Hərracların keçirilməsi qaydaları dəyişdi - DETALLAR

img

18-07-2023 [18:10]


“Yerin təkindən istifadənin dövlət tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli Fərmanında dəyişiklik edilib.

Mia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla yer təkindən istifadənin səmərəliliyinin təmin edilməsi, istifadəçilərin bu sahədə fəaliyyətə giriş imkanlarının asanlaşdırılması və şəffaflığın təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilib:

- 1-ci hissədə “müsabiqə və hərracların keçirilməsi qaydaları və şərtləri haqqında Əsasnamə” sözləri “hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydaları” sözləri ilə əvəz edilir;

- həmin Fərmanla təsdiq edilmiş “Yer təkinin istifadəyə verilməsi üzrə müsabiqə və hərracların keçirilməsi qaydaları və şərtləri haqqında Əsasnamə” aşağıdakı redaksiyada verilir:

“Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 13-cü maddəsinin ikinci hissəsinin birinci cümləsinə uyğun olaraq hazırlanmışdır və yer təkinin istifadəyə verilməsi üzrə hərracın keçirilməsi mexanizmini müəyyən edir.

1.2. Yer təkinin istifadəyə verilməsi üzrə hərraclar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Qanuna və bu Qaydalara uyğun olaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi (bundan sonra – Agentlik) tərəfindən təşkil edilir, auksion və ya müsabiqə formasında keçirilir.

1.3. Bu Qaydalara uyğun olaraq hərrac iştirakçılarının təqdim etdikləri ərizənin, hərrac iştirakçılarının biletlərinin və protokolların forması Nazirlik tərəfindən təsdiq edilir, Nazirliyin və Agentliyin rəsmi internet səhifəsində yerləşdirilir.

1.4. Bu Qaydalarda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

2. Yer təki sahələrinin hərrac keçirilməsi üçün hazırlanması

2.1. Agentlik Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hər il sentyabrın 15-dək növbəti il üçün ölkə iqtisadiyyatının və sənayesinin tikinti materiallarına olan tələbatı barədə Nazirliyə təqdim etdiyi proqnoz məlumatlarını nəzərə almaqla, Dövlət Geoloji İnformasiya Fondunda saxlanılan ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarına dair materialların təhlili əsasında növbəti il üçün hərraca çıxarılması nəzərdə tutulan yer təki sahələrinin siyahısını hər il dekabrın 15-dək müəyyənləşdirir.

2.2. Bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulan siyahıda aşağıdakılar göstərilir:

2.2.1. hərraca çıxarılması mümkün olan yer təki sahəsinin adı və yerləşdiyi ərazinin hüdudları (bundan sonra – hərrac predmeti);

2.2.2. faydalı qazıntı yatağının dövlət qeydiyyat nömrəsi və tarixi;

2.2.3. sənaye əhəmiyyəti barədə hər bir yataqda əsas və yanakı faydalı qazıntı ehtiyatının kəmiyyəti və keyfiyyəti (komponentlərin miqdarı);

2.2.4. əsas və yanakı faydalı qazıntıların mühüm texniki xassələri;

2.2.5. Nazirliyin elmi-texniki şurası tərəfindən təsdiq edilmiş faydalı qazıntı ehtiyatlarının həcmi;

2.2.6. faydalı qazıntı ehtiyatlarının yerləşdiyi torpaq sahələrinin kateqoriyası, məqsədli təyinatı, istifadədə və ya icarədə olmasına dair məlumat, o cümlədən Qanunun 13-cü maddəsinin yeddinci hissəsinə uyğun olaraq torpaq sahəsinin ayrılmasına dair razılıq;

2.2.7. Nazirliyin elmi-texniki şurası tərəfindən təsdiq edilmiş ehtiyatların həcmi üzrə faydalı qazıntı yatağının geoloji-iqtisadi qiymətləndirilməsi (texniki-iqtisadi əsaslandırma və kondisiya məlumatları).

2.3. Agentlik hər il hərraca çıxarılması nəzərdə tutulan yer təki sahələrinin siyahısını, o cümlədən Qanuna müvafiq olaraq faydalı qazıntı yataqları yerləşən torpaq sahələrinin ayrılmasına dair torpaq sahiblərindən və aidiyyəti dövlət orqanlarından (qurumlarından) qabaqcadan alınmış razılığı bu Qaydaların 6.3-cü bəndində göstərilmiş hərrac komisiyasına təqdim edir.

