MƏKTƏB DİREKTORU NAZİRƏ AÇIQ MÜRACİƏT YAZDI: "Məni qəbul edin..." - Prezident təqaüdçüsü haqsızlıqla üzləşib

img

07-09-2024 [11:44]


 Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon təhsil sektoru üzrə Əliqulular kənd Rəsul Məmmədov adına tam orta məktəbin direktoru Tağıyev Səxavət Feyruz oğlu (Səxavət Tağlar) Azərbaycan Respublikasının Elm və Təhsil naziri, cənab Emin Əmrullayevə açıq müraciət yazıb.

Surəti Mia.az-a daxil olan müraciəti olduğu kimi təqdim edirik:

"Cənab nazir!

2023-cü ilin 01 may günü 65 yaşım tamam oldu. Həmin vaxtdan etibarən müddətli əmək müqaviləsi əsasında işləyirəm. “Əməkdar müəllim”, 2 metodik vəsait müəllifi, Prezident təqaüdçüsüyəm. 

Məktəbimiz kiçik olsa da, təlim-tərbiyə göstəriciləri rayon üzrə yüksəkdir. Bu tədris illində buraxılış siniflərimizi 3 (üç) nəfər məzun fərqlənmə attestatı ilə bitirdi. XI sinifdə 16 məzunumuzdan 2 nəfəri qəbul imtahanlarında 630 və 620.7 bal topladı. 

Ali məktəblərə sənəd verən məzunlarımızın hamısı yüksək balla dövlət sifarişli ixtisaslara qəbul olundular. IX sinifimizdə buraxılış imtahanının nəticəsi əvvəlki ilin göstəricisindən 38 bal yüksək oldu. Məktəbimizdə sağlam pedaqoji mühit var, işlədiyim müddətdə məktəblə bağlı heç bir instansiyalara şikayət xarakterli məktub və müraciət daxil olmamışdır. Ona görə hesab edirəm ki, mənim müqaviləmin uzadılmasına qanunvericiliklə haqqım çatır. 

Ötən tədris ili Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevdən başqa bir ərazinin - Bəhrəmtəpə qəsəbəsinin sakini çalışmanın yaş həddinə çatmış metodist və məktəb direktorları barədə şikayət etmişdi. İndi Rəşad müəllim deyir ki, o şikayətə görə Elm və Təhsil Nazirliyi qarşısında öhdəlik götürmüşəm. Ona görə sizin əmək müqavilənizi uzatmaq olmaz.

Hansı ki, nazirlikdən gələn qonaqlar bizi qəbul edəndə dedilər ki, müqaviləsi uzadılmış direktorlar içində yalnız Səxavət Tağıyevin müqaviləsinin uzadılmasının əsası var, qanunvericiliyə zidd deyil.

Təəssüf edirəm ki, mənə zərbə elə həmin sözü deyən, o yaşı 70-i haqlamış adamdan gəldi...

Cənab nazir!

Mən təhsil adamıyam, həmişə təhsilin təəssübündə olmuşam. Qurur duyuram ki, gənc müəllimlərin dostu və onlara nümünə ola biləcək bir fəaliyyətim var. Belə diqqətsizlikdən çox üzülürəm. İndi bilmirəm Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevin bu mövqeyindən kimə və hara şikayət edim?!  

Mən ona fəaliyyətimi davam etdirmək barədə ərizə verəndə xahiş etdim ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə vaxtında məlumat verin. Ən azından Ağentliyin direktoru, çox hörmətli Eşqi Bağırov mənim fəaliyyətim barədə məlumatlıdır, müsbət düşüncədə olar. Başqa faktlarım da var. Xahiş edirəm ki, məni qəbul edəsiniz.

Təhsili, onun uğurlarını sevən və peşəsində həmişə məmnunluq hissi yaşayan bir vicdanlı insan kimi, haqqım çatan bu müraciəti də ağrı və utanc hissi ilə yazıram.

Özüm haqqımda əlavə məlumat verirəm:

AYB-nin Aran bölməsi üzrə məsul katibəm. Yazıçı kimi “Vətənpərvərlik işinə görə” və “Turan birliyi” medallarına, Beynəlxalq “Rəsul Rza” və “Yunis Emre” mükafatlarına layiq görülmüşəm.

Məktəbin fəaliyyətinin planlaşdırılması təcrübəsi” və xalq ədibləri-Rəsul Rza, Nigar Rəfibəyli, Ənvər Məmmədxanlı və Anar yaradıcılığının tərbiyəvi notlarını əks etdirən “Bir nəslin dörd fəsli” adlı metodik vəsaitlərin, “Qarabağ düşüncəsi”, “Gecikmiş məktub”, “Şərqin bülbülü”, “Ana fəryadı” ədəbi-bədii kitabların müəllifiyəm. 

Hörmətlə, 

SƏXAVƏT TAĞLAR (TAĞIYEV),

Əməkdar müəllim, Prezident təqaüdçüsü".

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR