"İslahat aparılsa, hakimiyyətin ömrü uzanar"

img

20-04-2014 [23:10]


Məlum olduğu kimi, bir neçə gün öncə hakim Yeni Azərbaycan Partiyasının (YAP) Partiyalararası əlaqələr və dialoq komissiyasının iclası keçirilib. Komissiya çərçivəsində parlamentdə təmsil olunan digər siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb, hakim partiyanın parlamentdə təmsil olunan digər siyasi qüvvələrlə münasibətləri müzakirə mövzusu olub. Sözügedən tədbirdə iştirak edən Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa ilə söhbətimiz ölkədəki siyasi qüvvələr arasındakı dialoq mühiti barədə oldu.
- Fazil bəy, YAP-ın təşkilatçılığı ilə keçirilən bu görüşü iqtidar-müxalifət dialoqu kimi qəbul etmək olarmı?
- Bunu ümumilikdə iqtidar-müxalifət dialoqu kimi qəbul eləmək olmaz. Amma doğru bir niyyət kimi götürmək olar. Çünki o tədbirə biz də dəvət olunmuşduq.
İclasda Yeni Azərbaycan Partiyası ilə parlamentdə təmsil olunan siyasi təşkilatların müəyyən məsələlərdə dialoq formasında müzakirələri gündəmə gətirildi. İndi bu niyyət nə qədər davamlı olacaq, növbəti mərhələdə əhatə dairəsi genişləcəkmi, bunlar qarşıdakı dönəmdə bilinəcək.
Bundan əvvəl də belə bir tədbir olub. Amma sonra davamı olmadığına görə, dialoq mühiti yaranmayıb. Həmin görüşdə olan partiyalar bu təşəbbüsü müsbət qiymətləndirirlər. Hesab edirəm ki, parlamentdən kənarda olan partiyaların da bir araya gəlib ölkənin, xüsusilə xarici siyasət məsələlərini müzakirə eləməsi, daxildəki vacib problemləri, milli məsələləri müzakirəyə çıxarması ümumi işin xeyrinə olardı. Hərə öz fikrində qalsın. Amma ən azından bir-birinə düşmən kimi yanaşmadan təkliflər səsləndirib, dialoq mühiti yaratmaq olar.
- Parlamentdən kənarda olan müxalifət dialoqa hazır olduğunu bəyan edir, hakimiyyət də ara-sıra bu tipli mövqelər sərgiləyir. Amma məsələ ondadır ki, bunlar niyyət olaraq qalır, gerçəkləşmir.
- Bunu dünyanın idarə olunması ilə bağlı problemlərin Azərbaycan miqyasında hansısa bir formada təsdiqi kimi də qiymətləndirmək olar. BMT-nin də Qarabağla bağlı qətnamələri var, amma kağız üzərində qalır, real həyatda tətbiq olunmur. Deyəsən, elə dünya bu cür idarə olunur. Yəni, kim özünü güclü sayırsa, aşağılara, zəiflərə münasibətdə diqqətsizlik göstərməyə maraqlı olur.
YAP hakim partiyadır. Əslində, onun da marağında olmalıdır ki, ölkədə sivil münasibətlər formalaşsın. Hər halda, ölkə təkcə YAP-dan ibarət deyil, burada digər partiyalar da var və onların da ölkə həyatında rolunu qaldırmaq lazımdır ki, həm daxili, həm də xarici siyasətdə müəyyən məsələlərdə köməklik gös-tərə bilsinlər. Elə edilməlidir ki, partiyalar təşəbbüskar qurumlara çevrilsinlər, kadr bazası formalaşdıra bilsinlər. Bunlar olmadıqda, YAP-ın özü də beynəlxalq arenada əziyyət çəkir. Elə məsələlər var ki, YAP-ın ona münasibət bildirməsi yerində olmur, çünki hökumətin mövqeyi kimi qiymətləndirilir. Amma digər bir müxalifət partiyasının ölkənin problemləri ilə bağlı ortaya kəskin mövqe qoyması, ən azından problemin diqqətə çatdırılması baxımından faydalı olur. Yəni, bu da kağız üzərində qalacaq proses kimi nəzərdə tutulursa, heç bir nəticə əldə edə bilməyəcəyik, onsuz da indiyə qədər belə olub. Ona görə də niyyətdən, bəyanatdan daha çox dialoqa hazır olmaq, bunu reallaşdırmaq üçün hər tərəfdən addımla-rın atılmasını gözləmək lazımdır.
- Amma son illər hakimiyyətin siyasi institutları sıradan çıxarmaq xətti götürdüyü müşahidə olunur. Necə düşünürsünüz, güclü siyasi partiya sisteminin olması hkimiyyət üçün təhdidirmi ki, belə bir siyasət yürüdülür?
- Təhdid deyil, amma bu, demokratik dünya görüşü ilə bağlı məsələdir. Hakimiyyət idarəetmənin mərkəzləşmə modelinə daha çox üstünlük verir. Elə siyasətin də bir mərkəzdən idarə olunmasına üstünlük verirlər ki, bu modeli özləri üçün münasib sayırlar. O baxımdan da bu idarəetmə düşüncəsidir və bunu dəyişmək çətin məsələdir.
Amma hakimiyyət heç olmasa, orta səviyyədə demokratik ənənələri formalaşdırmaqda maraqlı olmalıdır. Çünki müasir dünyada bürqüblü idarəetmə prinsiplərindən imtina olunur. Əslində, bu həmin ölkələrə xeyir də vermir.
Təsəvvür edin ki, Avropa qurumlarında, Avropa İttifaqına daxil olan partiyaların arasında Ermənistanın bütün cinahlardan olan partiyaları təmsil olunur. Azərbaycanın partiyaları orda qruplara daxil deyil. Sosial qrup üzrə heç bir nümayəndəmiz mövcud deyil, liberal qrupda kimsəmiz yoxdur. Bir dənə YAP xalq qrupundadır, o da yetərlidir. O biri qruplarda Qarabağ və digər məsələlər müzakirə olunanda bizi kim təmsil edəcək? Təbii ki, ermənilər birtərəfli qaydada bizdən üstün vəziyyətdə olacaqlar. O baxımdan, bu gerçəkliyi dəyişməsək, Azərbaycan üçün çətinliklər qaçılmazdır.
- Əgər partiyalar siyasi səhnədə sıxışdırılırsa, onların yerini başqa qüvvələr tuta bilərmi?
- Yox, hələ o səviyyəyə çatmayıb. Ümumiyyətlə, Azərbaycanda boşluq saxlanmayıb ki, onu da hansısa qüvvə tutsun. Bu gün Azərbaycanda bütün qüvvələrə yeni münasibət var. Bu münasibətlərin də kökündə mərkəzləşmiş idarəetmə dayanır. Yəni, cəmiyyətin proseslərə daha təşəbbüskarcasına qatılması prinsipindən imtina edilir. Ümumi təşəbbüskarlıq təkcə fərdi insanla məhdudlaşmayıb, siyasi partiyaların, deputatların təşəbüskarlığı məhdudlaşdırılıb. Bu yolu açmaq lazımdır ki, insanlar dövlət həyatına qaynıyıb-qarışa bilsinlər. Əgər bu üslub dəyişilərsə, siyasi partiyalar bir rəqabət içərisində bir-birilə yarışa girə bilərlər və bu da ölkədə demokratiyanın inkişafında mühüm rol oynayar.
- Ancaq bəziləri Azərbaycan siyasi müxalifətin yerini dini kəsimin tutacağını iddia edir. İddialara görə, boşluğu radikal dini qruplar tuta bilər ki, bu da ölkə üçün daha təhlükəlidir. Sizcə, belə bir təhlükə varmı?
- Təhlükə burdan gəlmir. Əslində, hakimiyyətin idarəetmə prinsipi ölkənin təhlükəsizliyinə problem yaradır. Ölkədə radikalizmə qarşı mübarizə aparılırsa, bunun əvəzinə, bütövlükdə normal İslama qarşı mübarizə hiss edirsən. Yəni, dövlət özü nədən başlayacağını və niyə sualına cavab verməliir. Çünki dində də, partiyalarda da, başqa məsələlərdə də ölkə özü üçün lazım olan modeli tapmalıdır. Faydalı model tapmayanda bütövlükdə dini, siyasi sistemi, partiya quruluşlarını sarsıtmağa başlayırlar. Bu da yanlış bir yoldur. Məncə, dövlət dində radikalizmə qarşı mübarizə aparırsa, normal, mötədil İslamı stimullaşdır-malıdır. Amma bunu da etməyəndə, dövlətin bütövlükdə dini hədəfə aldığı görüntüsü yaranır.
Siyasi partiyalara da münasibət belədir. Bir partiyanı qaldırıb, qalan partiyaları imkansız, fəaliyyətsiz bir vəziyyətə salmaqla müəyyən irəliləyiş əldə eləmək olmaz. Bunların hamısı yeni baxış tələb edir. Çalışılmalıdır ki, ölkədə çoxpartiyalı sistem, prülarizm təmin olunsun və ölkənin siyasi sitemi inkişaf eləsin.
- Fazil bəy, prezident seçkilərindən sonra hökumətin tərkibində bir sıra dəyişikliklər edildi. Onun ardınca son günlərə qədər ard-arda kadr dəyişiklikləri həyata keçirilib. Son illər hakimiyyətdən islahatlar tələb edirsiniz, bu dəyişiklikləri islahat kimi qəbul etmək olarmı?
- Bunu islahat kimi qəbul eləmək olmaz. İslahat kadrla müəyyən olunmur. Bir kadrın yerinə eyni düşüncəli başqa bir kadrın təyin olunması islahatın göstəricisi deyil. Sadəcə olaraq, yerdəyişmədir, rotasiyadır. Birinin yerinə ondan yaxşısının gətirildiyini müşahidə eləmək bir çox hallarda çətin olur.
İslhat - struktur islahatı ilə bağlı olmalıdır. İslahat - həm də cəmiyyətin onu dəstəkləməsi ilə bağlıdır. Cəmiyyət proseslərin içərisində yoxdursa, yuxarıdan qəbul olunan qərarlar əsasında müzakirəsiz tətbiq olunan üsullarla həyata keçirilən dəyişikliklərin effektiv islahat kimi dəyərləndirilməsinə əsas vermir.
- Nazir, komitə sədri, icra başçısı səviyyəsindəki dəyişikliklərin ümumi işə heç bir xeyri yoxdurmu?
- Yox. Görürsünüz ki, ayrı-ayrı kadrlar gətirdilər, görüntü olaraq, bir-iki ay nəyisə üzdə dəyişirlər, amma strukturun tam mahiyyətini dəyişmək imkanına sahib deyillər. Bu da onu göstərir ki, ümumilikdə hakimiyyətin idarəetmə sistemi, yanaşması dəyişməmiş köklü dəyişikliklərdən söhbət gedə bilməz. Hamı bilir ki, bu qədər artıq ştata ehtiyac yoxdur, amma əhəmiyyət verilmir. Nazirliklərin özünə aid iş kənarda qalır, hamı tikinti ilə məşğuldur. Bunların hamısı ciddi dəyişikliklər tələb edir.
Ölkədə istintaq orqanlarının sayı ona yaxındır. Hər bir qurumda bir mətbuat xmdməti, tikinti idarəsi var, bunların hamısı həmin qurumların özlərinin funksional fəaliyyətindən uzaqlaşmağa gətirib çıxarır. İdarəetmədə belə bir şey məqbul sayılmır. Amma bizdə bir az fərqli yanaşıldığına görə, islahata getməyə risq etmirlər. Çünki islahat həm də müəyyən imtiyazların əldən alınmasıdır.
İnhisarçılıqla bağlı vəziyyət 20 il qabaq necə idisə, indi də dəyişməz qalır. Bu tendensiyanı ortadan qaldırmaq lazımdır ki, azad sahibkarlıq inkişaf eləsin. Bu təməl prinsiplər olmayandan sonra bir kəndin torpaq sahəsini götürüb başqasına verdin, yaxud bir lizinq idarəsi yaratdın, gözlə ki, Çindən 6-7 aya bir avdanlıq gələcək, bu, islahat deyil ki... Bütün mexanizmlər birlikdə işlənilməlidir ki, heç kim burda çətinlik çəkməsin və hər kəs öz işini effektiv davam etdirə bilsin.
- Həm müxalifət, həm cəmiyyət, həm də demokratitk dünya hakimiyyətdən islahat tələb edir, amma buna getmirlər. Sizcə, islahat aparılacağı təqdirdə hakimiyyəti itirmək təhlükəsi var, yoxsa...
- Məncə, bacarıq var. Sadəcə, dünyagörüşdə dəyişiklik olmalıdır. Avtoritar idarəetmə bir dönəm üçün faydalı ola bilər. Müharibə və başqa şəraitlərdə avtoritar idarəetməni məqbul saymaq olar. İndi müəyyən dərəcədə əhalinin bu prosesə gəlməsi haqqında düşünmək lazımdır. Təəssüf ki, bu istiqamətdə düşünülmür. Çünki islahatın ağırlığı əhalinin üzərində daha çox hiss olunur. Əhali buna razılıq verməsə, bunu geniş şəkildə təbiq eləmək də mümkün deyil. Amma Azərbaycanda islahat aparılsa, hakimiyyətin ömrü uzanar, öz planını səmərəli həyata keçirməsinə şərait yaradar. Bu, olmayanda, açıq deyilməsə də, insanlarda hakimiyyətə qarşı güvənsizlik olur. Ona görə də bunu aradan qaldırmaq üçün cəmiyyət həyatında köklü dəyişikliklərə getmək lazımdır. Buna gedilməsə, hazırkı vəziyyət davam edəcək. Bu vəziyyətin davam etməsi isə ölkənin gələcəyinə müsbət heç nə vəd eləmir. Əksinə, yeni problemlərin ortaya çıxmasına rəvac verir. Hər halda, söz və güc sahibi hakimiyyət olduğuna görə, bu barədə düşünüb qərar vermək də onun səlahiyyətindədir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA