Vətəndaşlıq haqqında yeni qanun təsdiqləndi - Qanun

img

30-06-2014 [23:33]


Azərbaycan Prezidenti İlham Əliyev ""Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” sərəncam imzalayıb. 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.4. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.5. həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsinə uyğun olaraq, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməməsinə görə məsuliyyət müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.6. həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsinə uyğun olaraq, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi üçün müvafiq ərizə-anketin formasını təsdiq etsin;
1.1.7. həmin Qanunun 18-ci maddəsinin müddəalarının tətbiqini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.8. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununun müddəaları barədə məlumatlandırılması üçün müvafiq tədbirlər görsünlər.
4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi üçün müvafiq ərizə-anketin elektron formasının özlərinin rəsmi internet saytlarında yerləşdirilməsini təmin etsinlər.
5. Müəyyən edilsin ki:
5.1. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
5.2. həmin Qanunun 5-ci maddəsinin dördüncü hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;
5.3. həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər.
6. Bu Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla qəbul edilən normativ hüquqi aktda hər hansı dəyişiklik yalnız Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırıldıqdan sonra edilə bilər”. 

Xatırladaq ki, mayın 30-da Milli Məclisdə qanuna edilmiş dəyişikliyə əsasən,  1. 5-ci maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilib: "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir". 
Həmçinin 3. 10-cu maddə yeni redaksiyada verilib: "Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda  həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Konstitusiyayanın 109-cu maddəsinin 32-ci bəndinə müvafiq sürətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar". 
Bundan əlavə, dəyişikliklərə əsasən, Azərbaycan ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan vətəndaşı hesab edilmir. Azərbaycan ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq da Azərbaycan vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan vətəndaşıdır.
Qanunun 8.18-ci maddəsinə edilən dəyişikliyə əsasən, "Vətəndaşsızlığın ixtisar edilməsi haqqında" 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir:
 1) Azərbaycan vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 
2) Azərbaycan vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 
3) Azərbaycan vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 
4) Azərbaycan vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. 
Azərbaycan vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla həll edilir.
"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunun 10-cu maddəsinin ikinci hissəsi və 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar bu Qanun qüvvəyə minənədək digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir.

Bizimyol.info

Digər xəbərlər
SON XƏBƏRLƏR