İlyas İsmayılov-Mayis Gülalıyev 2015-də də müttəfiq olacaq

img

16-03-2014 [13:16]



Məlum olduğu kimi, 2013-cü il prezident seçkilərindən sonra müxalifət məğlub olduğundan ümumi düşərgədə ruh düşkünlüyü yaşanır.

Milli Şura seçkidən sonra nəticələri bəna etdi, bir neçə etiraz aksiyası keçirdi, amma seçkiyə qatılan digər qüvvələrdən ciddi bir təpki görünmədi. Seçkidən sonra yaranan bu pessimizm isə hələ də davam edir. Seçkidə iştirak edən Vətən Blokunun həmtəsisçisi, Yaşıllar Partiyasının sədri Mayis Gülalıyev açıqlamasında təmsilçisi olduğu birliyi passiv mövqeyə çəkilmədiyini deyib. Onun sözlərinə görə, müttəfiqləri ilə birgə hədəfləri uğrunda mübarizəni davam etdirirlər və bundan sonra da davam edəcəklər: "Mən digərlərinin nə qədər pessimist və ya optimist olduğu haqda heç nə deyə bilmərəm. Amma Vətən blokunda qətiyyən pessimizm yoxdur. Prezident seçkilərindən sonra blokun 5 illik fəaliyyət planı hazırlanıb və bu plana uyğun olaraq hərəkət edirik. Adətən bizim cəmiyyət fəaliyyət deyəndə daha çox "hay-küy"ü nəzərdə tuturlar. Məgər İlyas İsmayılovun prezident seçkilərindən sonra parlamentdəki çıxışları pessimistdirmi? və ya qanunun aliliyinin təminatı ilə bağlı Konstitusiya məhkəməsinə müraciət pessimist fəaliyyətdirmi? Xeyr. Ona görə də Vətən bloku olaraq, nikbinik və önümüzdəki proseslərdə fəal iştirak etməyi planlaşdırırıq”.

M.Gülalıyev müttəfiqləri bu ilki seçilərdə də birgə iştirak edəcəklərini bildirib. Partiya sədrinin sözlərinə görə, bələdiyyə seçikləri də digər seçilər kimi onlar üçün önəmlidir: "Biz 2014-cü il bələdiyyə şeçkilərində aktiv iştirak edəcəyik. Bu məqsədlə hazırda təşkilatlanma və resursların dəyərləndirilməsi işləri aparılır. Çalışacağıq ki, bütün dairələrdən namizədlərimizi ən geniş spektrdə irəli sürək.

Məlum olduğu kimi, qarşıdan 2015-ci il parlament seçiləri gəlir və siyasi qüvvələrə əsasən bu seçkiyə hədəflənib. M.Gülalıyev deyib ki, 2015-ci il seçkilərinə hazırlıq elə 2014-cü il bələdiyyə seçkiləri ilə paralel aparılır: "2015-ci ildə parlament seçkilərində də mütləq iştirak edəcəyik. Heç şübhəsiz ki, seçkilərə Vətən bloku olaraq qatılacağıq. Axı Vətən bloku müvəqqəti əməkdaşlıq üçün yaranmayıb ki, bir il fəaliyyət göstərək sonra dağılışaq. Blokun 5 illik fəaliyyət planına uyğun olaraq 2015-ci ildə bütün dairələrdən öz namizədlərimiz olacaq”.

Ölkədəki ictimai-siyasi durum, demokratik dəyişikliklərin perspektivinə gəlincə, Mayis bəy "Bir cümlə ilə desəm, cəmiyyətdə əhval ruhiyyə əsasən maddiyyətlə ciddi məşğuldur və əksər insanlar vəziyyətdən bəhrələnməyə cəhd edir. Korrupsiyanı tənqid edənlərin 100-ündən 99-una imkan versəz daha çox korrupsioner olar. Məmurların özbaşnalığını tənqid edən 100 nəfərdən 99-na o kreslo və imkanı versəz, "pambıqla baş kəsər". Yəni əhval ruhiyyə "imkandan nə qədər bacarırsan" istifadə et fəlsəfəsinə söykənir. Qaldı demokratik dəyişikliklərin olacağına inama, kim bunu edəcək? Demokratik dəyişikliklər ciddi enerji və bilik tələb edir. Demokratiya "savadlı xalqın hakimiyyətidir". Təəssüf ki, bizim nə qədər savadlı olmağımız qeyd etdiyim "əhval-ruhiyyədən" yaxşı görsənir. Perspektiv haqqında da pafosla danışmağa dəyməz. O yerdə perspektiv müsbət təmayüllü olur ki, orada bütün fəaliyyət elmi əsaslara söykənir. Hansı cəmiyyətdə fundamental elmlər öyrənilmirsə, orada perspektiv olmayacaq. Dediklərim sizə pessimistik görsənməsin! Bu sadəcə, məlumatlılığın nəticəsidir. Yəni mənim hazırki iqtisadi və siyasi vəziyyətlə bağlı məlumatlarımın kifayət qədər olması mənə bunları deməyə əsas verir”, - söyləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA