“Vətənim olmasa, oğlum da olmaz" - Şəhid anası (VİDEO)

img

06-08-2014 [18:55]


Səhhətindəki problemlərə görə, Anar hərbi xidmətdən möhlət hüququna malik olsa da könüllü olaraq cəhbəyə getdi.

ANS TV-nin məlumatına görə, o, vətəni canından da üstün tutduğuna görə, bu ocağa 3 aydan sonra şəhid kimi qayıtdı. 

İyulun 31-dən avqustun 1-nə keçən gecə Ağdam cəhbəsində düşmən hücumunu dəf edərkən yaralanan və 3 gündən sonra həlak olan əsgər Anar Vidadi oğlu Qarazadə Biləsuvar rayonunun Nərimankənd kəndinin son 3 gündəki 3-cü şəhididir. Atasız böyüyən Anarın vaxtsız ölümü doğmalarını için-için sızlatsa da, təsəlli yeri də var - vətən təəssübkeşliyi, torpaq qeyrəti, ana-bacı namusu.

Şəhid Anarın anası Şəfəqqət Qarazadənin sözlərinə görə, birinci vətən, sonra oğul: "Vətənim olmasa, oğlum da olmaz. Ona görə də ağlamıram. Mənim oğlum vətən uğrunda gedib”.

Nərimankənddin digər şəhidləri - gizir Pərvin Əliyevin doğmaları da övladlarının şəhid olmaları ilə qürur duyduqlarını dedilər. Övladlarının şəhid ruhlarının Qarabağ azad olan gün rahat olacaqlarını bildirdilər.

Şəhid Pərvin Əliyevin anası Rəfiqə Əliyeva isə deyir ki, "Şəhid ruhları narahatdır. Onlar o zaman sakitlik tapacaq, dincələcəklər ki, vətən torpaqları azğın düşmən əlindən xilas olunsun”.

Şəhidin xanımı da yoldaşının ruhunun şad olması üçün başını dik tutur. 

Şəhid Pərvinin həyat yoldaşı Zülfiyyə Əliyeva söyləyir ki, "Mənə həmişə deyirdi ki, sən də mənim kimi kişisən. İki balamı sənə qoyub gedirəm. Balalarım sənə əmanət olsun. Balalarımı qürurla saxlayacaqsan".

Bu qüruru şəhid gizir Rahil Hüseynovun ailəsində də hiss etdik. Qarabağ müharibəsi veteranı olan şəhid atası Əfsər kişi oğlunun intiqamını alacağına and içdi.

Bu gün Biləsuvarlı gənclər axın-axın şəhid ailələrinə baş çəkir, könüllü olaraq cəhbəyə yollanmaq istəklərini dilə gətirirlər. Ölümün qolları nə qədər güclü olsa da, vətən məhəbbəti ondan güclüdür - gənclərin amalı belədir.

Biləsuvarlı gənc Şəmsi Rzalı qeyd edir ki, "İlk başda bizim üçün bu yolu Mübariz İbrahimov qoydu. Davamı da gəlir. Biz hamımız bir nəfər kimi cəhbəyə getməyə hazırıq”. 

Xatırladaq ki, Müdafiə Nazirinin əmri ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilən Anar Qarazadənin mükafatı bu gün təntənəli surətdə doğmalarına təqdim edildi. Mərasimdə şəhidin doğmaları ilə yanaşı rayon ictimaiyyətinin nümayəndələri və Müdafiə Nazirliyinin rəsmiləri iştirak etdi.



Digər xəbərlər
SON XƏBƏRLƏR
20:19 16.05.2025

Qayıdış nəğməsi