ABŞ, Azərbaycan və Ermənistan liderləri bir arada: mühüm sənəd imzalandı, birgə mesajlar verildi - CANLI YAYIM (VİDEO, FOTOLAR) - Yenilənib

img

09-08-2025 [00:27]


Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezident Donalda Tramp, Ermənistan Baş naziri Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb.

Mia.az xəbər verir ki, sənəd üç ölkənin liderinin görüşündən sonra imzalanıb.

Daha sonra çıxış edən liderlər öz fikirlərini alqışlayıblar.

***

Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq.

Mia.az xəbər verir ki, bunu Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev ABŞ və Ermənistan liderləri ilə birgə bəyanatla çıxış edərkən deyib.

“Bu, Azərbaycan üçün tarixi nailiyyətdir”, - o əlavə edib.

Dövlət başçısının sözlərinə görə, dünyanın ən böyük ölkəsi ilə strateji tərəfdaşlıq formatında əməkdaşlıq böyük imkan olmaqla yanaşı, çox böyük məsuliyyətdir.

“Bu strateji tərəfdaşlıq formatı bir çox mühüm sahələri əhatə edir: qarşılıqlı sərmayələr, ticarət, enerji, rabitə, tranzit, süni intellekt, müdafiə təyinatlı məhsulların satışı, terrorizmlə mübarizə. Bütün bu sahələrdə əməkdaşlığımız var idi və ümid edirəm ki, gələcəkdə də çox fəal əməkdaşlıq edəcəyik”, - Azərbaycan Prezidenti qeyd edib.

***

Sülh sazişinin hazırlanması və imzalanması, nəticə etibarilə iki ölkə arasında yeni bir mərhələnin açılması və ölkələrimiz arasında suverenliyin və ərazi bütövlüyünə hörmətlə yanaşılmasının başlanğıcıdır.

Mia.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp ilə mətbuata birgə bəyanatında deyib.

***

İlham Əliyev isə ABŞ liderinin Nobel mükafatını haqq etdiyini dilə gətirib: "Nikol Paşinyanla birgə Nobel komitəsində Donald Trampla bağlı müraciət edək. Donald Tramp buna layiqdir. O, qısa bir zamanda uzun çəkən danışıqlar prosesini yekunlaşdıra bildi. Biz Ermənistan Baş naziri ilə birlikdə məktub yazıb, müraciət edə bilərik". 

***

"Prezident Tramp və onun komandası olmasaydı, biz uzunmüddətli danışıqlar prosesində qalardıq".

Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla Vaşinqtonda birgə bəyanatlar zamanı deyib: "Bu gün tarixi gündür. Bu gün bir çox divarları rədd edəcək və rifaha yol açacaq. Tramp Qafqaza sülh gətirdi. Azərbaycan xalqı bir çox regionlara, o cümlədən Cənubi Qafqaza sülh gətirən ABŞ Prezidenti Donald Trampın sülhməramlı siyasətini daim xatırlayacaq. Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik, bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük imkandır. Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq. Bizim strateji tərəfdaşlığımız başlayır”

***

"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq".

Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə mətbuata birgə bəyanatında deyib.

***

"Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı belə mühüm sənədi imzalamaq üçün Vaşinqtona gəlmələri münasibətilə təbrik edirəm".

Bunu ABŞ Prezidenti Donald Tramp liderlərlə üçtərəfli görüşdə deyib.

Tramp deyib ki, “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışını təmin edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Amerika lideri Donald Trampa minnətdarlığını bildirib: "Uzun illər əvvəl Azərbaycana tətbiq edilən “907-ci düzəliş”in bu gün ləğv edilməsinə görə sizə təşəkkür edirəm. Bu gün həqiqətən Azərbaycan xalqının yaddaşına həkk olunacaq".

***

"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymağa çalışdılar və hamısı uğursuz oldu. Nəhayət, bu gün bu, bitəcək",- deyə, o bildirib.

ABŞ lideri əlavə edib ki, Azərbaycanla ABŞ arasında əməkdaşlıqda mühüm məqam ondan ibarətdir ki, tərəflər hərbi sahədə əməkdaşlıq qururlar: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışını təmin edəcək."

***

ABŞ və Azərbaycan Prezidentləri Donald Tramp və İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli bəyanatla çıxış edirlər.

Mia.az xəbər verir ki, bundan əvvəl ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrılıqda görüşləri olub.

 

ABŞ ilə Azərbaycan arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.

Mia.az xəbər verir ki, memorandum Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqındadır.

***

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Ağ Evdə rəsmi şəkildə qarşılayıb.

Mia.az xəbər verir ki, ABŞ və Azərbaycan bayraqları önündə dayanan iki lider səmimi şəkildə salamlaşıblar. Tramp İlham Əliyevlə görüşdə isti əl sıxaraq media nümayəndələri qarşısında qısa müddətli səmimi söhbət aparıb.

Görüş iki liderin bağlı qapılar arxasında ikitərəfli müzakirələrlə davam edir.

Prezident Tramp Azərbaycan və Ermənistan liderləri ilə sülh prosesinin irəliləməsi üçün əməkdaşlıq planları və ABŞ-Azərbaycan münasibətlərində qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparacaq.

Görüşlərin sonunda Oval Ofisdə jurnalistlərə nəticələr barədə rəsmi açıqlamaların verilməsi gözlənilir.

Jurnalistin Prezident Trampa görüşdən sonra barış ümidinin olub-olmaması barədə sualına Tramp “Çox-çox ümidliyəm” cavabını verib.

***

ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başa çatıb.

Görüş təxminən 20 dəqiqə davam edib.

Görüşdə, digər məsələlərlə yanaşı, ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi məsələləri, o cümlədən Bakı ilə İrəvan arasında sülh prosesi müzakirə olunub.

Görüşün yekununda Ermənistan və ABŞ arasında bir sıra sənədlər imzalanıb.

***

ABŞ-da səfərdə olan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu gün Ağ evdə görüşləri olacaq.

Mia.az
 xəbər verir ki, İlham Əliyevin ABŞ prezidenti Donald Trampla görüşü yerli vaxtla saat 3.20 (PM) (Bakı vaxtı ilə 23:20) nəzərdə tutulub.

Yerli vaxtla saat 4.00 (PM)-də (Bakı vaxtı ilə 00.00) Donald Trampın iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşü keçiriləcək.

ABŞ prezidenti ötən gün "Truth" hesabında bu görüşü Sülh Sammiti adlandırıb və səbirsizliklə gözlədiyini bildirib. O, həmçinin, bu günü Azərbaycan, Ermənistan, ABŞ və bütün dünya üçün tarixi gün kimi dəyərləndirib.

Azərbaycan prezidentinin görüşlərini aşağıdakı linklərdən canlı izləmək olar:

***

Ağ Ev Azərbaycan və Ermənistan liderlərini gözləyir.

Mia.az Report-a istinadla xəbər verir ki, hər iki ölkənin bayraqları artıq Ağ Evin giriş qapısına gətirilib. Təhlükəsizlik tədbirləri gücləndirilib, qarovul düzülüb və hazır vəziyyətə gətirilib.

ABŞ Prezidenti Donald Tramp ilk olaraq Ermənistanın Baş naziri Nikol Paşinyanı salamlayacaq və sonra Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Bu, iki ölkə liderləri arasında uzun müddətdir gözlənilən bir görüşdür və regionda sülhün bərqərar olması üçün mühüm addım kimi qiymətləndirilir.

Tədbir Ağ Evdə yüksək səviyyəli təhlükəsizlik və rəsmi mərasimlə müşayiət olunacaq. Liderlərin görüşündən sonra daha geniş açıqlamaların verilməsi gözlənilir.

img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR