Təcrübəli təhsil işçisi Əmrullayevə ismarıc yolladı: "Təəssüf ki, son zamanlar..." - "Lazımsız sənədləşmə, hesabat isə nə qədər desən..." (VİDEO)

img

27-12-2024 [21:59]


"22 dekabr 2024- cü il tarixində Təhsil Forumunun təşkilatçılığı ilə keçirilən "Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə həsr olunmuş Təhsil İşçilərinin Həmrəylik Forumunda mənim də əvvəldən nəzərdə tutulmamış qısaca çıxışım olub".

Mia.az xəbər verir ki, bu sözləri İmişli rayon Təhsil Sektorunda müxtəlif vəzifələrdə işləmiş tanınmış təhsil mütəxəssisi Vahid Tağıyev "Feysbuk"dakı səhifəsində yazıb.

Vahid Tağıyev çıxışında təhsil sektorunda dərin kök salan olduqca mühüm problemlərə toxunub.

Təcrübəli təhsil mütəxəssisi vaxtilə Respublika üzrə müəllimlərin işə qəbulu komissiyasının sədri, məktəb direktoru və müavinlərin işə qəbulu komissiyasının isə üzvü olduğunu xatırladıb.

O, bildirib ki, bu sahədə xeyli sayda uğurlu kadrlar var. Lakin uğurlar olduğu kimi, problemlər də var: "Bəzən elə problemlər var ki, yüksək tribunalardan dilə gətirmək olmur. Ancaq bu, hamımızı incidir, ağırdır. 40 il bu sahədə çalışan biri kimi, həmişə təhsil nazirlərimizə problemləri birbaşa çatdırmışam. İstəmişəm ki, problemlər dərindən müzakirə olunub, həllini tapsın. Çox təəssüf ki, son zamanlar təklifə o qədər də yaxşı baxılmır. Bir yanaşma var ki, ən yaxşısını biz bilirik. Halbuki, təhsil elə bir sahədir ki, daim müzakirə istəyir..."

V.Tağıyevin sözlərinə görə, hazırda ümumi təhsil məktəblərində tərbiyə məsələləri diqqətdən kənarda qalır:

"Onun təşkili vəziyyəti, nəticələri öyrənilmir. İdarəetmənin vacib funksiyalarından biri olan keyfiyyətin monitorinqinin təşkili və ona nəzarət istisnaları çıxmaq şərti ilə yox səviyyəsindədir. Lazımsız sənədləşmə, hesabat isə nə qədər desən...

Təlim - tərbiyə, tədrisin forma və metodlarını özündə ehtiva edən pedaqogika elmi təhsildən ayrı düşüb...

Təlim - tərbiyə prosesində pedaqogika və psixologiyanı kənara qoyub ancaq yaddaşa söykənən biliklər əldə edilməsi insan amilinin hərtərəfli dəyərlərə malik şəxsiyyət kimi formalaşmasına mane olur...".

Tanınmış təhsil mütəxəssisinin dərin məzmunlu çıxışı ilə aşağıdakı videodan tanış ola bilərsiniz:

F.ƏHMƏD

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:51 28.12.2024

Sabah yağış yağacaq