İranın Azərbaycana, Azərbaycanın isə İrana ehtiyacı var

img

09-04-2014 [17:18]



Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli Prezident İlham Əliyevin İrana səfərini şərh edib. O deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına səfəri indiki dövrdə təqdirə layiq hadisə kimi qiymətləndirilməlidir. Regionda siyasi münasibətlərin gərginləşdiyi bir dövrdə İranla əlaqələrin xarakterinin və inkişaf istiqamətinin dəqiqləşdirilməsinə ehtiyac yaranmışdı.

Azərbaycan hakimiyyəti çalışmalıdır ki, Ermənistan istisna olmaqla bütün qonşu ölkələrlə qarşllıqlı hörmət və etimada əsaslanan əlaqələr qursun. Biz uzun müddətiydi zaman-zaman İranla gərgin münasibətlərin şahidi olurduq. Bunun da əsası Azərbaycan yeni müstəqillik əldə etdiyi dövrlərdə cənubi Azərbaycan məsələsinin qabardılması, bir növ İrana ərazi iddialarının ortaya çıxması ilə qoyulmuşdu. Baxmayaraq ki, 20 faiz torpaqlarımızı işğal edən Ermənistanın təcavüzkar siyasətini dayandırmaq gücündə deyildik. Bu qeyri-real siyasi iddialar İİR-in Ermənistanla yaxınlaşmasına və əlaqələrinin daha da güclənməsinə təkan verdi ki, bunun da günahının böyük bir hissəsi bizdə idi.

Bizim İranla ortaq mədəni, mənəvi, əxlaqi, dini dəyərlərimiz var. Üstəlik İrana qarşı beynəlxalq sanksiyalar tətbiq olunanda Azərbaycan bu prosesdə aktiv iştirakçı olmayıb. Bütün bunlar imkan verir ki, İranla mehriban qonşuluq siyasəti aparaq. Artıq bu ölkəyə qarşı sanksiyalar da yumşalıb. İndi fürsət var ki, Azərbaycan cənub qonşusu ilə daha geniş miqyaslı əməkdaşlıq qursun. Çünki İranın Azərbaycana, Azərbaycanın isə İrana ehtiyacı var. Bu mənada Prezident İlham Əliyevin səfərini yerində və vaxtında atılmış bir addım hesab etmək olar. Prezidentin bu səfərindən sonra İran etdiyi kimi Azərbaycan da vizanı ləğv etməlidir ki, əlaqələrin genişləndirilməsinə təkan verilsin.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA