Laçında taixi görüş - Üç ölkə lideri bir araya gəldi, mühüm mesalar verildi (VİDEO, FOTOLAR)
28-05-2025 [17:55]
Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib.
Mia.az xəbər verir ki, dövlətimizin başçısı Zirvə görüşündə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.
Hörmətli Pakistanın Baş naziri, əziz qardaşım Məhəmməd Şahbaz Şərif.
Əziz dostlar, Azərbaycana, Şərqi Zəngəzura, Laçına xoş gəlmisiniz.
Bugünkü Zirvə görüşü Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilir. Bunun böyük rəmzi mənası var. Bugünkü Zirvə görüşü sayca ikincidir. Keçən ilin iyulunda Azərbaycan-Türkiyə-Pakistan birinci Zirvə görüşü keçirilmişdir. Əminəm ki, biz bu ənənəni davam etdirəcəyik.
Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq.
Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik.
Ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var.
Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq.
Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir.
Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik.
Müdafiə sahəsində əməkdaşlıq tərəfdaşlığımızın önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib. Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir.
Biz, həmçinin rəqəmsal innovasiyalar, süni intellekt və kosmik texnologiyalar kimi yeni əməkdaşlıq sahələrini araşdırmalıyıq.
Birgə mədəni tədbirlər, akademik tərəfdaşlıqlar və turizm əlaqələrinin fəallaşması xalqlarımız arasındakı bağları daha da gücləndirəcəkdir.
Eyni zamanda, beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyimiz gücümüzə güc qatır. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylərimizi daha da möhkəmləndirmək əzmindəyik.
Həmçinin ölkəmizin ötən il D-8-in 11-ci Zirvə görüşü zamanı yekdilliklə bu təşkilatın üzvü seçilməsində göstərilən dəstəyə görə qardaş Türkiyəyə və qardaş Pakistana bir daha təşəkkür edirəm.
Hörmətli həmkarlar, Azərbaycan hər zaman qardaş Türkiyənin və Pakistanın yanında olub.
Türkiyənin terrorçuluqla mübarizə istiqamətində əldə etdiyi uğurlar bizi ürəkdən sevindirir. PKK terror qruplaşmasının özünü ləğv etməsi və tərk-silah ilə bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyinin və əzminin, Türkiyə dövlətinin gücünün nümunəsidir. Bu tarixi hadisə yalnız Türkiyə üçün deyil, ümumilikdə bölgədə sülh və əmin-amanlıq üçün önəmli məsələdir. Bu tarixi hadisə münasibətilə qardaş Türkiyəni bir daha təbrik edirəm.
Pakistan və Hindistan arasında son gərginliyi böyük narahatlıq hissi ilə, eləcə də sülhün və sabitliyin bərpa olunacağı ümidi ilə yaxından izlədik. Bu gərgin dönəmdə ilk gündən Pakistanla həmrəyliyimizi açıq şəkildə ifadə etdik. Münaqişənin dialoq və sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan həllini dəstəkləyirik.
Əziz dostlar, 30 illik Ermənistan işğalından sonra dirçəliş dövrünü yaşayan Laçına bir daha xoş gəlmisiniz.
Əminəm ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədi olacaq.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Sonra Türkiyə Prezidenti çıxış etdi:
Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışı
-Əziz qardaşım, Prezident cənab İlham Əliyev.
Əziz dostum, Baş nazir cənab Şahbaz Şərif.
Hörmətli mətbuat nümayəndələri.
Sizləri ən səmimi duyğularımla, sevgi ilə salamlayıram.
Birincisini ötən il Astanada keçirdiyimiz Türkiyə-Azərbaycan-Pakistan üçtərəfli Zirvəsinin ikinci toplantısında sizlərlə birlikdəyik. Səmimi ev sahibliyinə görə İlham qardaşıma təşəkkür edirəm.
Çıxışımın əvvəlində Can Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edirəm. Həyatlarını qurban verərək Azərbaycanın müstəqilliyini təmin edən şəhidlərimizi rəhmətlə yad edirəm.
Qarşılıqlı sevgi, hörmət və etimada əsaslanan, eyni mədəniyyət mühitindən bəhrələnən ortaq idealları bölüşən üç qardaş ölkəyik. Təxminən 350 milyon əhaliyə və 1,5 trilyon dollar iqtisadi gücə sahib ölkələrimizin arasındakı bağları daha da gücləndiririk. Birliyimizi strateji tərəfdaşlığa çevirməyə yönəlmiş hər bir addımın arxasında olduğumuzu xüsusilə vurğulamaq istəyirəm.
Bölgəmizdə baş verən hadisələr ölkələrimiz arasındakı həmrəyliyin nə qədər vacib olduğunu gündən-günə daha aydın şəkildə göstərir. Azərbaycanın 30 il işğal altında qalan torpaqlarının azad olunması ilə artıq bölgənin sabitlik, rifah və inkişaf mərkəzinə çevrilməsini arzulayırıq. Bu gün səhər açılışını etdiyimiz Laçın Hava Limanının bölgənin uzun illərdən bəri həsrət qaldığı inkişafa və dünya ilə inteqrasiyasına mühüm töhfə verəcəyinə inanıram.
Dəyərli qardaşım cənab Şahbaz Şərifi üç gün əvvəl İstanbulda qəbul etdik. Görüşümüzdə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində tərəfdaşlıq məsələlərini nəzərdən keçirdik. Türkiyə ilə Pakistan arasındakı dərin tarixi və humanitar əlaqələri daha da möhkəmləndirmək barədə razılığa gəldik.
Fürsətdən istifadə edərək, Pakistan ilə Hindistan arasında baş verən gərginliyin atəşkəslə nəticələnməsindən məmnunluq duyduğumuzu ifadə etmək istəyirəm. Bu proses müddətində nümayiş etdirdiyi təmkinli və qətiyyətli mövqeyinə görə Şahbaz qardaşımızı və Pakistan rəsmilərini bir daha təbrik edirəm. Arzumuz elan olunan atəşkəsin davamlı sülhə çevrilməsidir. Türkiyə bu yolda üzərinə düşən hər cür töhfəni verməyə hazırdır.
Əziz qardaşlarım, ölkələrimiz Avropa ilə Asiyanın kəsişmə nöqtəsində, son dərəcə strateji bir bölgədə yerləşir. Coğrafiyamızda və onun hüdudlarından kənarda təhlükəsizlik təhdidlərindən tutmuş iqtisadi çətinliklərə, enerji və qida böhranlarına qədər bir çox sınaqlarla eyni anda üz-üzəyik. Bu çətinliklər qarşısında həmrəylik və birgə fəaliyyət məqsədimizin inkişaf etdirilməsini bir seçim deyil, zərurət olaraq görürük.
Üçtərəfli əməkdaşlığımızı daha da irəli aparmaq üçün bu gün əziz qardaşlarımla mühüm mövzularda fikir mübadiləsi aparırıq. Üçtərəfli əməkdaşlığımızın təşkilatlanması üçün qarşıdakı dövrdə xarici işlər nazirlərimiz zəruri işləri həyata keçirəcəklər. Xüsusilə ortaq gündəmimizi formalaşdıran ticarət, investisiyalar, nəqliyyat, enerji, müdafiə sənayesi və terrorla mübarizə kimi sahələrdə ölkələrimizin ortaq baxışını əks etdirən güclü bir çərçivə hazırlayacaqlar.
Türkiyə, Azərbaycan və Pakistan olaraq, mütəmadi üçtərəfli Zirvə görüşləri və nazirlər səviyyəsində toplantılar təşkil etməklə əməkdaşlığımızı institusional səviyyəyə çatdıracağıq. Müdafiə sahəsində əməkdaşlığımızı dərinləşdirib terrorla mübarizə və transsərhəd təhdidlərə qarşı ortaq qətiyyətimizi davam etdirəcəyik. Ticarətin asanlaşdırılması, investisiyaların təşviqi və rəqəmsal transformasiya sahələrində müştərək addımlar atmağı hədəfləyirik.
Əməkdaşlığımızın son dərəcə strateji aspektini təşkil edən nəqliyyat sahəsində “İnkişaf Yolu”, “Orta Dəhliz” və “Şimal-Cənub Nəqliyyat Dəhlizi” kimi layihələrə birlikdə töhfə verəcəyik. Mədəniyyət və təhsil sahələrində, xüsusilə də gənclərimizin və alimlərimizin qarşılıqlı təmaslarını artıracaq layihələr üzərində çalışacağıq. Enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi və bərpaolunan enerji sahələrindəki imkanları birlikdə dəyərləndirəcəyik.
İnşallah, bütün bu sahələrdə nüfuzlu layihələri həyata keçirməklə üçtərəfli əməkdaşlığımızı daha da yüksək səviyyəyə çatdıracaq və xalqlarımıza yeni nailiyyətlər bəxş edəcəyik.
Əziz qardaşlarım, qütbləşmənin dərinləşdiyi, bloklaşmanın artdığı bu dövrdə beynəlxalq sistemin getdikcə legitimlik böhranına sürükləndiyinin şahidi oluruq. Beynəlxalq sistemin yaşadığı böhranın bu baxımdan açıq nümunəsini İsrailin Fələstində qarşısıalınmaz zülmü və bu zülm qarşısında davam etdirdiyi ekspansionist siyasət təşkil edir. Biz Qəzzada göz görə-görə qətlə yetirilən günahsız uşaqların və insanların haqqının müdafiəsini davam etdirməkdə qətiyyətliyik. Bölgəmizin sabitliyini pozmağa çalışan bütün cəhdlərə qarşı duracağımızı bir daha vurğulamaq istəyirəm. Coğrafiyamız qandan və göz yaşından doymuşdur. Buradan bütün dünyaya Qəzzada davamlı atəşkəsin təmin olunması və Qəzzaya fasiləsiz, təcili humanitar yardımın çatdırılması üçün İsrail hökumətinə təzyiqləri artırmaq barədə çağırış edirik.
Çıxışımın sonunda İlham qardaşım başda olmaqla Can Azərbaycan xalqına, xüsusilə də laçınlı qardaşlarıma səmimi qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirirəm.
Sizləri yenə də ən səmimi duyğularımla salamlayır, 28 May – Müstəqillik Gününüzü bir daha təbrik edirəm. Uca Allah yolumuzu və taleyimizi açıq etsin. Rəbbim qardaşlığımızı əbədi, birliyimizi davamlı etsin. Sağ olun, salamat qalın.
X X X
Daha sonra Pakistanın Baş naziri çıxış etdi.
Baş nazir Məhəmməd Şahbaz Şərifin çıxışı
-Bismillahir-rəhmanir-rəhim.
Möhtərəm Prezident İlham Əliyev.
Möhtərəm Prezident Rəcəb Tayyib Ərdoğan.
Hörmətli nazirlər, hörmətli tədbir iştirakçıları, salamaleyküm, hər vaxtınız xeyir.
Çıxışımın əvvəlində əziz qardaşım Prezident İlham Əliyevi, azərbaycanlı bacı və qardaşlarımızı Müstəqillik Günü münasibətilə təbrik etmək istəyirəm. Azərbaycan xalqı öz azadlığı uğrunda çox ciddi mübarizə apardı və siz bu gün beynəlxalq müstəvidə də güclü mövqeyə maliksiniz.
Bu məqamda mən, həmçinin əziz qardaşım Rəcəb Tayyib Ərdoğana təbriklərimi çatdırmaq istəyirəm. Çünki o, çox böyük məharətlə PKK məsələsini həll etdi və bu, əziz qardaşımın diplomatik məharətini nümayiş etdirdi. Bu məsələ öz həllini tapdı və beləliklə, Siz təkcə regionda deyil, dünya müstəvisində də mühüm hörmətə malik oldunuz.
Əziz qardaşım İlham Əliyev, səmimi qonaqpərvərliyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu gün əziz qardaşlarım - Prezident Əliyev və Prezident Ərdoğanla əsl dostların, qəlblərin və ruhların təzahürü olan bu gözəl məkanda birgə olmaqdan böyük şərəf duyuram. Gözəl Laçında dalğalanan Azərbaycan, Türkiyə və Pakistan bayraqlarını görmək qəlblərimizi hədsiz sevinc və fəxarət hissi ilə doldurur.
Zati-aliləri, biz ötən il Astanada üçtərəfli formatda görüşdük və qarşılıqlı maraq doğuran məsələlər ətrafında olduqca səmərəli müzakirələr apardıq. Bu gün isə biz füsunkar Laçında üçtərəfli tərəfdaşlığımızı xalqlarımızın istəyinə uyğun olaraq yeni səviyyəyə qaldırmaq arzusundayıq. Həmin arzu heç kəsi təəccübləndirməməlidir. Çünki Azərbaycan, Türkiyə və Pakistan əsrlər boyu təşəkkül tapmış birgə dəyərlərə və qarşılıqlı dəstəyə əsaslanan dərin tarixi, mədəni və mənəvi tellərlə bağlıdır.
Əziz qardaşlarım, son dövrlərdə bu tarixi münasibətləri Qarabağda, Kəşmirdə və Şimali Kiprdə bir-birimizin yanında olmağımızla gücləndirmişik. Bizim gücümüz həmrəyliyimizə və qarşılıqlı hörmətə əsaslanır. Bu, təbiidir, çünki Türkiyədə və Azərbaycanda qardaş xalqlarımız bizə güclü dəstək olmuşlar. Sıravi vətəndaşlarımızın coşqusu bizi valeh etməyə bilməzdi. Mən Pakistanın Hindistanla sonuncu münaqişəsindən bəhs edirəm. Orada nəinki Pakistana qarşı tutarlı dəlillər təqdim olunmadı, hətta Bahalqamda baş vermiş insidentlə bağlı istənilən beynəlxalq qurum tərəfindən bitərəf və şəffaf tədqiqatın aparılması təklifimiz də rədd edildi.
Əziz qardaşlarım, bugünkü dünyamızda ciddi çağırışlar, silahlı münaqişələr, iqlim dəyişikliyi, xəstəliklər və iqtisadi böhranlar mövcuddur. Bu səbəbdən ölkələrimiz bir araya gələrək münaqişəni rədd edir və mərhəməti seçir. Biz əminik ki, səbir və müdriklik nəticə etibarilə qalib gələcəkdir və firavanlığı təmin edəcəkdir. Bugünkü təlatümlü dünyada siyasi və təhlükəsizlik arxitekturaları, bağlantı layihələri və aparıcı texnologiyalar yeni reallığı şərtləndirir. Belə bir şəraitdə Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var. Siz əzəmətli qaya kimi bizimlə bərabər dayandınız və biz tərəddüdsüz olaraq sizə etibar edirik. Biz silahdaş qardaşlar kimi sülhü, ədaləti və mənəvi dəyərləri hər zaman üstün tutacağıq.
Əziz qardaşlarım, əminəm ki, zamanın sınağından keçmiş münasibətlərimiz xalqlarımızın mənafeyinə xidmət edəcək, regionda və daha geniş coğrafiyada sülhə və firavanlığa töhfə verəcək. Bu üçtərəfli format həm zamanında təşkil edilib, həm də mühüm əhəmiyyətə malikdir. Bu, bizə zəruri siyasi məsuliyyətlə yanaşı, qarşılıqlı maraq doğuran sahələrdə birgə irəliləmək üçün təkan verir.
Çıxışımın sonunda bir daha səmimi-qəlbdən Pakistana sonuncu münaqişədə göstərilən dəstəyə görə təşəkkür edirəm. Bu, açıq-aydın Hindistanın bizə qarşı hərbi təcavüzü idi və bunun üçün heç bir səbəb yox idi. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğan, həmin vaxt Sizin qəti mövqeyiniz və həmrəyliyiniz, eyni zamanda, əziz qardaşım İlham Əliyevin də eyni şəkildə göstərdiyi qətiyyət bizdə çox yüksək qiymətləndirildi, həm xalqımız, həm hökumətimiz, həm də şəxsən mənim tərəfimdən. Biz buna görə hər zaman hər ikinizə və hər iki xalqa təşəkkürümüzü bildirəcəyik.
Mən çıxışımın sonunda marşal Asim Munirin rolunu qeyd etmək istəyirəm. Çünki məhz onun rəhbərliyi ilə bizim ordumuz böyük şücaət, peşəkarlıq göstərdi. Bütün xalq ordunun və şəxsən marşalın arxasında idi. Mən həmin məqamda ona diqqət yetirdim. O, qorxmadan cəsur və qətiyyətli hərəkət etdi, eyni zamanda, səbir və çox güclü mövqe nümayiş etdirdi. Allaha şükürlər olsun ki, Allahın bizim üzərimizdə olması səbəbindən və sizin dəstəyiniz nəticəsində biz qalib gəldik.
Mən bir daha qeyd etmək istəyirəm ki, biz regionda sülh arzulayırıq. Biz keçmişdə də sülh istəyirdik, bu gün də sülh istəyirik və gələcəkdə də sülhün tərəfdarı olacağıq. Bunun üçün isə əlbəttə ki, danışıqlar masasında əyləşmək lazımdır. Çünki bu, çox mühüm məsələlərdir və bu məsələlər dinc yolla həll edilməlidir. Bu məsələ Kəşmir probleminə aiddir və burada BMT-nin müvafiq qətnamələri var. Eyni zamanda, bu məsələ Kəşmir xalqının iradəsinə uyğun həll edilməlidir.
İkinci məsələ su məsələsidir. Əziz qardaşlarım, çox təəssüflər ki, Hindistan bu münaqişə zamanı su ilə bağlı sazişi pozdu, Pakistanın 240 milyonluq xalqı sudan məhrum edildi. Bu, bizim həm içməli suyumuz, həm də kənd təsərrüfatı üçün vacib olan su ehtiyatları idi. Bu, bizi çox dərindən məyus etdi ki, Hindistan məhz bu məsələdən, bu imkandan bizə qarşı istifadə etdi. Bu, mümkünsüz bir məsələdir və ümidvarıq ki, gələcəkdə baş verməyəcək. Əlimizdən gələni edirik ki, Hindistan bir daha belə bir hərəkətə yol verməsin.
Sonda terrorçuluq məsələsinə toxunmaq istəyirəm. Mən qeyd etmək istəyirəm ki, Hindistan həqiqətən terrorçuluqla mübarizədə səmimi dialoqa hazırdırsa, biz Hindistanla bu məsələdə müzakirə aparmağa hazırıq. Ancaq qeyd etmək lazımdır ki, terrorun qurbanı bizik. Son onilliklər ərzində bizim 90 min vətəndaşımız terrorun qurbanı olub, bizə 150 milyard dollar həcmində iqtisadi ziyan dəyib. Ona görə də terrorun kökünü birdəfəlik kəsmək bizim öhdəliyimiz və niyyətimizdir. Bir daha deyirəm ki, Hindistan buna hazırdırsa, Pakistan Hindistanla bunu müzakirə edə bilər, eyni zamanda, ticarətin təşviqini və digər məsələləri.
Mən bir daha Sizə bütün bu məsələlərdə bizə dəstək göstərəcəyinizə ümid edirəm. Əziz qardaşlarım, Uca və Müdrik Allahdan bu işimizdə bizə yardımçı olmağı diləyirəm.
Əziz qardaşlarım, diqqətinizə görə təşəkkür edirəm. Yaşasın Pakistan-Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu!
***
Laçında Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilir.
Mia.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
ABŞ-da parkda atışma: 7 nəfər yaralanıb, 3-nün vəziyyəti ağırdır
ABŞ bayrağı Dəməşqdə yenidən ucaldılıb
Rəsmi Moskva: "Putinin müşavirinin ailəsini təhdid edirlər"
37 yaşlı şəxs ürəyindən vurulub
Azad Cammu və Kəşmirdə toqquşma: 2 polis, 4 yaraqlı öldürülüb
Türkiyədə daha bir zəlzələ olub - 4,3 bal gücündə
Ceyhun Bayramov senatorla bir arada: nələr müzakirə edilib?
Müğənni Rəvan kliplərini "yutub"dan sildirir - VİDEO
Finlandiya prezidenti İlham Əliyevi təbrik edib
"Mançester Yunayted"in türk qapçısına "elçi" var
"Fənərbağça" məşhur futbolçunu heyətinə qatmaq istəyir
Bakıda polis 4.5 ton narkotik vasitəni məhv edib - FOTOLAR
İsrail İordan çayının qərb sahilində daha 22 yeni qəsəbə salacaq
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Müğənni Aybəniz Haşımovanın qardaşı cəzalandırıldı
Bu bölgələrdə güclü külək olacaq - Xəbərdarlıq
4 rayonunda qanunsuz ağackəsmə... - Cinayət işi açıldı
HƏRBÇİMİZ MİNAYA DÜŞÜB - Açıqlamalar (Yenilənib)
Laçına növbəti köç olub - Daha 41 ailədən köçürülüb (YENİLƏNİB)
"Belə yazanı "demaqoq" adlandırırlar" - Nura Suri + VİDEO
Xalq artisti Əməkdar artist polisə şikayət edib: "Mənə qarşı aqressiv davranış sərgilədi və..."
Xəzər Universitetində tələbə bıçaqlanıb
Sahil Babayev sabiq məmuru yüksək vəzifəyə təyin etdi - Nazirlikdə növbəti dəyişiklik
Şahbaz Şərif Laçın hava limanından belə yola salındı - FOTO
Prezident İlham Əliyev iş adamlarını qəbul edib - FOTOLAR
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan Ordusunun "Smerç” YARS bölməsi təlimdə - VİDEO
"Onları məzarıma buraxmayın" - Özünə arvad axtaran müğənni "iki nəfərlə eyni şəhərdə hava almaq istəmirəm" dedi
Müəllim uşağın başına zərbə vurur və... - Polis faktı araşdırır (HADİSƏ ANININ VİDEOSU)
Okan Buruk: "Əcnəbi qapıçı axtarışımız davam edir"
Mayora hücum edən kikboksçuların ittihamı ağırlaşdırıldı - TƏFƏRRÜAT
MN Ermənistana cavab verdi: "Azərbaycan Ordusu atəş açmayıb"
Kamran Əliyev Lənkəranda vətəndaşları qəbul edəcək - Bu tarixdə
Mask vəzifədən getdi - Trampla vidalaşmadı
Cənubi Koreyada hərbi təyyarə qəzaya uğrayıb - Ölənlər var
Göygöl rayonunda qadın müəllimlər dalaşıblar - Cinayət işi açılıb
Qəzzada beynəlxalaq təşkilatın işçiləri həlak olub
ARDNF AGPA şirkətinə 50 milyon dolları investisiya qoyub - Açıqlama
Krivoy Roqda Azərbaycanla bağlı möhtəşəm tədbir... - VİDEO, FOTOLAR
İyunun 1-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək - DİM-dən xəbərdardarlıq
Odessada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107 illiyi qeyd olunub - Kimlər çıxış edib? + FOTO
“Gənc qazilər” İctimai Birliyi fəaliyyətini dayandırıb
Nazir Xalq artistinin nəvəsinə vəzifə verdi