3. Yer təkinin istifadəyə verilməsi ilə bağlı keçirilən hərracların forması

3.1. Birbaşa danışıqlar yolu ilə istifadəyə verilmə halları istisna olmaqla, yer təki istifadəyə hərrac vasitəsilə verilir. Azərbaycan Respublikası ərazisində yerləşən qeyri-filiz yataqları auksion, filiz yataqları isə müsabiqə qaydasında istifadəyə verilir.

3.2. Yer təkinin istifadəyə verilməsi ilə bağlı keçirilən müsabiqə açıq və ya qapalı, auksion isə açıq elan olunur. Açıq müsabiqədə və auksionda mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının, habelə xarici ölkələrin hüquqi və fiziki şəxsləri iştirak edə bilərlər. Qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.

3.3. Qapalı müsabiqə aşağıdakı hallarda keçirilir:

3.3.1. istifadəyə verilən yer təki sahəsinə dair geoloji informasiya məxfi hesab edildikdə;

3.3.2. radioaktiv xammalın çıxarılması məqsədilə yer təki istifadəyə verildikdə;

3.3.3. konversiya proqramını həyata keçirən müdafiə müəssisələri iştirakçı qismində çıxış etdikdə.

4. Hərrac haqqında məlumatın verilməsi

4.1. Agentlik yer təkindən istifadə ilə bağlı hərracın keçirilməsi üçün elanı (bundan sonra – elan) hazırlayır və hərracın keçiriləcəyi tarixdən azı 30 (otuz) iş günü əvvəl media vasitəsilə (qapalı müsabiqə keçirildiyi hallar istisna olmaqla) yayılmasını, həmçinin Nazirliyin və Agentliyin rəsmi internet səhifələrində yerləşdirilməsini təmin edir.

4.2. Elanda aşağıdakı məlumatlar əks etdirilməlidir:

4.2.1. hərracın forması;

4.2.2. hərracda iştirak etmək üçün təqdim olunmalı sənədlərin siyahısı;

4.2.3. ərizənin verilmə yeri və ərizə qəbulunun son tarixi;

4.2.4. hərracın keçiriləcəyi tarix, saat və yer;

4.2.5. yer təki sahəsinin yerləşdiyi ərazi, faydalı qazıntı yatağının adı, onun barəsində ümumi məlumat və qısa geoloji xarakteristikası;

4.2.6. yer təkinin istismara verilmə müddəti;

4.2.7. müsabiqə keçirildikdə, qiymətləndirmə aparılacaq meyarların siyahısı;

4.2.8. sənədləri qəbul edən məsul şəxsin soyadı, adı, atasının adı, vəzifəsi, əlaqə vasitələri və Agentliyin bank rekvizitləri haqqında məlumatlar;

4.2.9. iştirak haqqının məbləği və hərrac predmetinin başlanğıc qiyməti.

4.3. Hərracda iştirak etmək istəyən şəxslər elanda göstərilən iştirak haqqının məbləğini ödədikdən və məbləğin ödənilməsi barədə sənədi Agentliyə təqdim etdikdən sonra həmin şəxslərə şərtlər toplusu verilir. Şərtlər toplusunda aşağıdakı məlumatlar göstərilir:

4.3.1. behin (başlanğıc qiymətin 10 faizi) ödənilmə forması və müddəti;

4.3.2. auksion keçirildikdə, hərrac predmetinin başlanğıc qiymətinin 1 faizindən az olmamaqla qiymət artımı;

4.3.3. müsabiqə keçirildikdə, ərizəçi tərəfindən təqdim olunan texniki-iqtisadi təklifin məzmununa dair əsas tələblər;

4.3.4. yer təkindən istifadəyə görə Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş ödənişlər və istismara dair tələb olunan zəruri sənədlər;

4.3.5. müsabiqə keçirildikdə, elanda göstərilən qiymətləndirmə meyarları nəzərə alınmaqla texniki-iqtisadi təklifin qiymətləndirilməsi qaydası;

4.3.6. tətbiq olunacaq innovasiyalara, cəlb ediləcək işçi heyətə, istifadə olunacaq avadanlığa dair tələblər;

4.3.7. yer təkindən səmərəli istifadəyə və ətraf mühitin mühafizəsinə dair tələblər.

4.4. Hərracda iştirak haqqının məbləği və hərrac predmetinin başlanğıc qiyməti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Nazirliyin təsdiq etdiyi metodiki sənədə uyğun olaraq müəyyənləşdirilir.

4.5. Qapalı müsabiqə keçirildiyi təqdirdə, bu Qaydaların 4.2-ci və 4.3-cü bəndlərində göstərilən məlumatları əks etdirən sənədlər qapalı müsabiqənin keçiriləcəyi tarixdən 10 (on) iş günü əvvəl iştirak edəcək şəxslərə kağız daşıyıcıda sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada göndərilir.

5. Hərracda iştirak üçün ərizələrin verilməsi və qəbul edilməsi

5.1. Hərracda iştirak etmək üçün hüquqi və fiziki şəxslər Agentliyə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə (bundan sonra – ərizə) təqdim edirlər.

5.2. Ərizədə aşağıdakılar göstərilməlidir:

5.2.1. ərizəçinin müraciət etdiyi inzibati orqanın adı;

5.2.2. ərizəçi fiziki şəxs olduqda – soyadı, adı, atasının adı və fəaliyyət göstərdiyi ünvan, şəxsiyyət vəsiqəsinin seriyası (olduğu halda) və nömrəsi, VÖEN-də göstərilən məlumatlar;

5.2.3. ərizəçi hüquqi şəxs olduqda – onun adı, hüquqi ünvanı və VÖEN-də göstərilən məlumatlar;

5.2.4. müraciətin qısa məzmunu;

5.2.5. ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası;

5.2.6. ərizəçinin əlaqə nömrəsi və elektron poçt ünvanı;

5.2.7. ərizəyə əlavə edilmiş sənədlərin siyahısı.

5.3. Ərizə müraciət edən fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndələri tərəfindən (səlahiyyəti təsdiq edən sənədin əsli və ya notariat qaydada təsdiqlənmiş surəti ərizəyə əlavə edilməklə) imzalanır.

5.4. Hüquqi şəxs tərəfindən təqdim olunan ərizəyə möhür vurulmalıdır.

5.5. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

5.5.1. ərizəçi fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənədin surəti, hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı olduqda – təsis sənədlərinin və hüquqi şəxslərin dövlət reyestrindən alınmış sonuncu çıxarışının notariat qaydasında təsdiqlənmiş və ya Elektron Hökümət İnformasiya Sistemi vasitəsilə alınmış surəti (xarici hüquqi şəxslərin və onların nümayəndəliklərinin sənədləri mövcud qanunvericiliyin tələblərinə uyğun leqallaşdırılmalıdır);

5.5.2. ayrı-ayrı möhürlü zərflərdə elan edilmiş başlanğıc qiymətdən aşağı olmayan qiymət təklifi və texniki-iqtisadi təklif (müsabiqə keçirilən hallarda);

5.5.3. hərracda iştirak etmək üçün tələb olunan behin ödənilməsinə dair ödəniş qəbzi;

5.5.4. ərizəçinin tətbiq etdiyi texnologiyanın təsviri, istehsal ili, markası, istismar müddəti göstərilmək şərtilə texniki avadanlıqların siyahısı və onların texniki sənədlərinin surəti;

5.5.5. ərizəçinin illik maliyyə hesabatı, “Vergi ödəyicisinin vergi borcu barədə” arayış;

5.5.6. qapalı müsabiqədə iştirak etdikdə, “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məxfi hesab olunan məlumatlardan və sənədlərdən istifadə hüququnun verilməsini təsdiq edən sənəd;

5.5.7. qapalı müsabiqədə iştirak etdikdə, faydalı qazıntıların çıxarılması sahəsində azı 3 (üç) il təcrübəsini təsdiq edən müvafiq icazənin surəti və mədən vergisinin ödənilməsini təsdiq edən sənəd.

5.6. Agentlik tərəfindən ərizəyə əlavə edilməli olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Həmin sənədlər kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər. Elanda göstərilmiş müddət bitdikdən sonra təqdim olunmuş ərizələr qəbul edilmir.

5.7. Hərracda iştirakla bağlı təqdim olunmuş ərizələr Agentlik tərəfindən elanda göstərilmiş ünvanda qəbul edilir və həmin gün qeydiyyata alınır. Agentliyin nümayəndəsi tərəfindən ərizə qəbul edildiyi gündən ən geci 3 (üç) iş günü müddətində Agentlik ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında arayışı ərizəçiyə sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada göndərməyə borcludur.

5.8. Agentlik təqdim edilmiş ərizənin və ona əlavə olunmuş sənədlərin bu Qaydaların 5.1–5.6-cı və 5.14-cü bəndlərinə uyğunluğunu 5 (beş) iş günü müddətində yoxlayır , ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar etdikdə, onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir, yaxud sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada göndərir. Həmin çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri ona izah edilir. Bütün çatışmazlıqlar barədə məlumat ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi həmin çatışmazlıqlar barədə məlumatı aldığı vaxtdan ən geci 7 (yeddi) iş günü ərzində onları aradan qaldırmalıdır.

5.9. Bu Qaydaların 5.8-ci bəndində nəzərdə tutulan yoxlama müddəti bitdikdən sonra, Agentlik tərəfindən qəbul edilmiş ərizə və sənədlər aşağıdakı hallarda imtina səbəbi göstərilməklə ərizəçiyə təqdim olunur, yaxud sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada 5 (beş) iş günü müddətində geri qaytarılır:

5.9.1. ərizəçi həmin sahə üzrə əvvəllər keçirilmiş hərracda qalib olduğu, lakin hərrac ödənişini etməkdən və protokolu imzalamaqdan imtina etdikdə;

5.9.2. ərizəçinin təqdim etdiyi sənədlərdə yanlış məlumatlar aşkar edildikdə.

5.10. Hərracda iştirak üçün ərizə ilə müraciət etmiş şəxs ərizələrin qəbulunun son tarixinədək öz ərizəsini geri götürə bilər. Bunun üçün ərizəçi Agentliyə sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada müraciət etməlidir. Ərizənin geri götürülməsi barədə müvafiq qeydiyyat aparılmalı və ödənilmiş beh həmin şəxsə geri qaytarılmalıdır.

5.11. Bu Qaydaların 5.8-ci bəndində göstərilən müddət ərzində sənədlərdəki çatışmazlıqlar aradan qaldırılmadığı halda Agentlik həmin ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir, bununla bağlı müvafiq qeydiyyat aparır və inzibati aktın qəbul edilməsi haqqında məlumatı sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada ərizəçiyə təqdim edir.

5.12. Təqdim edilmiş ərizənin yoxlanılması nəticəsində çatışmazlıq aşkar edilmədiyi halda və ya aşkar edilmiş çatışmazlıqlar bu Qaydaların 5.8-ci bəndində göstərilən müddət ərzində aradan qaldırıldıqda, həmin ərizəni təqdim etmiş şəxsə 5 (beş) iş günü ərzində hərracın iştirakçısı statusunu əldə etməsi barədə sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat verilir. Hərracda iştirak edənlərin siyahısı barədə Agentliyin qərarı protokolla rəsmiləşdirilir. Həmin protokola ərizəçilərin adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı, hüquqi şəxs olduqda isə adı) göstərilməklə qəbul edilmiş ərizələr, həmçinin ərizəçi tərəfindən geri götürülmüş, Agentlik tərəfindən baxılmamış saxlanılmış və imtina səbəbi göstərilməklə geri qaytarılmış ərizələr barədə məlumatlar da daxil edilir.

5.13. Agentlik təqdim olunan ərizələrin və həmin ərizələrə əlavə edilmiş sənədlərin qorunub saxlanılmasını və konfidensiallığını təmin edir.

5.14. Bu Qaydaların 6.3-cü bəndində göstərilmiş hərrac komissiyasının üzvləri və onların Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.7-ci maddəsində göstərilən ailə üzvləri hərracın iştirakçısı ola bilməzlər.

6. Hərrac komissiyasının fəaliyyətinin təşkili

6.1. Hərracın keçirilməsi barədə elan verilməzdən 10 (on) iş günü əvvəl Agentliyin qərarı ilə hər hərrac üçün ayrıca hərrac komissiyası (bundan sonra – Komissiya) yaradılır və bu barədə Komissiya üzvlərinə yazılı məlumat verilir. Hərrac başa çatdıqdan sonra Komissiya öz fəaliyyətini dayandırır.

6.2. Komissiyanın vəzifəsi hərrac iştirakçılarının təqdim etdikləri sənədlərin hərrac şərtlərinə uyğunluğunu yoxlamaqdan və qalibi müəyyən etməkdən ibarətdir.

6.3. Komissiyanın tərkibi Agentlik tərəfindən təsdiq edilir və sədr də daxil olmaqla azı 5 (beş) üzvdən ibarət olmalıdır. Komissiyanın tərkibinə Agentliyin, Nazirliyin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (faydalı qazıntı yataqları yerləşən torpaq sahəsi kənd təsərrüfatı kateqoriyasına aid olduqda), müvafiq yerli icra hakimiyyətinin (faydalı qazıntı yataqları yerləşən torpaq sahəsi dövlət mülkiyyətində olduqda) və ya müvafiq bələdiyyənin (faydalı qazıntı yataqları yerləşən torpaq sahəsi bələdiyyə mülkiyyətində olduqda), yaxud Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (faydalı qazıntı yataqları işğaldan azad edilmiş ərazilərdə yerləşdikdə) səlahiyyətli nümayəndəsi daxil edilir. Komissiyanın sədri Agentliyin səlahiyyətli nümayəndəsidir. Komissiyanın katibi Agentliyin işçiləri sırasından təyin edilir.

6.4. Hərracın nəticələrində şəxsən maraqlı olan və ya hərracda iştirak edən şəxslərlə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.7-ci maddəsində göstərilən qohumluq əlaqələri olan, habelə əmək qabiliyyətinin müvəqqəti itirilməsi, ezamiyyətdə, məzuniyyətdə olma və ya digər səbəblərdən Komissiyanın iclasında iştirak edə bilməyən Komissiya üzvü hərracın keçirilməsinə 5 (beş) iş günü qalmış bu barədə Komissiyanın sədrinə yazılı məlumat verməlidir. Bu halda Agentlik tərəfindən həmin Komissiya üzvünün əvəz olunması ilə bağlı dərhal aidiyyəti quruma müraciət edilir.

6.5. Komissiya onun üzvlərinin azı üçdə ikisi iclasda iştirak etdikdə səlahiyyətlidir.

6.6. Komissiyanın sədri Komissiyanın işini təşkil edir və ona rəhbərliyi həyata keçirir, Komissiyanın qərarlarını və Komissiyanın fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır, iclasların gündəliyini, reqlamentini müəyyənləşdirir və keçirilən iclaslara sədrlik edir.

6.7. Komissiya üzvləri Komissiyanın iclaslarında və qərarların qəbul edilməsi ilə bağlı səsvermədə iştirak edir, Komissiyaya daxil olan ərizələrə münasibət bildirir, rəy və təkliflər verir, iclas protokolu ilə tanış olur, onu imzalayır və Komissiyanın qərarı ilə razılaşmadıqda bu barədə özlərinin əsaslandırılmış xüsusi rəyini yazılı şəkildə Agentliyə təqdim edirlər.

6.8. Hərracın keçirilməsi zamanı yaranan mübahisələr danışıqlar yolu ilə həll edilir. Hərraca çıxarılan yerin təki sahəsi ilə əlaqədar yaranan fikir ayrılıqları zamanı Agentlik məsləhətçi qismində müstəqil ekspert və mütəxəssisləri cəlb edə bilər. Hərrac predmeti olan yer təki sahəsindən istifadədə maraqlı olan tərəflərin nümayəndələri Komissiyanın işinə məsləhətçi qismində cəlb edilə bilməzlər.

6.9. Komissiyanın iclasında qərarlar açıq səsvermə yolu ilə, iştirak edən üzvlərin sadə səs çoxluğu əsasında qəbul edilir. Səslər bərabər olduqda Komissiya sədrinin səsi həlledici hesab edilir (bu Qaydaların 7.5-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla). Komissiyanın sədri sonuncu səs verir. Komissiya üzvlərinin bitərəf qalmasına yol verilmir.

6.10. Komissiyanın iclasının nəticəsi Komissiyanın sədri və üzvləri tərəfindən imzalanmış iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir.

6.11. Komissiyanın iclasında yetərsay olmadıqda Komissiyanın iclası 10 (on) iş günü müddətinə təxirə salınır.

7. Müsabiqənin keçirilməsi qaydası

7.1. Müsabiqə 2 (iki) mərhələdə keçirilir. Birinci mərhələdə müsabiqə iştirakçılarının təqdim etdikləri təkliflər təhlil edilir, ikinci mərhələdə isə müsabiqə iştirakçılarının təklif etdikləri qiymət elan olunur və qalib müəyyən edilir.

7.2. Birinci mərhələdə Agentlik tərəfindən ərizələrin yoxlanılması başa çatdıqdan və müsabiqə iştirakçılarının siyahısı rəsmiləşdirildikdən sonra 10 (on) iş günü müddətində Komissiyanın iclası keçirilir və iştirakçıların müsabiqənin şərtləri ilə bağlı texniki-iqtisadi təklifləri təhlil olunur. Müsabiqənin şərtlərinə uyğun olan iştirakçılar müsabiqənin ikinci mərhələsinə buraxılırlar və bu barədə məlumatlar birinci mərhələnin nəticələri haqqında tərtib edilmiş protokolda qeyd olunur. Protokol tərtib edildikdən sonra 3 (üç) iş günü ərzində iştirakçılara sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada birinci mərhələnin yekununa dair məlumat verilir.

7.3. Birinci mərhələ bitdikdən sonra 2 (iki) iş günü müddətində Komissiyanın iclasının günü və vaxtı müəyyən olunur və ikinci mərhələyə buraxılmış iştirakçılara sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada bildiriş göndərilir. Müsabiqənin keçirildiyi gün müsabiqə iştirakçılarının müsabiqə predmeti barədə qiymət təklifi Agentlik tərəfindən möhürlü zərfdə Komissiyanın sədrinə və üzvlərinə təqdim edilir. Zərflər açılmazdan əvvəl Komissiyanın üzvləri onların bütövlüyünü yoxlayırlar. Texniki-iqtisadi təkliflər qiymətləndirildikdən sonra qiymət təklifinə dair zərflər açılır və Komissiyanın sədri tərəfindən hər bir müsabiqə iştirakçısının təklif etdiyi qiymət elan olunur. Yoxlamanın gedişi, onun nəticəsi və hər bir müsabiqə iştirakçısının təklif etdiyi qiymətlə bağlı müsabiqənin nəticələrinə dair protokolda qeydlər aparılır. Müsabiqə iştirakçıları tərəfindən təklif olunan qiymət müsabiqənin keçirilməsi ilə bağlı şərtlər toplusunda göstərilən başlanğıc qiymətə bərabər və ya ondan yuxarı olmalıdır. Təklif olunan qiymət rəqəmlə və yazılı şəkildə sözlə göstərilməlidir. Əgər sözlə göstərilən qiymət rəqəmlə göstəriləndən fərqli olarsa, onda Komissiya sözlə yazılan qiyməti əsas götürür. Zərflərin açılışında və təkliflərin elan edilməsində bütün müsabiqə iştirakçıları və ya onların etibarnamə üzrə səlahiyyətli şəxsləri və media nümayəndələri iştirak edə bilərlər.

7.4. Komissiya üzvləri, şərtlər toplusunda nəzərdə tutulmuş qiymətləndirmə qaydasına uyğun olaraq, səsvermə yolu ilə müsabiqə iştirakçıları arasında ən yaxşı texniki-iqtisadi təklif vermiş fiziki və ya hüquqi şəxsi seçirlər və həmin şəxs müsabiqənin qalibi hesab edilir. Agentlik texniki-iqtisadi təkliflərin qiymətləndirilməsinə mütəxəssisləri və ya ixtisaslaşmış təşkilatları cəlb edə bilər. Komissiya tərəfindən seçilmiş ən yaxşı texniki-iqtisadi təklif aşağıdakı meyarlara cavab verməlidir:

7.4.1. yer təkinin istifadəsi ilə bağlı müsabiqənin şərtlərinə uyğun olmalı, daha yaxşı iqtisadi göstəriciləri və texniki həlləri təmin etməli;

7.4.2. ətraf mühitin və yer təkinin mühafizəsi ilə bağlı tələblərə cavab verməlidir.

7.5. Müsabiqə iştirakçıları tərəfindən verilmiş təkliflər səsvermə zamanı bərabər səs topladıqda, daha yüksək qiymət təklifi verən fiziki və ya hüquqi şəxs qalib hesab edilir. Müsabiqə iştirakçılarının təklif etdiyi qiymət bərabər olarsa, onlara iclas gedişində rəqəmlə və sözlə yazılı formada yeni qiymət təklifinin verilməsi təklif olunur. Daha yüksək qiymət təklif edən fiziki və ya hüquqi şəxs qalib hesab edilir.

7.6. Müsabiqə aşağıdakı hallarda baş tutmamış hesab olunur:

7.6.1. bir iddiaçı müraciət etdikdə;

7.6.2. təqdim olunmuş təkliflərin heç biri müsabiqənin şərtlərinə uyğun olmadıqda;

7.6.3. bu Qaydaların tələbləri pozulmaqla keçirildikdə.

7.7. Müsabiqənin qalibi müsabiqənin nəticələri haqqında yekun protokolu imzalamaqdan imtina etdikdə və (və ya) 10 (on) iş günü ərzində ödəniş etmədikdə, müsabiqənin nəticəsi ləğv olunur. Yekun protokolu imzalamaqdan imtina edən və (və ya) 10 (on) iş günü ərzində ödəniş etməkdən imtina edən müsabiqə qalibinin behi qaytarılmır və həmin iştirakçı yer təkinin istifadəyə verilməsi üzrə keçiriləcək növbəti 2 (iki) hərracda iştirak hüququnu itirir.

7.8. Bu Qaydaların 7.7-ci bəndində nəzərdə tutulan halda daha yaxşı təklif vermiş növbəti iştirakçı müsabiqənin qalibi hesab edilir. Həmin şəxs müsabiqənin nəticələri haqqında yekun protokolu imzalamaqdan imtina etdikdə və (və ya) 10 (on) iş günü ərzində ödəniş etmədikdə müsabiqənin nəticəsi ləğv edilir.

7.9. Bu Qaydaların 7.6.1-ci yarımbəndində göstərilən hal istisna olmaqla, müsabiqə baş tutmadıqda, Agentlik başlanğıc qiyməti 10 faiz aşağı salmaqla, 30 (otuz) iş günü ərzində müsabiqənin təkrar keçirilməsini elan edə bilər. Növbəti dəfə müsabiqə baş tutmazsa, Agentlik müsabiqə predmetinin müsabiqəyə çıxarılması nəzərdə tutulan yer təki sahələrinin siyahısından çıxarılması barədə qərar qəbul edir.

8. Auksionun keçirilməsi qaydası

8.1. Auksion Agentlik tərəfindən ərizələrin yoxlanılması başa çatdıqdan və iştirakçıların siyahısı rəsmiləşdirildikdən sonra aşağıdakı qaydada keçirilir:

8.1.1. Komissiyanın sədri tərəfindən auksionu aparan şəxs (bundan sonra – auksionçu) təyin olunur. Auksionçu hərrac predmetinin adını, əsas xüsusiyyətlərini, başlanğıc qiymətini və auksion addımını elan edərək auksiona başlayır;

8.1.2. auksion iştirakçılarına əvvəlcədən nömrələnmiş biletlər verilir. Başlanğıc qiymət elan olunduqdan sonra auksion iştirakçıları öz biletlərini qaldırmaqla elan olunmuş qiyməti ödəməyə razı olduqlarını bildirirlər;

8.1.3. başlanğıc qiymət iştirakçıların əlavələr etməsi yolu ilə artırılır. Auksion addımı hər dəfə hərrac predmetinin başlanğıc qiymətinin 1 faizindən az olmamaqla auksion iştirakçıları tərəfindən artırılır;

8.1.4. auksionçu hər yeni qiymət təklifini auksion addımını nəzərə almaqla elan edir;

8.1.5. auksionçu növbəti təklif olunan qiyməti 3 (üç) dəfə təkrar etdikdən sonra auksion iştirakçılarının heç biri biletini qaldıraraq münasibət bildirmədikdə, auksion başa çatmış hesab olunur. Ən yüksək qiyməti təklif etmiş iştirakçı auksionun qalibi hesab edilir;

8.1.6. auksionçu auksionun sonunda hərrac predmetini, onun satış qiymətini və auksion qalibinin bilet nömrəsini elan edir;

8.1.7. auksion qalibinin təklif etdiyi qiymət auksionun nəticələri haqqında protokolda qeyd olunur.

8.2. Auksion aşağıdakı hallarda baş tutmamış hesab edilir:

8.2.1. auksionda 1 (bir) iştirakçı iştirak etdikdə;

8.2.2. auksion iştirakçıları başlanğıc qiymət 3 (üç) dəfə təkrar olunduqdan sonra biletini qaldırmadıqda;

8.2.3. bu Qaydaların tələbləri pozulmaqla keçirildikdə.

8.3. Auksion qalibi auksionun nəticələri haqqında yekun protokolu imzalamaqdan imtina etdikdə və (və ya) 10 (on) iş günü ərzində ödəniş etmədikdə, auksionun nəticəsi ləğv olunur. Yekun protokolu imzalamaqdan imtina edən və (və ya) 10 (on) iş günü ərzində ödənişi etməyən auksion qalibinin behi qaytarılmır və həmin iştirakçı yer təkinin istifadəyə verilməsi üzrə keçiriləcək növbəti 2 (iki) hərracda iştirak hüququnu itirir. Bu müddəa bu Qaydaların 8.4-cü bəndinə uyğun olaraq, qalib hesab edilən iştirakçıya şamil olunmur.

8.4. Bu Qaydaların 8.3-cü bəndində göstərilən hal yarandıqda, daha yuxarı təklif vermiş növbəti iştirakçı auksion qalibi hesab edilir. Həmin şəxs auksionun nəticələri haqqında yekun protokolu imzalamaqdan imtina etdikdə və (və ya) 10 (on) iş günü ərzində ödəniş etmədikdə, auksionun nəticəsi ləğv edilir.

8.5. Bu Qaydaların 8.2.1-ci bəndində göstərilən hal istisna olmaqla auksion baş tutmadıqda, Agentlik başlanğıc qiymətini 10 faiz aşağı salmaqla, 30 (otuz) iş günü ərzində auksionun təkrar keçirilməsini elan edə bilər. Növbəti dəfə auksion baş tutmazsa, Agentlik auksion predmetinin auksiona çıxarılması nəzərdə tutulan yer təki sahələrinin siyahısından çıxarılması barədə qərar qəbul edir.

9. Hərracın nəticələrinin rəsmiləşdirilməsi

9.1. Hərracın qalibi, Komissiyanın sədri və üzvləri hərracın keçirildiyi gün hərracın nəticələri haqqında yekun protokolu imzalayırlar. Bu protokol yer təkinin istifadəyə verilməsi üçün hüquqi əsasdır.

9.2. Yekun protokolda aşağıdakılar göstərilir:

9.2.1. hərrac predmetinin adı, yeri, faydalı qazıntı yatağının qiymətləndirilmiş ehtiyatları;

9.2.2. hərracda qalib gəlmiş iştirakçı haqqında məlumatlar (hüquqi şəxsin adı, hüquqi ünvanı və digər rekvizitləri, fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi);

9.2.3. hərrac predmetinin satış qiyməti;

9.2.4. Komissiya sədrinin, üzvlərinin və qalibin imzaları.

9.3. Bu Qaydaların 9.1-ci bəndinə uyğun olaraq, hərracın yekun protokolu 2 (iki) nüsxədə tərtib olunur, bir nüsxəsi qalibə verilir, digəri isə Agentlikdə saxlanılır.

9.4. Hərrac keçirilmədikdə və ya baş tutmadıqda, bu Qaydaların 7.7-ci və 8.3-cü bəndlərində qeyd edilənlər istisna olmaqla, beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin qalib gəlməyən şəxslərin də behi qaytarılır. Hərracda qalib gəlmiş şəxs tərəfindən ödənilmiş behin məbləği onun öhdəliklərinin icrası hesabına daxil edilir.

9.5. Hərracın nəticələrinə dair yekun protokol əsasında, Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yer təki sahəsi “dağ-mədən ayırması” statusu (icazə) verməklə hərrac qalibinin istifadəsinə verilir.

9.6. Hərracın keçirilməsi ilə bağlı mübahisələr tərəflər arasında həll edilməzsə, inzibati və məhkəmə qaydasında həll edilir.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq