Əli Həsənov: “Güclü olmalıyıq”

img

11-04-2014 [14:07]


Aprelin 11-də Dövlət İdarəçilik Akademiyası və Dağlıq Qarabağın azərbaycanlı icmasının birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün Dağlıq Qarabağ münaqişəsi üzrə növbəti kurslara yekun vurulub.

Aprelin 1-dən 11-dək davam edən kursların dinləyiciləri Bakı Slavyan Universitetinin tələbələri olublar. "Media forum” saytının məlumatına görə, sonuncu mühazirəni Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov "Münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqlar prosesində Azərbaycan dövlətinin mövqeyi” mövzusunda oxuyub.

Münaqişənin nizama salınması prosesində Ermənistanın təcavüzkar siyasətindən, qeyri-konstruktiv mövqeyindən danışan, Azərbaycanın apardığı diplomatik səylərə toxunan, son vaxtlar dövlətin hücum diplomatiyasına üstünlük verdiyini qeyd edən Əli Həsənov dinləyicilərin nəzərinə çatdırıb ki, prezident İlham Əliyev bu işğal, etnik təmizləmə siyasəti və ərazilərimizin müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirir, torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu vurğulayır: "Bu səbəbdən biz Dağlıq Qarabağ uğrunda Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin yürütdüyü böyük siyasətə dəstək verməliyik. Ermənilərin Cənubi Qafqazda yeritdikləri təcavüz siyasətinə ağıl və intellektlə yanaşmaq lazımdır. Eyni zamanda biz güclü olmalıyıq. İqtisadi güc Azərbaycanın qurtuluş missiyasının əsasını təşkil edir”.

Kurslarda Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri və mərhələləri”, tarix elmləri doktoru Kərim Şükürov "Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun nəticələri”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa "XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)”; tarix elmləri doktoru, professor Solmaz Toqidi-Rüstəmova "Azərbaycanlıların soyqırımı (1918-1920-ci illər); Dövlət İdarəçilik Akademiyasının dosenti Firdovsiyyə Əhmədova "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları (1918-1923-cü illər)”; tarix elmləri doktoru, professor Musa Qasımlı "Sovet dövründə Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və onun nəticələri (1945-1985)”; Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov "Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti. Qaradağlı soyqırımı”; Milli Məslisinin deputatı Elman Məmmədov "Ermənistanın Azərbaycana təcavüzünün genişlənməsi. Xocalı soyqırımı”; Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: beynəlxalq təşkilatlar və böyük dövlətlərin mövqeyi” mövzularda mühazirələr oxuyublar.

Kursların sonunda dinləyicilərə müvafiq sertifikatlar təqdim edilib.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA