Yadigar Sadıqovun apelyasiya məhkəməsi başlanır

img

07-04-2014 [14:52]


Aprelin 15-də, saat 10:00-da Müsavat başqanının məhbus müşaviri Yadigar Sadıqovun apelyasiya şikayətinə baxılacaq. Şirvan şəhər Apelyasiya Məhkəməsində keçiriləcək prosesə Y.Sadıqovun özü də gətiriləcək. Bu barədə müsavatçının Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Elman Fəttah "Yeni Müsavat”a danışarkən bildirib.

Onun sözlərinə görə, aprelin 7-də görüşüblər və Y.Sadıqov məhkəməyə hazırlaşır. Bundan sonra isə müsavatçı Bakı istintaq təcridxanasından Şüvəlanda yerləşən təcridxanaya köçürüləcək. E.Fəttahın sözlərinə görə, Şüvəlandakı təcridxananın şəraiti heç də yaxşı deyil.
Komitə rəhbəri qeyd edib ki, Şirvan apelyasiya məhkəməsində hakim ilk işi geriyə - Lənkəran rayon məhkəməsinə göndərib: "Lənkəran məhkəməsi işin icrası ilə bağlı protokolların qeydlərinə baxmadan işi apelyasiyaya göndərmişdi. Bu da qanun pozuntusudur və Şirvan məhkəməsi işi geriyə qaytardı.
Ancaq Lənkəran məhkəməsi Yadigar Sadıqovun iştirakı olmadan işə baxıb və yenidən apelyasiyaya göndərib. Biz apelyasiya məhkəməsindən ədalətli qərar gözləmirik. Əslində məhkəmə dərhal bəraət verməlidir. Amma siyasi sifariş olduğu üçün insafla heç olmasa cəzasının yarıya endirilməsi gözlənilə bilər. Çünki Yadigar bəyə ən ağır cəza verilib.
Bu maddə ilə ittiham olunan şəxslərə 3 ildən artıq həbs verilmir. Məhkəmə isə bu maddədən ağır ittihamla mühakimə edilənlərə belə 5 ildən çox iş kəsmir. Yadigar Sadıqovdan qisas almaq məqsədi ilə 6 il cəza oxunub”.
E.Fəttah Y.Sadıqovun saxlanma şəraitindən narazı olmadığını, mübariz ovqatda olduğunu, səhhətində ciddi problemlər yaşamadığını da qeyd etdi: "Ürəyində müəyyən narahatlıqlar var. Mütəmadi olaraq ona dərmanlar çatdırılır, qəzetlər verilir, saxlanma şəraitindən şikayət etmədi. Ancaq Şüvəlan təcridxanası bərbad vəziyyətdədir və onu belə yerə köçürürlər”.
Qeyd edək ki, Y.Sadıqov Qarabağ əlili olduğu deyilən Rəşad Kərimov adlı bir şəxsi döyməkdə ittiham edilərək 6 il həbs cəzasına məhkum olunub. Yerli və beynəlxalq təşkilatlar bu həbsin siyasi motiv daşıdığını bəyan edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA