QMİ-də ciddi kadr islahatları: Şeyx nümayəndəlikləri ləğv etdi, vəzifə alanlar oldu

img

22-04-2014 [14:01]



Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurasının iclası keçirilib. Mia.az AzNews.az-a istinadən xəbər verir ki, toplantıda QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə qurumun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz fikir və tövsiyyələrini səsləndirib. İclasda Şuranın fəaliyyətinə dair məsələlərin müzakirəsində QMİ-də ciddi struktur və kadr islahatlarının həyata keçirilməsinə dair müvafiq qərarlar qəbul olunub. Yeni qərara əsasən idarənin bölgələr üzrə səlahiyyətli nümayəndəlikləri ləğv edilib. Bunun bazasında isə regionun rayonlar üzrə ayrı-ayrılıqda nümayəndələri müəyyənləşdirilib. QMİ sədrinin səlahiyyətli nümayəndələrinin seçilməsi səsvermə yolu ilə baş tutub. Bölgələr üzrə səlahiyyətli nümayəndələr isə daha yüksək posta təyinat alıblar. Onlar bölgələr üzrə QMİ-nin Qazilər Şurasına üzv seçiliblər. Rayon axundları isə QMİ-nin həmin ərazi üzrə səlahiyyətli nümayəndə statusuna layiq görülüblər. Hələlik bəzi rayonlara QMİ-nin səlahiyyətli nümayəndələrinin seçilməsi prosesi tam yekunlaşmayıb. Bölgələr üzrə seçilmiş qazilər isə yaxın günlərdə öz işlərinin icrasına başlayacaqlar. Bununla da Qazilər Şurasının üzvlərinin sayı artırılıb. Bu barədə rəsmi mövqe öyrənmək üçün QMİ-nin aydiyyəti şəxslərinə edilən müraciətlərimiz cavabsız qalıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA