“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada

img

26-12-2025 [16:07]


“Facemark” şirkətinin təşkilatçılığı ilə ölkəmizdə II Qadın Liderləri Zirvəsi keçiriləcək.

Mia.az xəbər verir ki, tədbir 07 mart tarixində Gülüstan Sarayında baş tutacaq və “Cəhalətdən cəmiyyətə” konsept mesajı ilə bilikdən dəyərə, fərdi inkişafdan ictimai təsirə gedən yolu ön plana çıxaracaq.

Tədbir biznes, media, dövlət və ictimai sahələrdən nüfuzlu qadın liderləri bir araya gətirərək ilhamverici çıxışlar, panel müzakirələri və təcrübə mübadiləsi imkanı yaradacaq.

Qeyd edək ki, zirvənin əsas məqsədi passiv kütlədə qalmış fərdi potensialı aşkar edərək onu aktiv cəmiyyət quruculuğuna yönəltməkdi. Tədbirin devizində "Cəhalət" sözünün işlədilməsi də təsadüfi deyil: bu, hazırkı dövrdə təkcə biliksizlik yox, həm də imkanlardan xəbərsizlik, özünə inamsızlıq və ictimai proseslərdən təcrid olunma vəziyyətidi. Zirvə, bilik və praktiki bacarıqların bölüşülməsi ilə hər bir iştirakçının "kütlədən çıxış" yolunu müəyyən etməsinə dəstək olacaq. Tədbirdə müzakirələr bu itkiləri necə aradan qaldırmağa, qadınları iqtisadi və sosial həyatın tamhüquqlu, məhsuldar iştirakçısına çevirməyə fokuslanacaq.

Zirvə 3 paneldən ibarət olmaqla gün ərzində davam edəcək.

Zirvəyə gedən yol: Bu panel “cəhalətdən cəmiyyətə” uzanan transformasiyanın qadın taleyi üzərində necə formalaşdığını, qadın səsinin əvvəlcə eşidilməz olduğu yerdən başlayıb zamanla mənaya, dəyərə və təsirə çevrilən yolunu əhatə edir. Burada liderliyə gedən yolun təkcə uğurla deyil, axtarışla, öyrənməklə, daxili oyanışla və səsin tədricən görünürlük qazanması ilə necə formalaşdığı real həyat hekayələri üzərindən müzakirə olunacaq.

Zirvədəki baryerlər və maneələr: Bu panel qadın səsinin qarşısına qoyulan görünən və görünməyən sərhədləri, bəzən açıq, bəzən gizli şəkildə qurulan maneələri analiz edir. Sosial stereotiplər, institusional baryerlər, psixoloji basqılar və “şüşə tavan” effekti qadının irəliləyişini hansı nöqtədə saxladığı prizmasından dəyərləndirilir və bu nöqtələrin necə aşılması mümkün olduğu peşəkar təcrübələr əsasında müzakirə olunur.

Zirvədə davamlılıq və dayanıqlılıq: Bu panel qadın liderliyinin təkcə zirvəyə çatmaqla bitmədiyini, əsas gücün orada qalmaq, təsir yaratmaq və uzunmüddətli dəyər formalaşdırmaq olduğunu ön plana çıxarır. Emosional dayanıqlılıq, davamlı qərarvermə, böhranlara adaptasiya, komanda ilə sağlam münasibət və sosial məsuliyyət anlayışı qadın səsinin cəmiyyətdə uzunmüddətli təsir mexanizmi kimi necə işlədiyini göstərir.

Tədbir çərçivəsində biznes, media, ictimai və digər strateji sahələrdə söz sahibi olan qadın liderlərin çıxışları, aktual mövzulara həsr olunmuş tematik panel müzakirələri, eləcə də real həyat və peşəkar təcrübələrin paylaşımı baş tutacaq. Bu müzakirələr iştirakçılara həm ilham, həm də praktik baxış bucağı qazandırmağı hədəfləyir.

Qeyd edək ki, ötən il keçirilən anoloji tədbir qadın liderliyi mövzusunu cəmiyyətin gündəminə daşıyaraq geniş müzakirələrə səbəb olmuşdu. Tədbirdən sonra da davam edən geniş müzakirələr ictimai maraq doğurmuşdu. Bu il tədbir daha geniş format, daha dərin məzmun və konkret nəticələrə yönəlmiş yanaşma ilə yenidən təşkil olunur.

Yeri gəlmişkən, mia.az saytı xanımların ikinci zirvə görüşünə informasiya dəstəyi verir.

Zülfiyyə Mustafayeva

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA