticə hesabatı daha aydın tənzimlənməlidir. Yoxsa ki, şablon cavablar bezdiricidir. Mənim şəxsən narazı olduğum qurumlar var və bundan sonra iş üslubumu daha sərt və sistemli quracağam. Məsələləri rəsmi məktubla qaldıracaq, icrasını mərhələli şəkildə izləyəcək və nəticə əldə olunana qədər nəzarətdə saxlayacağam. Çünki məsələ şəxsi ambisiya deyil, vətəndaşın haqqıdır. Qarşıdurma tərəfdarı deyiləm. Amma məsuliyyət tələb etmək deputatın borcudur. Dövlət mexanizmi işləməlidir və işləməyən hissələr islah olunmalıdır.
- Qeyd etdiyiniz kimi, parlamentin iclaslarında sənədsiz, qazsız evlərdən tutmuş, digər məsələlərə qədər bir sıra problemlərlə bağlı müraciətlər etmisiniz. Bəs “yuxarılar”da səsiniz eşidilirmi, problemlər həllini tapırmı?
- Açığını deyim, təəssüf ki, çox zəif. Bəzən reaksiya verilir və məsələ həllini tapır, amma bu, sistemli və stabil mexanizm deyil. “Bəzən hə, bəzən yox” yanaşması var. Əslində, deputat parlament tribunasından məsələ qaldırırsa, aidiyyəti qurum dərhal reaksiya verməli, rəsmi izahatını təqdim etməli və mövqeyini bildirməlidir. Bu, həm qanunverici orqana hörmət, həm də dövlət idarəçiliyinin normal prinsipidir. Əgər reaksiya verilmir və ya məsələ görməzlikdən gəlinirsə, bu, artıq tutduğu vəzifəyə bir status kimi baxmaq və dolayısı ilə dövlət orqanına qarşı hörmətsizlikdir. Deputatın çıxışı şəxsi fikir deyil – arxasında vətəndaşın problemi dayanır. Ona görə də reaksiya mexanizmi daha ciddi və sistemli olmalıdır.
- Razi bəy, yerli televiziyalara baxırsınızmı? Son vaxtlar ayrı-ayrı aparıcılar və müğənnilərə qoyulan efir qadağalarından yəqin xəbəriniz var. Bu arada, uzaqlaşdırılmasından təəssüf etdiyiniz aparıcı və müğənni oldumu? Sizin televiziyalarda “səliqə-səhman”ın yaradılması ilə bağlı təklifləriniz də maraqlıdır.
- Siyahıda olanlardan xeylisini tanımadım açığı. Hesab edirəm ki, efir məkanı dövlətin ideoloji və mənəvi təhlükəsizlik sahəsidir. Televiziya sadəcə əyləncə platforması deyil, ictimai rəyə təsir edən ciddi vasitədir. Ona görə də məsuliyyətli, keyfiyyətli və milli-mənəvi dəyərlərə uyğun olmalıdır. Mən şəxsən televiziyada daha çox ciddi verilişlərə baxıram - analitik proqramlar, ictimai-siyasi müzakirələr, maarifləndirici layihələr mənim üçün maraqlıdır. Çünki televiziya cəmiyyətin düşüncə səviyyəsini formalaşdırmalıdır. Baxdıqca zövq aldığım proqramlar isə televiziyalarda yayımlanan kənd həyatına aid çəkişlişlərdir. Kəndlərimizə həvəslə və məmuniyyətlə baxıram. Amma təəssüf ki, bayağı və əxlaqa zidd məzmunlar əsasən, sosial şəbəkələrdə qarşıma çıxır. Açıq deyim, buna çox pis baxıram. Cəmiyyətə zövqsüzlük, aqressiya və primitiv davranış modeli təqdim edən kontent nə azadlıqdır, nə də inkişaf. Bu, sadəcə deqradasiyadır. Eyni zamanda hesab edirəm ki, qadağalar selektiv və emosional olmamalıdır. Şəffaf meyarlar olmalıdır və qanun hamıya eyni tətbiq edilməlidir. “Səliqə-səhman” inzibati cəza ilə deyil, peşəkar standartlar, etik çərçivə və media məsuliyyəti ilə yaradılmalıdır. Əgər qaydalar aydındırsa və hamıya şamil olunursa, o zaman həm azadlıq qorunar, həm də keyfiyyət təmin olunar.
- Bu günlərdə işğaldan azad olunmuş ərazilərdəki tikintilərlə bağlı parlamentdəki çıxışınıza reaksiya verən komitə sədri Siyavuş Novruzovun arqumentlərindən sonra söz alarkən bir çoxları gözləyirdi ki, ənənəvi qaydada etirazınızı bildirəcəksiniz. Amma həmkarınıza təşəkkür etdiniz. Bunu mədəni polemika nümunəsi hesab edək, yoxsa...
- Parlament emosional qarşıdurma meydanı deyil, arqumentli debat yeridir. Mənim təşəkkür etməyim bir çoxları tərəfindən fərqli yozuldu. Amma əslində bu, mənim mədəni etirazım idi. Çünki həmkarım mənim çıxışıma məsələnin reallığı və mahiyyəti baxımından yox, daha çox şəxsi prizmasından yanaşmışdı. Mən isə polemikanı şəxsi siyasi maraqlar müstəvisinə keçirməyi düzgün hesab etmədim. Təşəkkür etməklə göstərmək istədim ki, məsələni emosional qarşıdurmaya çevirmirəm və müzakirəni şəxslər üzərindən deyil, arqumentlər üzərindən aparmaq tərəfdarıyam. Bu, nə geri addım idi, nə də razılaşma. Bu, sadəcə parlament mədəniyyətinə uyğun formada mövqeyimi ifadə etmək idi. Mən hesab edirəm ki, siyasi yetkinlik bəzən səsini qaldırmaqda yox, tonu aşağı salaraq mesajı daha aydın verməkdədir.
- Yaxın günlərdə hökumətin parlamentdə hesabatı dinləniləcək və münasibət bildiriləcək. İndidən rəyinizi bilmək olarmı? Etimad göstərəcəksinizmi?
- Mən hər zaman faktlara əsaslanıram. Uğurlu göstəricilər varsa, dəstək verəcəyəm. Problemlər varsa, onları da açıq deyəcəyəm. Meyar sadədir: vətəndaşın həyatında real dəyişiklik varmı?
- Razi bəy, aprelin 1-də 55 yaşınız tamam olacaq. Qoşa 5-i necə qeyd etməyə hazırlaşırsınız? Maraqlıdır, müxalif düşərgənin parlamentarı dövlətimizdən ənənəvi yubiley mükafatı gözləyirmi?
- Böyük təmtəraq planlaşdırmıram. Ailə və yaxın dostlarla qeyd etmək kifayətdir. Dövlət mükafatı məsələsinə gəlincə, - nə deyim, vallah…(Gülümsəyir)
Elşad Paşasoy,
Mussavat.com
YENİ SƏDRDƏN YENİ TƏLƏB: yaxın qohumların işə götürülməsi bu qurumda qadağan olundu
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Ramazanın 15-ci gününün duası: imsak və iftar vaxtı
Azərbaycan vətəndaşıarı Yaxın Şərqdən təxliyyə olunur
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib
Ramil Mənsimov Monteneqroda saxlanılıb
"DAHA YENİ BAŞLAYIRIQ" - ABŞ müdafiə naziri Baş qərargah rəisi ilə birgə mesaj verdi, İrana qoşun yeritmək variantı da var
İlqar Mustafayev, köməkçisi və direktorun məhkəməsi təxirə düşüb
Fəqani Hüseynov həbs olunub
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrailə qarşı yeni raket hücumlarına başlayıb
Prezident İlham Əliyev fərman imzalayıb
İrandan Azərbaycana daha 46 nəfər təxliyə edilib
Türkiyə XİN başçısı İran XİN başçısı ilə danışdı - Xəbərdarlıq
Türkiyə hava məkanında İranın ballistik raketi vuruldu - Rəsmi Ankaradan qəzəbli bəyanat
“Azərbaycan Dəmir Yolları”nda nə baş verir? - Rövşən Rüstəmov "Yüksəliş” müsabiqəsinin qalibi ilə də yola getmədi
Deputatın oğlu ilə TƏBİB arasında sövdələşmə - 400 min manatlıq
34 hakimin Ali Məhkəmədə andiçmə mərasimi olub
Fərid Bağırzadə nazir təyin olundu - O, kimdir?
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
"Sovxoz Ramana"da göl doldurulur - Araşdırma başladı
İran Hörmüz boğazında 10-dan çox neft tankerini vurub: "Vəziyyət tam nəzarətimizdədir"
ABŞ İran gəmisini vurub - 101 nəfər yoxa çıxıb, 78 nəfər isə yaralı halda xilas edilıb
Qənirə Ataşova həkimləri sifarişlə "vururmuş?" - TƏBİB sədri ilə ANS-in xanım jurnalisti haqda sensasiyalı iddialar yayıldı
“ULDUZ” JURNALININ “GÜNEY AZƏRBAYCAN ƏDƏBİYYATI” SAYI ÇAP OLUNUB
Prezident İran səfirliyinə gedib başsağlığı verdi - FOTOLAR
BU ŞƏXSLƏRƏ TƏQAÜD VERİLƏCƏK - Sərəncam
“Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
TələbəPlus kartı ilə ictimai nəqliyyatda 10 faiz endirim olacaq
Pensiyalar tez ödəniləcək - Bayramlara görə
"AZƏRİQAZ"da AYLARA GÖRƏ ANORMAL MAAŞ SİSTEMİ VƏ İŞ SAATI TƏLƏBİ... - Komitə sədri işçilərin şikayətini tirajladı
Elgiz ARB-dən ayrılıb - Aparıcı sponsorları da özüylə aparıb
AMXM-da “Gözəllik aşiqi” fərdi sərgisi açılıb
MEDİA jurnalistlərə müraciət edib
"Hizbullah" İsrailə zərbə endirib - İsraildən açıqlama
Azərbaycan Kuboku: təyinatlar açıqlanıb
Axtarışda olan Azərbaycan vətəndaşları Rusiyada tutulublar
"TikTok"da qeyri-etik paylaşımlar... - Daha 3 nəfər cəzalandırıldı
"Azərişıq” ASC-də yeni təyinat olub
Deputat: "Özündən həddən artıq razı məmurlar var" - "Parlament emosional qarşıdurma meydanı deyil" (MÜSAHİBƏ)
“İçərişəhər”in sektor müdiri hərbi xidmətdən necə yayınıb?