"Mən bu şərəfsiz Mahmudu da, jurnalist Eynulla Fətullayevi də..."- Sabiq deputatdan sərt sözlər

img

11-04-2014 [19:54]


Bu gün - aprelin 11-də Yasamal Rayon Məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyi ilə sabiq deputat Gültəkin Hacıbəylinin işi üzrə məhkəmə prosesinin növbəti iclası oldu.

G.Hacıbəylinin hüquqlarını prosesdə vəkilləri Bəhruz Bayramov, Muxtar Mustafayev və Elçin Sadıqov müdafiə edirdilər.

Virtualaz.org saytının prosesdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, məhkəmə iclasında Gültəkin Hacıbəyli ilə keçmiş əri Mahmud Mehdiyev və sonuncunun bacısı Aynur Mehdiyeva arasında növbəti dəfə gərginlik yaşandı.

Sabiq deputatın vəkili Muxtar Mustafayev məhkəmə heyətinə Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə bağlı müraciət etdi. Vəkil dedi ki, 147-ci maddədə dəyişiklik ediləcək, yəni həbs məsələsi çıxarılacaq.

Bundan sonra Gültəkin Hacıbəyli söz almamış, yerindən replika verərək maddədə dəyişiklik edilməsinin əleyhinə olduğunu dedi: "Nahaq yerə həbs cəzasını yığışdırmaq istəyirlər. Mən bu şərəfsiz Mahmudu da, ondan müsahibə alan jurnalist Eynulla Fətullayevi də həbs etdirəcəyəm. Hər ikisi əl-ələ verərək məni şərləyib”.

Sabiq deputat Eynulla Fətullayevin təsisçisi və rəhbəri olduğu virtualaz.org və haqqin.az saytlarını da tənqid etdi, bu mətbu orqanların ünvanına qeyri-etik ifadələr işlətdi. Hakim isə bu məqamda Gültəkin Hacıbəyliyə irad bildirib ondan aidiyyəti üzrə danışmağı tələb etdi.

Mahmud Mehdiyev isə bacısı Aynur Mehdiyeva ilə bağlı məhkəmə prosesinin hələ başa çatmadığını, amma G.Hacıbəylinin bacısını da təhqir etməklə qanunları pozduğunu məhkəmə heyətinin nəzərinə çatdırdı. Bununla da məhkəmə prosesi aprelin 25-dək təxirə salındı.

Xatırladaq ki, G.Hacıbəyli keçmiş həyat yoldaşı və sonuncunun bacısı haqqında şərəf və ləyaqətini alçaldan yalan məlumatlar yaymaqda ittiham edilir. Sabiq deputat öz keçmiş baldızını insan alverinin təşkilatçısı və iştirakçısı olmaqda suçlayıb. Bundan sonra M.Mehdiyev və Aynur Mehdiyeva məhkəməyə müraciət edərək G.Hacıbəylinin xüsusi ittiham qaydasında - CM-in 147-ci maddəsinə (bu maddə şəxsin şərəf və ləyaqətini KİV-də ləkələyən yalan məlumatların yayılmasına görə cəza verilməsini nəzərdə tutur) əsasən cəzalandırılmasını istəyiblər.

Qeyd edək ki, budəfəki iclasda G.Hacıbəylinin də üzvü olduğu Milli Şuranın sədri Cəmil Həsənli və müxalifətin digər nümayəndələri də iştirak edirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA