Parlament Vilayət Eyvazovun hesabatını qəbul edib

img

04-04-2014 [13:37]


Milli Məclisin iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, daxili işlər naziri Vilayət Eyvazovun illik məlumatı dinlənildi. Hesabatın təqdimatından sonra söz alan deputat Çingiz Qənizadə hesabatın müzakirəsiz qəbul olunmasını təklif etdi. 

Parlamentin spikeri Oqtay Əsədov dedi ki, "Çıxışa 7 nəfər yazılıb, əgər təkid edən yoxdursa, səsə qoyaq”. 

Ancaq deputat Elmira Axundova təkid etdi və söz aldı. Xanım deputat narazılığını bildirdi: "Başa düşə bilmirəm ki, əgər kimsə müzakirəyə qoşulmaq istəmirsə, onda bura gəlməsin. Bizim burada münasibət bildirmək hüququmuz pozulur”. 

Oqtay Əsədov isə "Elmira xanım, əgər hüququn əlindən alınsaydı, söz verilməzdi” deyərək ona cavab verib. 

Çıxış edən deputat uşaqların məcburi əməyə cəlb olunmasına diqqət çəkdi: "Milli Koordinatorun hesabatında məcburi əməyə cəlb etməklə bağlı cəmi 4 faktın olması reallığı əks etdirmir. Belə faktlar hesabatda əks olunanlardan dəfələrlə çoxdur”. E.Axundova şadlıq evlərinin əksəriyyətində yeniyetmələrin çalışdırılğını vurğuladı. 

Sabir Rüstəmxanlı maraqlı bir mövzuya toxundu: "Necə olur ki, Azərbaycanda xüsusilə imkanlı ailələr övladlarının tərbiyyəsi üçün xaricdən, məsələn, Filippindən qadınlar dəvət edirlər? Xüsusilə zəngin ailələr bunu edir. Məgər Azərbaycanda ingilis dilini bilən xanımlar yoxdurmu? Hətta polis işçilərinin içərisində də kənardan belə şəxsləri dəvət edənlərin olmasından məlumatım var və hətta ortada cinayət işi var. Mən Filippin dayəsinin tərbiyyə edəcəyi uşağın gələcəyini görə bilmirəm”.

Deputatlar V.Eyvazovun hesabatını qəbul etdilər. V.Eyvazov təkrar söz alaraq, E.Axundovanın qaldırdığı məsələyə ciddi diqqət yetiriləcəyini, xüsusilə də azyaşlı qızların işə cəlb olunması hallarına qarşı mübarizənin gücləndiriləcəyinə və digər təkliflərə də ciddi yanaşılacağına söz verdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA