ƏLİYEV PUTİNLƏ NƏDƏ ANLAŞIB? - "Yoxsa çoxdan, əvvəlkitək, hər şeyi itirmişdik..."
02-10-2023 [13:21]
"Tariximizdən və yerləşdiyimiz coğrafiyanın xüsusiyyətlərindən, bölgəmizə nəzarət uğrunda çarpışan güc mərkəzlərinin keçmiş və gələcək strategiyalarından xəbərsizlər, eləcə də hadisələrə ağlının gözüylə deyil, mədəsinin və siyasi maraqlarının tələbiylə yanaşanlar üçün hələ də Qarabağdakı uğurlarımızın miqyası və bu nailiyyətlərin də hansı zəhmətlər, risklər hesabına başa gəldiyi dərkolunan deyil".
Mia.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Elxan Şükürlü deyib.
Onun sözlərinə görə, çoxları hələ də anlamır ki, Qarabağ müharibəsi bütün dünya boyu aparılan geopolitik savaşın Cənubi Qafqaz-Mərkəzi Asiya xəttində gedən ən həlledici döyüşlərindən biri idi və burada cüzi yanlış hesablama, səhv seçim yanlış qərarların alınmasına, sonda da daha böyük faciələrə və Qarabağda əbədi məğlubiyyətimizə gətirib çıxara bilərdi:
"Şansımız, ilk növbədə, onda gətirdi ki, məhz belə geopolitik turbulensiya, keçid dönəmində ölkənin idarəetmə sükanı İlham Əliyev kimi strateji düşünmək, baş verən hadisələri doğru təhlil etmək və düzgün qərarlar vermək qabiliyyətinə malik qətiyyətli bir rəhbərin əlində oldu. Yoxsa çoxdan, əvvəlkitək, hər şeyi itirmişdik...
Orta və yaşlı nəsil azərbaycanlılar çox yaxşı xatırlayar: eynilə belə bir geopolitik dəyişikliklər, keçid dönəmini biz SSRİ-nin dağıdılma ərəfəsində, xüsusilə də 1988-93-cü illər ərzində də yaşamışdıq və onda ölkəyə rəhbərlik edən şəxslərin hadisələrin mahiyyətini doğru-düzgün qiymətləndirə bilməmələri, yanlış hesablamaları və qərarları, xarakterlərindəki çatışmazlıqlar həm Qarabağın, həm də onminlərlə insanımızın boşuna itkisinə gətirib çıxardı, bizi saysız faciələrlə baş-başa qoydu, düz bir qərinə - 33 il də geri atdı, inkişafdan saxladı...".
Elxan Şükürlü bildirib ki, onda başda ABŞ olmaqla Qərb dünyası - NATO bloku müsəlmanların sayının rəhbərliyində və Ordusunda sürətlə artdığı SSRİ kimi nəhəng bir nüvə dövlətini - “superderjava”nı dağıtmağı qarşılarına məqsəd qoymuşdular və sonda buna da nail oldular:
"İndi də zəngin xammal ölkəsi olan, ancaq böyük ərazisinə rəğmən ciddi demoqrafik böhran yaşayan Rusiya Federasiyasını ələ keçirməyi, hüdudsuz sərvətləri üzərində hökmran olmağı və gələcəyin ən qüdrətli dövlətinə çevrilmək potensialına sahib Çinə qarşı yönləndirməyi hədəfləyiblər...
Onda Qərb kəşfiyyatı “xalqlar həbsxanası” adlandırılan SSRİ-də millətlərin azadlıq və müstəqillik arzularından istifadə etmişdilər, indi də Rusiyadan aralanmış keçmiş müttəfiq respublikalarda tarixi yaraların qaysağını qoparıb antirus nifrətini yenidən körükləməklə, “cinayətkar” saydıqları Rusiya prezidenti Putinin SSRİ-ni yenidən bərpa edəcəyi xofunu yaratmaqla və SSRİ-dən daha cəlbedici, gözqamaşdırıcı ittifaq-dövlət modeli olan Avropa Birliyinə qapıları sabiq sosialist düşərgə təmsilçilərinə taybatay açmaqla bundan yararlanmağa çalışırlar...".
Siyasi şərhçinin fikrincə, bu gün Qərb agenturasının xaricdə və daxildə bar-bar bağıraraq, “Əliyev Putinlə nədə anlaşa bilib ki, Rusiya Qarabağı azad etməyimizə mane olmadı?” hayqırtılarının tək bir cavabı, yaşadıqları dərin məyusluq hissininsə tək bir səbəbi var: "Bütün şirnikləndirici vədlərə və aramsız təzyiqlərə, şantajlara baxmayaraq, Azərbaycan prezidenti İlham Əliyev Qərbin təhrikçi oyununa boyun əymədi, SSRİ-nin dağıdılmasından miras qalmış separatçı bölgələr və dəhliz-ölkələr üzərindən Rusiya əleyhinə yeni qaynar cəbhələrin açılması planlarında iştiraka razılıq vermədi, Qərbin genişlənmək və Rusiyanı çəmbərə almaq, qlobal bazarlardan təcridetmək siyasətini deyil, məhz öz ölkəsinin maraqlarını əsas götürdü!
Bu da nəticəsi! İndi dönüb bir özümüzə - 200 illik bir problemdən necə qurtulduğumuza baxın, bir də Qərbin antirusiya planlarında iştiraka razılıq vermiş qonşu ölkələrin acı durumuna və liderlərinin aqibətinə:
- 2008-ci ildə Qərbin dəstəyinə və təhrikçi vədlərinə bel bağlayaraq, Rusiya ilə savaşa qalxan Gürcüstan prezidenti Mixeil Saakaşvili əvvəlcə ölkəsindən didərgin salındı, indi öz ölkəsində həbsxana-xəstəxana çarpayısına qandallanıb; azad etməyə qalxdığı Abxaziya və Osetiyada isə ruslar hərbi bazalarını qurublar. Hazırda Gürcüstan Avropa İttifaqı və NATO-ya getmək istəyirsə, işğaldakı ərazilərindən imtina etməlidir...
- Rusiya ilə savaş potensialına sahib Ukraynanın Avropa İttifaqına və NATO-ya üzvlüyünə yol açmaq ümidiylə 2014-cü ildə amerikalılar prezident Yanukoviçi “Maydan inqilabı”yla devirdilər, qarşılığında da ruslar hücum edib Qara dənizə nəzarət imkanı verən Krımı tutdular; separatçı bölgələrlə bağlı problemi Rusiya ilə anlaşaraq həll edəcəyinə söz verməklə 2019-cu ildə prezident seçilən Zelenski isə amerikalılarla anlaşan və vədinə xilaf çıxan kimi, Rusiya 2022-ci ildə hücum edib işğal etdiyi əraziləri daha da genişlındirdi, referendumla özünə birləşdirdi. 52 ölkənin Rusiya əleyhinə koalisiya qurmasına baxmayaraq, bu müharibənin haçan sona çatacağı, Ukraynanın öz ərazi bütövlüyünü bərpa edib-etməyəcəyi hələ bəlli deyil. Bəlli olan odur ki, Ukrayna tezliklə Aİ və NATO-ya getmək istəyirsə, ərazilərindən imtina etməlidir...
- 2022-ci ilin yanvarın 2-də amerikalılar Rusiyanın bütün Mərkəzi Asiyaya və Hindistana qapısı olan, KTMT üzvü Qazaxıstanda da hakimiyyəti ələ keçirməyə qalxdılar, ancaq Rusiya onları qabaqladı: Qazaxıstana qoşun yeridərək, amerikalıların dəstəklədiyi Milli Təhlükəsizlik Komitəsinin sədri, sabiq baş nazir, uyğur Kərim Mənsimovu “dövlətə xəyanət” ittihamıyla həbsə atdırdı, Nazarbayevin yerinə isə rusların dəstəklədiyi Tokayevi əyləşdirdi... Bu gün Qazaxıstan Rusiyanın sanksiyalardan yayınmasında çox böyük rol oynayır...
– Və nəhayət, Ermənistanı KTMT-dən çıxarıb Avropa İttifaqına aparmaq istəyən, Qərbdəki dəstəyinə və işğal etdikləri ərazilərimizdə qurduqları güclü müdafiə sədlərinə arxayın olaraq, “Qarabağ Ermənistandır. Nöqtə” deyən və 2020-ci ildə Cənubi Qafqazda savaşı başlatmaqla Rusiyanı Azərbaycan-Türkiyə ittifaqıyla zorən toqquşdurmağa çalışan Nikol Paşinyan! O, məhz KTMT-dəki müttəfiqi Rusiyadan gözlədiyi dəstəyi ala bilmədiyindən və Rusiya-Türkiyə münasibətləri barədə hesablamalarında ciddi yanıldığından, Azərbaycana məğlub oldu və ermənilərin Azərbaycandan qoparıb özlərinə birləşdirmək istədiyi Qarabağı da həmişəlik itirdi... Ermənistanda hakimiyyətini itirməsinə isə elə də çox vaxt qalmayıb: o, indi ya Azərbaycanla təslimçi sülh müqaviləsinə imza atmalı, üstəlik, Rusiyanın Ermənistanda qalıcılığını təmin edəcək şərtləri qəbul etməli və bununla da Aİ-yə gedən yoldan geri çəkilməli, ya da öz xəttinə sadiq qalaraq, qarşıdakı mərhələdə hakimiyyət uğrunda mübarizədə Rusiya ilə açıq savaşa hazır olmalıdır...
...Bəli, Əliyev də, onu bütün bu geopolitik toqquşmalarda qoruyan Türkiyə prezidenti Ərdoğan da Qərbin özünə düşmən saydığı Putinlə anlaşmağı bacarıblar və bu anlaşmanın kökündə də, ilk növbədə, Qərbin qanlı əllərinin regionumuzdan çəkilməsində birgə, qarşılıqlı, uzlaşdırılmış ortaq fəaliyyət durur!".
Elxan Şükürlü deyir ki, biz bu ortaq fəaliyyətin ilk uğurlu nəticəsini 2020-ci ilin 44 günlük savaşında görmüşdüksə, ən son nəticəsini də 2023-cü ilin 19-20 sentyabrında Qarabağda rus sülhməramlılarının məsuliyyət zonasında keçirilən antiterror tədbirləri zamanı gördük, bildik:
"Hətta Rusiyanın ən qatı tənqidçiləri də gördü və anladı ki, Əliyev 2020-ci ildə Putinlə anlaşaraq, rus sülhməramlılarının bölgəyə təkbaşına yerləşməsinə razılıq verməklə, faktiki olaraq, Qərbin silahlı qüvvələrinin “beynəlxalq müşahidə” adı altında münaqişə bölgəsinə gətirilməsi və sonra da Qarabağın birdəfəlik bizdən qoparılıb Ermənistana verilməsi planlarının da qarşısını zamanında alıb.
Yaxşı, əgər Putinlə bu anlaşma 200 illik bir problemimizin daha az insan itkisiylə həllinə gətirib çıxarıbsa, nəyi pisdir ki?! Bizə Qarabağ gərəkdir, yoxsa Avropa İttifaqı və NATO-nun Rusiya sərhədləri boyunca genişlənməsi?! Bizə öz torpaqlarımız üzərində nəzarət və regionumuza sülh vacibdir, yoxsa Qərbin əlində Rusiya-Çin-İran üçbucağını zəiflədəcək alətə və yeni savaş meydançasına çevrilmək?!
Əgər 1952-ci ildən NATO üzvü olan, ancaq 60 ildir Avropa İttifaqına buraxılmayan qardaş Türkiyə dövləti Qərbin “vuran qolu” olmaqdan imtina edirsə və onun əsas düşmənləri sayılan Rusiya, İran və “Asiya əjdahası” Çinlə yeni və daha açıq münasibətlər qurmağa can atırsa, rəsmi Ankaranın liderliyi ilə qurulan TDT-ni yeni güc mərkəzinə çevirmək istəyirsə, o halda biz niyə öz coğrafi üstünlüklərimizdən yararlanmamalı, ona kömək etməməli və Avropa İttifaqına üzvlük naminə Qərbin maşası olmaq missiyasını üzərimizə götürməliyik?!
Diqqət yetirin, son 3 ildə Əliyevin və Ərdoğanın Putinlə anlaşmasını ən çox tənqid edənlər, hər vasitəylə bu ittifaqı pozmağa və indi də Qarabağdakı qələbələrimizi cəmiyyətin gözündən salmağa çalışanlar məhz Qərbin ölkəmizdəki agentura şəbəkəsi - Avroatlantik məkana inteqrasiya tərəfdarlarıdır. Çünki bu şəbəkə və onun sahibləri çox yaxşı bilirlər ki, Rusiyanın tarixi müttəfiqi Ermənistanı ənənəvi müdafiədən geri çəkilməsi və Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıması bölgədə Rusiya-Türkiyə-Azərbaycan ittifaqını daha da gücləndirməklə, Avrasiya məkanına yeni nəfəs verəcək və Qərbin Cənubi Qafqaz-Mərkəzi Asiya xətti boyu səngər qurmasının da önünü kəsəcək.
İndi hər kəs bilməlidir ki, qələbəmizə və ölkəmizə, elə birbaşa İlham Əliyev hakimiyyətinə də ən real təhlükə Rusiyadan, Xankəndidə müvəqqəti yerləşən rus hərbçilərdən yox, məhz Qərbdən – Paşinyan hökumətiylə birləşib Azərbaycanı etnik təmizləmədə və soyqırımda suçlamağa, sanksiyalar tətbiq etməyə hazırlaşan, bir ovuc separatçıya hələ də “xalq” deməkdən əl çəkməyən ABŞ və Avropa İttifaqından qaynaqlanır!
Biz Qərbdən gələn və bundan sonra daha açıq xarakter alacaq təzyiqləri isə yalnız Ermənistanı tezliklə sülhə məcbur etməklə və bir də öz qonşularımızın - Rusiya, Türkiyə və İranın birgə əməkdaşlığının qurulduğu formatı işə salmaqla neytrallaşdıra bilərik".
Tahir Şəlvəli
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xankəndidə Şəhər Günü münasibətilə konsert proqramı keçirilib
Goranboyda ər arvadını öldürülüb
Ruandanın prezidenti Azərbaycana niyə gəlib? - TƏHLİL
Keçmiş səfir XİN-də yüksək vəzifəyə təyinat aldı
Azərbaycan prezidenti Ruanda lideri ilə görüşüb, yeni sənədlər imzalandı, birgə bəyanat verildi - FOTOLAR (YENİLƏNİB)
Kəlbəcər şəhərinə növbəti köç olub
Ruanda Prezidenti "ASAN xidmət" mərkəzində olub
Kənan Şakirin şeirləri...
Azərbaycan və Ruanda prezidentlərinin nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTO
Yoxa çıxan məktublar, yaşayan ünsiyyət və ya rəqəmsal dünyaya açılan poçt xidmətləri...
Jurnalist Şəmistan Nəzirli vəfat edib
Prezident İlham Əliyevdən paylaşım - VİDEO
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb
"Azərbaycan Dəmir Yolları"nda növbəti skandal: bütün kasssirlər vəzifədən azad edilib
Ukrayna ordusu Donetskdə 7 yaşayış məntəqəsini azad edib: "2456 RUS HƏRBÇİ ÖLDÜRÜLÜB" - Zelenski "əla, uşaqlar" dedi
Hava limanında özbaşınalıq: qolundakı 20 qramlıq qolbağa görə müəlliməni cəzalandırıblar (SƏNƏD)
Xarici İşlər Nazirliyi bəyanat yayıb
Bu gün - sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Trampla görüşə gedir - Bu tarixdə (Açıqlama)
Qurban Qurbanovun oğlundan təzə trend və ya dəbdəbəli mərasimin görünməyən tərəfləri... - FOTOLAR
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıya gəlib
Ruanda Prezidenti Azərbaycana gəlib - FOTO
Nərimanla Abbas Aeroportda niyə pərt oldu?
Sahil Babayev maliyyə idarələrinin rəislərini topladı: yeni tapşırıqlar verildi - Kollegiya iclası
Bakıda və rayonlarda güclü külək olacaq - Xəbərdarlıq
Prezident İlham Əliyev Yəhudi icmasını təbrik edib - MƏTN
"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradıldı - Bakıda ödənişli hərəkət zonaları olacaq (FƏRMAN)
Qəzzada daha 4 nəfər acından ölüb
Qəzzada ölənlərin sayı 65174 nəfərə çatdı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
YSK CHP-nin qurultayının ləğvi tələbini rədd etdi
Sülh sazişi, həllini gözləyən qanun və anklavlar: referendum qaçılmazdır - Elxan ŞÜKÜRLÜ YAZIR
Hərbi prokurorun müavini sərəncama göndərildi - Yeni təyinat (FOTO)
Hava ilə bağlı - Xəbərdarlıq
Bakıda 17000 manat dəyərində mal-qara oğurlayıblar
“Qarabağ”ın futbolçuları ona pas verəcəkmi? - Şeydayevlə bağlanan müqavilədən həm pul, həm də toy ətri gəlir
Türkiyədə məktəbə hücum: iki müəllim bıçaqlandı
Xankəndidə bayram konserti keçiriləcək
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib