Azərbaycanlı kommunist: “Krım Rusiya torpağıdır“

img

19-03-2014 [10:46]


Azərbaycan kommunistləri Krım Muxtar Respublikasının Ukraynanın tərkibindən ayrılaraq Rusiyaya birləşməsini bayram edirlər. 

Kommunistlər hesab edirlər ki, onların arzusu yerinə yetib. Bu haqda Vahid Kommunist Partiyasının sədri Musa Tükanov bildirib. Onun sözlərinə görə, artıq haqq-ədalət bərpa olub: "O vaxt Xruşşov Krımı Ukraynaya vermişdi. Amma Krım Rusiya torpağı idi. İndi də kişilər öz torpağını geri götürürlər. Bu çox müsbət haldır. Biz kommunistlər olaraq bu prosesi dəstəkləyirik. Ukrayna öz dövlətinə qayıdır. Bu prosesin də sağ əli bizim başımıza gəlsin-Cənubi Azərbaycan gəlib bizə qoşulsun, Qərbi Azərbaycan üzərində bayrağımız dalğalansın”.

Tükanov söyləyib ki, onlar Krım böhranı ilə əlaqədar rusiyalı siyasətçilərlə hər hansı bir müzakirə aparmayıblar: "Bu Rusiyanın daxili işidir. Bu proses gec-tez olmalı idi. Çünki Krımda ruslar yaşayır. Avropa və Amerikanın ikili standart siyasəti bizi ciddi narahat edir. Bunlar düşüblər Rusiyanın üzərinə, çoxmillətli bir dövlətə qarşı sanksiyalar tətbiq etməyə çalışırlar. Axı niyə belə sanksiyaları Ermənistana yeritmirlər? Əslində Ermənistanda Qarabağ daşnaklarına vaxtında dəstək verib və Azərbaycan torpaqlarına qoşun yeridib. Nəyə görə, ABŞ Ermənistana sanksiya tətbiq etmək əvəzinə maliyyə dəstəyi verir, bu ikili standart nə vaxta qədər davam etməlidir? Sən niyə Kosovaya müstəqillik verir və bunu tanıyırsan, amma Krım məsələsində ayrı cür davranırsan?”

Bununla belə M. Tükanov hesab edir ki, Rusiya Donetski, Xarkov, Luqanski, Donbas və digər əraziləri Ukraynadan qoparmayacaq: "Bu bir qədər çətin məsələdir. Ancaq Ukrayna vaxtilə Almaniyada olduğu kimi, iki dövlətə parçalanacaq. Söhbət Qərbi və Şərqi Ukraynadan gedir. İndi Ukraynanı qarışdıran millətçilər anlamalıdır ki, dövləti dağıtmaq nə deməkdir. SSRİ-ni dağıdanlar bunun xeyrini gördülərmi? SSRİ-ni dağıtmağa meylli olan respublikalardan biri Gürcüstan idi, amma sonradan onun ərazisinin 40 faizi getdi. Ukrayna da sovet dövlətini dağıdırdı, indi özünün torpaqları əlindən gedir. Bunu edən Allahdır, onların etdiklərini öz qarşısına qoyur”.

Vahid Kommunist Partiyasının sədri daha sonra deyib ki, Azərbaycan kommunistləri Novruz Bayramını qeyd edəcək: "Əslində, Novruz Bayramını elə kommunistlər qeyd etməlidir. Novruz Bayramı elə SSRİ zamanı qeyd olunub da. Bu Azərbaycanın bayramıdır, biz kommunistlər də xalqın bir hissəsiyik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA