İlyas İsmayılov jurnalist üçün Prezidentdən əfv istədi

img

07-04-2014 [17:40]


Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılov tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həbsdə olan jurnalist Əvəz Zeynallı ilə bağlı müraciət edib. Müraciətin mətnini olduğu kimi təqdim edirik.

- Möhtərəm Prezident !

Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2013-cü il tarixli hökmü ilə "Xural” qəzetinin baş redaktoru Zeynalov Əvəz Tapdıq oğlu (Əvəz Zeynallı) 2006-2011-ci illər ərzində vəzifəli şəxs kimi hədə-qorxu tətbiq edərək, səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə, təkrarən külli miqdarda rüşvət istəməkdə və almaqda, məhkəmə qətnamələrini və qərarlarını icra etməməkdə, eləcə də 2008-2009-cu illər ərzində xeyli miqdarda vergiləri ödəməkdən yayınmaqda təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Azərbaycan Respublikası CM-nin 311.3.2, 311.3.3, 311.3.4, 306.2 və 213.1-ci maddələri ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bu il fevral ayının 27-də məhkumu, yaxınlarının xahişi ilə cəzaçəkmə müəssisəsində qəbul edib dinlədikdən və barəsindəki məhkəmə hökmünü öyrəndikdən sonra belə nəticəyə gəldim ki, Əvəz Zeynalovun təqsirli bilindiyi cinayət əməllərinin həqiqətən onun tərəfindən törədilməsi kifayət qədər mübahisəlidir. Eyni zamanda qeyd edilməlidir ki, Ə.Zeynalov istər ibtidai istintaqda, istərsə də məhkəmə istintaqı zamanı özünü, ona qarşı irəli sürülən ittihamlarda göstərilmiş cinayət əməllərini törətməkdə təqsirli bilməyib.

Onun məhkəmə hökmünə əsasən təqsirli bilindiyi külli miqdarda rüşvət alması və ona rüşvət verilməsinə dair vədi qəbul etməsi barədə ittihamlar yalnız ayrı-ayrı şəxslərin şahid ifadələri və birmənalı başa düşülməsi mümkün olmayan audio yazıları, mobil telefonlar vasitəsi ilə göndərilmiş "SMS” mətnləri üzərində qurulub. Mötəbərliliyi şübhə doğuran bu kimi ziddiyyətli və işin faktiki hallarına uyğunluğu məhkəmə istintaqı zamanı təkzibedilməz sübut növləri ilə təsdiqini tapmayan dəlillər vətəndaşı ağır cinayətə görə təqsirli bilib məhkum etmək üçün kifayət qədər əsas sayıla bilməz.

Onu da qeyd etmək lazımdır ki, Ə.Zeynalovunrüşvət alması heç bir halda onun bu əməli törədərkən tutulması və sənədləşdirilməsi yolu ilə sübuta yetirilməyib, cinayət törədilməsi yalnız ibtidai istintaq orqanının ehtimalları və şahid ifadələrinə əsasən sübuta yetirilmiş hesab olunub.

Bütün bunları nəzərə alanda Əvəz Zeynalovun təqsirli olması şübhə doğurur, bununla yanaşı onun barəsində məhkəmənin hökmü ilə tətbiq edilmiş cəza da həddən artıq ağır və qəddardır. Belə ki, məhkəmə Ə.Zeynalova cəza təyin edərkən onun himayəsində iki nəfər azyaşlı övladının (11 və 13 yaşlı qız uşaqlarının), qoca anasının olmasını və onun məsuliyyətini yüngülləşdirən digər halları nəzərə almayıb.

Möhtərəm Prezident !

Cinayət törətməkdə təqsiri tam sübut olunmuş şəxslərin məhkum edilməsi ədalət prinsipinin təntənəsi hesab edilsə də, insanların təqsirsiz və yaxud da təqsiri sübut olunmadan, yalnız ehtimallar əsasında məhkum edilməsi təkcə hüquq-mühafizə və məhkəmə orqanları işçilərinin deyil, habelə bütün cəmiyyətin vicdan məsələsidir.

Təəssüf ki, mövcud reallıqda məhkəmələr tərəfindən cinayət işlərinə baxılarkən yol verilmiş səhvlərin və yanlış qərarların apelyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılaraq, prosessual qaydada tam aradan qaldırılması bir çox hallarda qeyri-mümkün olur.

Həyat göstərir ki, belə hallarda Azərbaycan Respublikası Prezidentinin cəza çəkən ayrı-ayrı məhkumları əfv etməklə bağlı Konstitusiyada nəzərdə tutulmuş səlahiyyətlərindən vaxtaşırı istifadə etməsi humanistlik, insanpərvərlik baxımından həm haqq-ədalətin bərpa olunmasına, həm də bəzi hallarda yol verilmiş məhkəmə səhvlərinin nisbətən qısa müddət ərzində düzəldilməsinə, son nəticədə dövlət hakimiyyəti təmsilçilərinin vətəndaşlar arasında nüfuzunun və onlara olan etimadın xeyli dərəcədə, real olaraq artmasına xidmət edir.

Möhtərəm Prezident !

Müraciətimdə göstərdiyim əsasları, eləcə də təyin edilmiş cəzanın 2 il 5 aydan artıq olan hissəsini indiyədək çəkdiyini (məhkəmənin hökmünə əsasən onun cəzaçəkmə müddətinin başlanğıcı 28 oktyabr 2011-ci il tarixdən hesablanıb) nəzərə alaraq, özünüzə məxsus insanpərvərlik, yüksək humanistlik keyfiyyətlərinizi, mərhəmətinizi bir daha göstərməyinizi və məhkum Zeynalov Əvəz Tofiq oğlunun əfv olunmaqla, məhkəmə hökmü ilə ona təyin edilmiş cəzanın qalan hissəsini çəkməkdən azad edilməsi məsələsinə baxılması barədə müvafiq tapşırıqlar verməyiniznı xahiş edirəm”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA