Məhkəmə Eldəniz Quliyevə qarşı iddianı qəbul etmədi

img

04-03-2014 [14:33]


Martın 4-də Xətai Rayon Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin El Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib.

Hakim İbrahim İbrahimli iddianı icraata götürməmək barədə qərar qəbul edib. 
VİP iddianın icraata götürülməməsi ilə bağlı xüsusi açıqlama yayıb. Partiyanın mətbuat xidmətindən "Yeni Müsavat”a verilən açıqlamada deyilir ki, hakim iddiaçının məhkəməyə təqdim etdiyi sübutları nəzərə almadan və hər hansı qanuni əsas göstərmədən, işin icraata götürülməsindən imtina edib.
VİP hakimin bu qərarını Eldəniz Quliyevin hakimiyyətin adamı olmasının sübutu kimi təqdim edib: "Qeyd etməyi lazım bilirik ki, barəsində məhkəməyə müraciət olunduqdan sonra E.Quliyev mətbuata verdiyi çoxsaylı açıqlamalarda VİP-ə yönəlik təhqirlərini davam etdirməklə yanaşı, Azərbaycanda məhkəmələrin sifarişlə işlədiklərini, bu səbəbdən, VİP-in iddiasının təmin edilməsi ehtimalının yüksək olduğunu bildirib. Amma bu gün Xətai Rayon Məhkəməsinin hakimi İ.İbrahimlinin qanunsuz qərarı bir daha nümayiş etdirdi ki, Azərbaycan hakimiyyətinin birbaşa himayəsində olan siyasətçilərin ilk sırasında məhz Eldar Namazov və Eldəniz Quliyev kimiləri yer alıb. Hakim İ.İbrahimli sözügedən absurd qərarı ilə göstərdi ki, hakimiyyətin boğazlarına xalta vurub idarə etdiyi "müxalifətdəki desantlar” elə Eldar Namazov, Eldəniz Quliyev və bu məsələdə onlarla həmrəy olanlardır. Vətəndaş və İnkişaf Partiyası olaraq, E.Quliyevin VİP-ə, onun rəhbərliyinə və partiya üzvlərinə yağdırdığı təhqirləri öz növbəmizdə o ifadələrin müəllifinə, hakim İ.İbrahimliyə və bu işin hakimiyyətdəki sifarişçilərinə yönəldirik”.
VİP sonda bəyan edib ki, bununla bağlı hüquq müstəvisində səylərini ardıcıl surətdə davam etdirəcək və E.Quliyevin cəzalandırılması üçün bütün zəruri prosedurları həyata keçirəcək.
VİP Xətai Rayon Məhkəməsinin qərarını aldıqdan sonra apellyasiya qaydasında şikayət verəcək.
Eldəniz Quliyev isə "Yeni Müsavat”a açıqlamasında hakimin qərarına və VİP-in ittihamına belə münasibət bildirib: "Hazırlıq iclası olduğu üçün şəxsən özüm məhkəmədə iştirak etməmişəm. Vəkilim və müşavirim iştirak edirdi. Eşitdiyimə görə, hakim VİP-çilərin iddialarını kəskin formada rədd edib. O iddia həm hüquqi cəhətdən düzgün yazılmamışdı, həm də bilirsiniz ki, Diffamasiya haqqında qanun məsələsi var, mediada gedən sözə görə adamı xüsusi ittiham qaydasında məhkəməyə verməzlər. Çox güman ki, hakim də bütün bunları nəzərə alaraq iddianı rədd edib. O ki, qaldı Azərbaycanda məhkəmələrin sifarişlə işəməsinə, bu faktı danmaq mümkün deyil. Demokratik düşərgədən olan nə qədər insanlar bu gün məhz belə sifarişli məhkəmə qərarları nəticəsində həbsdədir. Kimsə deyirsə ki, Azərbaycanda məhkəmələr heç vaxt sifarişlə işləmir, bu, yalan olar. Sadəcə, VİP rəhbərliyinin mənə qarşı ittihamları o qədər absurd idi, o qədər haqsız idi və o qədər hüquqi cəhətdən səhv hazırlanmışdı ki, bu iddianı hətta sifarişli işləyən məhkəmə də qəbul edə bilməzdi. O ki, qaldı onların məni və Eldar Namazovu hakimiyyətin bir nömrəli adamı adlandırmasına, qoy, desinlər. Bu böhtan mənə yapışmır. Onlar əslində, mənə qarşı təhqirlərini yaydıqları son açıqlamada da davam etdiriblər”.
Qeyd edək ki, Əli Əliyev Eldəniz Quliyevin barəsində cinayət işi açılmasını iddiasında tələb kimi qoymuşdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA