DEPUTATIN ŞİRKƏTİ MÜĞƏNNİYƏ ƏMLAK PEŞKƏŞ EDİB? - Müğənni silinən xəbərlərə belə reaksiya verdi, şirkət, nəhayət, dilə gəldi (VİDEO) - Yenilənib 

img

01-01-2026 [16:08]


Deputat Ağalar Vəliyevin sahibi olduğu “Kristal Abşeron” tikinti şirkətinin icraçı direktoru Məhayət Nəbiyev “Pişik” ləqəbli müğənni Günel Ələkbərovaya  MTK-nın Xırdalan layihəsindəki binanın bir mərtəbəsinin tamamını hədiyyə etməsi barədə xəbər cəmiyyətdə maraqla qarşılanıb.

Mia.az xəbər verir ki, müğənniyə binanın bir mərtəbəsinin niyə peşkəş olunmasının sirri bəlli deyil.

Maraqlı budur ki, şirkət bu barədə müxtəlif saytlarda tirajlanan xəbərləri nə təsdiq, nə təkzib edib. Qarşılığında isə xəbərlər bir çox saytlardan siliniib.

Düzdür, “Kristal Abşeron” şirkətinin marketinq şöbəsindən Rəşad Qurbanov jurnalistlərin bu xəbərinə cavabda deyib ki, "müştərilərin məxfi məlumatları barədə heç bir açıqlama verə bilməzlər".

Günel Ələkbərova əvvəl bu bu barədə suala açıqlama verməkdən yayınsa da, sonradan efirdə yayılan iddianı dolayısı ilə təsdiqləyib. O, hətta iddia edib ki, bu hədiyyə ona sənətinə görə verilib.

Müğənninin həmin açıqlamasını aşağıdakı videodan dinləyə bilərsiniz:

Xatırladaq ki, mətbuatda A,Vəliyevin böyük biznes şəbəkəsinin olması və “Azəraqrartikinti” ASC idarə heyətinin sədri olduğu yazılıb. Həmçinin iddiaya görə İstanbulun Alemdar məhəlləsi, Başmühasip küçəsi -10 ünvanında yerləşən otel Pərviz Vəliyevin 2015-ci ilin avqustun 24-də İstanbul Ticaret Odasında qeydiyyatdan keçirdiyi PZ GRUP TURİZM İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ üzərindən idarə olunur.

Pərviz Vəliyev Azərbaycandakı PZ ŞİRKƏTLƏR QRUPU-nun rəhbəridir. Ağalar Vəliyev bu şirkət üzərindən plastik pəncərələr istehsal edən fabrikin, betonzavodun və “MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin sahibidir. “MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin daxilində kiçik hostel və özəl bağça fəaliyyət göstərir. Bu da P.Vəliyevin özünün nəzarətindədir.

Deputatın Azərbaycanda da böyük biznesi var. Elə Bakıda çoxsaylı ərazilərdə, hətta metro çıxışlarının üstündə, dəmiryol xətlərinin bir addımlığında yüksəkmərtəbəli binalar tikərək, çox baha kredit faizləri ilə satan “Kristal Abşeron” tikinti şirkəti də Ağalar Vəliyevə məxsusdur.

***

"Son günlər bəzi media resurslarında və sosial şəbəkələrdə guya bir deputatın sahibi olduğu “Kristal” şirkəti tərəfindən Xırdalan layihəsində inşa edilən binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı yayılan iddialar tamamilə əsassız, həqiqətə uyğun olmayan və böhtan xarakterlidir".

Mia.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ümumiyyətlə “Kristal” şirkəti tərəfindən Günel adlı şəxsə hər hansı mənzil və ya digər daşınmaz əmlak nə hədiyyə edilib, nə də satılıb: "Adı çəkilən şəxs şirkət tərəfindən inşa edilən Biləcəri layihəsində yerləşən, lakin şirkət tərəfindən əvvəlcədən satılmış bir mənzili birbaşa “Kristal” şirkətindən deyil, həmin mənzilin qanuni sahibindən əldə edib. Bu əməliyyat şirkətimizdən kənar, tamamilə mülki-hüquqi əsaslarla həyata keçirilmişdir. Bu kimi uydurma və sensasiya xarakterli xəbərlərin yayılması şirkətimizin işgüzar nüfuzuna zərər vurmaqla yanaşı, eyni zamanda Azərbaycanın ailə dəyərlərinə, xalqımızın mədəni-mənəvi irsinə və cəmiyyətimizdə formalaşmış etik normalara ziddir. “Kristal” şirkəti bu cür qeyri-etik, böhtan xarakterli və ictimai rəyə mənfi təsir göstərən məlumatların yayılmasını qətiyyətlə qınayır və media nümayəndələrini peşə etikası prinsiplərinə, obyektivliyə və məsuliyyətə riayət etməyə çağırır. Bu kimi məlumatların yayımının dərhal dayandırılmasını, artıq dərc olunmuş materiallara münasibətdə təkzib və müvafiq düzəlişlərin verilməsini tələb edirik. Əks halda, şirkətimiz qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqi vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır".

F.Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA