Ağcabədi rayonunda buğda istehsalçılarıa verilən subsidiyalar zamanı "pripiska” hallarına yol verilməsi ilə bağlı Araşdırma Qrupumuz tərəfindən üzə çıxarılmış məlumatlar əsasında hazırlanmış araşdırma yazısıının dərcindən iki həftə keçsə də, Ağcabədi rayon İcra Hakimiyyəti heç bir reaksiya verməmişdir. Ağcabədi rayon İcra Hakimiyyətinin bu susqunluğu faktların doğru olduğunu göstərir. Belə görünür ki, Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun deməyə sözü yoxdur. Çox maraqlıdır ki, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olan Rövşən Əhmədovun adının iri məbləğdə subsidiya alması faktına da aydınlıq gətirməkdən inadla yayınır. Ağcabədi rayon İcra Hakimiyyətində susmağa üstünlük verilsə də, Kənd Təsərürfatı Nazirliyi və prokurorluq orqanlarının bu məsələnin araşdırılması ilə məşğul olması haqqında məlumatlar əldə etmişik. Həmin məlumatları dəqiqləşdirəndən və bu dövlət qurumlarının mövqeyini öyrənəndən sonra əldə etdiyimiz məlumatın məğzini açıqlayacağıq.
Hələlik isə qeyd edək ki, Ağcabədi rayonundakı "taxıl pripiskası” ilə bağlı Araşdırma Qrupumuz yeni faktlar əldə edib. Həmin faktlarla oxucularımızı tanış edir və araşdırma aparan orqanlara təqdim edirik. Məsələn, Ağcabədi rayon Mirzəhaqverdi kəndi üzrə buğda və çəltik istehsal etdiklərinə görə subsidiya alanlar arasında icra başçısı Şahin Məmmədovun yaxın qohumları və başqa kəndlərdə olduğu kimi Rusiyada yaşadığı halda adı subsidiya alanların siyahısında olan şəxlər var. Məsələn, subsidiya alanlar arasında icra başçısı Şahin Məmmədovun əmisi oğlu Əlibala Məmmədovun da adı var. Bundan başqa subsidiya alanlar arasında adı olan Hacıyev Qərib Mustafa oğlunun Rusiyada yaşadığı iddia olunur. Çox maraqlıdır ki, Ağcabədi rayon Mirzəhaqverdi kəndi üzrə buğda və çəltik istehsal etdiklərinə görə subsidiya alanlar arasında adına ən çox subsidiya yazılanlardan biri kənd ərazi icra nümayəndəliyinin rəhbərinin oğlu Şükürov Fərahim İbrahim oğlunun da adı var. Ağcabədi rayon Mirzəhaqverdi kəndi üzrə buğda və çəltik istehsal etdiklərinə görə subsidiya alanların böyük əksəriyyətinin əsasən 1-3 hektar əksinə görə subsidiya aldığı əksini tapıbsa, icra nümayəndəsinin oğlu 20 hektar sahəyə görə dövlətdən 800 manat subsidiya alıb. Maraqlı faktlardan biri də bir çox insanın adına müxtəlif siyahılarda rast gəlinməsidir. Hal-hazırda Araşdırma Qrupu olaraq Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun doğma kəndi də daxil olmaqla Ağcabədi rayonun başqa əraziləri üzrə buğda və çəltik istehsalçılarına verilən subsidiyalarla bağlı məlumatları dəqiqləşdirməsi üzərində iş aparırıq. Həmin məlumatlarla bağlı dəqiqləşdirmə başa çatandan sonra onları da açıqlayacağıq.
Hələlik isə başqa bir məsələyə də toxunmaq istəyirik. Araşdırma Qrupumuza daxil olan məlumata görə Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov başçılıq etdiyi rayonda korrupsiya faktlarını ifşa edən şəxslərə qarşı savaş açıb. Baxmayarq ki, Azərbaycan prezidenti ölkə vətəndaşlarını korrupsiya faktları ilə mübarizədə onun təşəbbüsünə qoşulmağa səsləyib və dövlət başçısının bu çağrışı cəmiyyət tərəfindən böyük dəstəklə qarşılanıb, Ağcabədi rayonunda vəziyyət tamamilə fərqlidir. Prezident İlham Əliyevin korrupsiya ilə mübarizə çağrışına qoşulduğunu söyləyən Ağcabədi rayon Taynaq kənd sakini Şükür Mərkəz oğlu Hacıyev şərlənərək həbs olunub. İcra hakimiyyətinin əməkdaşları Şükür Hacıyevin onları təhqir etdiyinə dair akt tərtib edib, məhkəməyə müraciət ediblər. Məhkəmədə aktı imzalayanların bir neçəsi Şükür Hacıyevin üzünə durmaqdan imtina etsə də hakim bunu nəzərə almayıb. Ağcabədi rayon Məhkəməsinin sədri Xanlar Fərhadov, hətta hadisə yerində çəkilmiş və Şükür Hacıyevin günahsızılığını sübut edən video çəkilişi də nəzərə almayıb. Məhkəmə prosesinin sonunda hakim Şükür Hacıyevi təqsirli bilib, 7 sutka həbs verib.
Şahin Məmmədovun prezident İlham Əliyevin çağrışına qoşulanlara qarşı savaş açması isə bununla bitmir. İndi də icra başçısı Ağcabədi rayon Aşağı Avşar kənd sakini Nizami İnqilab oğlu Nərimanovu cəzalnadırmağa çalışır. Ən azından Nizami Nərimanov bu fikirdədir ki, ona qarşı başladılan məhkəmə prosesi də icra başçısı Şahin Məmmədovun prezident İlham Əliyevin təşəbbüsü ilə korrupsiyaya qarşı mübarizəyə qoşulanlara qarşı savaşının bir hissəsidir. Ağcabədi rayon sakinləri təəssüf edirlər ki, Ağcabədi rayon məhkəməsinin sədri Xanlar Fərhadov da bu prosesdə icra başçısının yanında yer alaraq, prezidentinin siyaətini dəstəkləyənləri cəzalandırmaqla məşğuldur. Ağcabədi rayon sakinləri ümid edirlər ki, Azərbaycan Məhkəmə Hüquq Şurası Xanlar Fərhadovun fəaliyyətinə qiymət verəcək.
Bu arada Araşdırma Qrupumuza Ağcabədi rayon Suvarma Sistemləri İdarəsinin rəisi Əli Əliyev və onun oğlu Aqil Əliyev haqqında məlumatlar daxil olub. Araşdırma Qrupumuz həmin məlumatları da araşdırır. Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyi üçün böyük əhəmiyyət kəsb edən korrupsiyaya qarşı mübarizə siyasətinə qoşulan Ağcabədi rayon sakinlərinə mənəvi dəstəyimizi ifadə edir, dövlət başçısının siyasətini dəstəkləyən hər bir şəxsə uğurlar arzu edirik. Erməni işğalçılarının və onların havadarlarının Qarabağda və Azərbaycanın Ermənistanla həmsərhəd rayonlarında gərginliyin artdığı bir vaxtda prezident İlham Əliyevin siyasətinin daha geniş kütlələr tərəfindən dəstəklənməsini Azərbaycan dövlət maraqları da tələb edir. Biz bütün Azərbaycan xalqını bu çətin günlərdə prezident İlham Əliyevin daxili və xarici siyasətini, o cümlədən də korrupsiya ilə mübarizə siyasətini dəstəkləməyə çağırırıq. Korrupsiya faktlarının ifşa olunamsı ilə bağlı üzərimizə düşən vəzifəni də icra etməkdə davam edəcəyik.
"Yeni Sözçü”