Yadigar Sadıqovun apelyasiya məhkəməsi başladı

img

15-04-2014 [13:01]


Aprelin 15-də Müsavat başqanının müşaviri Yadigar Sadıqovun apelyasiya məhkəməsi başladı. Şirvan şəhər Apelyasiya Məhkəməsində keçirilən prosesə hakim İsmayıl Əhmədov sədrlik edirdi. Məhkəmə ilkin baxış zamanı hakim qeyd etdi ki, əvvəlki mərhələdə Lənkəran məhkəməsi protokolları baxış keçirməyib. İş ona görə geri qaytarılıb. Artıq Lənkəran məhkəməsi protokollara baxıb. Ancaq Y.Sadıqovun protokollarla tanış olmasına şərait yaradılmayıb.
Y.Sadıqovun məhkəməyə gətiriləcəyi gözlənilsə də, prosesdə iştirak etmirdi. Müsavatçı məhbusun vəkili Xalid Bağırov isə məhkəmə prosesinin məhkəmə-istintaqla keçirilməsi barədə vəsatət qaldırdı. Hakim müşavirədən sonra vəsatətin qismən təyin edilməsi barədə qərar çıxardı. Növbəti proses aprelin 29-u, saat 11:30-a təyin edildi.
Vəkil Xalid Bağırov "Yeni Müsavat”a bildirdi ki, vəsatətin qismən təmin edilməsi gələcəyə ümid yaradır: "Biz hələ bilmirik ki, qismən vəsatət təmin edilərkən hansı hissəsi nəzərdə tutulub. Ümid edirik ki, məhkəmə hazırlıq iclasında vəsatətin qismən təmin olunması ilə bağlı verdiyi qərar birinci instansiya məhkəməsində araşdırılmamış halların araşdırılması ilə nəticələnəcək. Məhkəmə vəsatətlərə obyektiv yanaşacaq”.
Y.Sadıqov Qarabağ əlili adlandırılan, narkoman olduğu üzə çıxan Rəşid Kərimov adlı şəxsi döyməkdə ittiham olunub. Lənkəran rayon məhkəməsinin qərarı ilə barəsində 6 illik həbs cəzası çıxarılıb. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları həbsi siyasi motivlərlə əlaqələndirir.
Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbərin Lənkərana səfəri zamanı öyrədilmiş adamların hücum etməsindən sonra Y.Sadıqova qarşı təzyiqlər başladı. Eyni zamanda onun jurnalist kimi tənqidi yazılarla çıxış etməsi, Lənkərandakı qanunsuzluqlar haqda yazması onu hədəfə çıxarıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA