"Xalq real dəyişikliklərə inandan sonra ayağa qalxacaq"

img

02-03-2014 [21:28]


Dünyadakı qlobal demokratikləşmə prosesi Azərbaycanda da dəyişikliklərin olacağına inam yaradıb. Hətta bəzi siyasi şərhçilər iddia edirlər ki, Ukraynadakı proseslərin nəticələrinə uyğun olaraq, Azərbaycanda da analoji proseslər başlaya bilər. ADP sədri Sərdar Cəlaloğlu isə bir qədər fərqli fikirdədir. O, "Reytinq"ə müsahibəsində deyib ki, Ukraynada başlayan proses hələ nəticə verməyib:

- Hələlik bir mərhələ başa çatıb, amma proses ümumilikdə yekunlaşmayıb. Hadisələr başladığı və kulminasiya nöqtəsinə çatdığı zaman Rusiya fərqli mövqedə idi, hadisələrə birbaşa müdaxilə etmirdi. Bunun da başlıca səbəbi Soçi olimpiadası idi. Diqqət etdinizsə, olimpiada başa çatan kimi, Rusiya tamamilə fərqli mövqe sərgilədi. Açıq şəkildə Ukrayna sərhədlərinə qoşun yeridir, Krımda qeyri-qanuni hərbi manevrlər edir. Yanukoviç Rusiyaya qaçıb, rəsmi Moskva onu legitim prezident cayır. Bütün bunlar göstərir ki, Ukraynada baş verən proseslərin siyasi portreti əsl cizgilərini indi almağa başlayıb. Ona görə də, biz presesi başa çatmış kimi dəyərləndirə bilmərik.
- Bəs, prosesin birinci mərhələsi - müxalifətin hakimiyyəti ələ alması - regionda yeni dönəmin başlan-ması kimi qəbul oluna bilərmi?
- Əgər proses Ukrayna xalqının iradəsinə uyğun formalaşsa və başa çatsa, Ukraynanın ərazi bütövlüyü şərtində Avropaya inteqrasiya eləsə, bölgədə çox ciddi siyasi nəticələrə gətirib çıxaracaq. Biz deyəndə ki, Ukrayna hadisələrinin Azərbaycana böyük təsiri olacaq, bunu müstəqil şəkildə başa düşənlər olur. Bəziləri elə bilirlər ki, Ukraynadakı kimi, burda da xalq küçələrə çıxacaq, hakimiyyət dəyişəcək. Amma əslində proseslər başqa cürdür.
Təsir iki cür olur. Biri var aşağıdan təsir - burada xalq küçələrə çıxır, müxalifət aktivləşir və s.
İkinci təsir yuxarıdan olandır. Əgər Ukrayna birmənalı şəkildə Rusiyanın təsirindən çıxacaqsa, bu zaman Rusiya bölgə lideri kimi kifayət qədər güc itirəcək və bölgədə əvvəlki hegemon siyasətini apara bilməyəcək. Bu o deməkdir ki, Rusiya Qafqazdakı siyasətini korrektə etməyə məcbur olacaq.
NATO artıq öz sərhədlərini Rusiyaya doğru genişləndirir. Artıq Gürcüstanın təcili NATO-ya qəbul olunması məsələsi gündəmə gətirilir. Digər tərəfdən də Ukrayna Avroatlantik mənkana interqarsiya edir, NATO-ya da üzv olacaq. Beləliklə, Avropanın sərhədləri Rusiyaya dayanır. Son yüz ildə Rusiyanın əsas siyasəti ondan ibarət idi ki, Qərblə öz arasında bufer zona yaratsın. Əvvəlcə bu bufer zona rolunu Şərqi Avropa ölkələri oynayırdı, sonra bu rolu keçmiş SSRİ respublikaları - Belarus, Ukrayna, Moldova, Azərbaycan və Gürcüstan oynayırdı. Bu gün həmin ikinci bufer zonanın dağılması prosesi gedir. Bunun da ən böyük həlqəsi Ukraynadır. Ukraynanın Avroatlantik məkana inteqrasiyası həm Rusiyanın imperiya iddialarını mənasız edir, həm də Rusiyanın öz daxilində demokratikləşmə tendensiyasının başlamasına rəvac verir.
- Bu, Azərbaycana hansı formada təsir edə bilər? Rusiya üzərindən, yoxsa...

- Əslinə qalanda, Azərbaycanda demokratiyaya keçidin qarşısında dayanan ən böyük əngəl iqtidar deyil, Rusiyadır. Hətta bu gün Azərbaycan iqtidarı istəsə belə, bəzi addımları ata bilmir. Korrupsiyanın çiçəklənməsi, insan haqlarının tapdanması, qeyri-demokratik mühit, Qərbə inteqrasiyadan yayınma üzdə hakimiyyətin siyasəti kimi görünsə də, faktiki olaraq, Rusiyanın Azərbaycanı təhdid eləməsinin nəticəsidir. İndiki vəziyyət Qərbi də təmin elədiyinə görə, hələlik buna sükutla yanaşır. Amma Ukraynada başlanan prosesi yekunlaşdı-randan sonra Qərbin Qafqaz siyasəti dəyişəcək.
Bu günlərdə Amerika Konqressi bəyanat verdi ki, Ermənistan Azərbaycanın 7 rayonunu, Dağlıq Qarabağ ərazisini işğal altında saxlayır və ordakı separatçı rejimi dəstəkləyir. İndiyə kimi Amerikadan belə bir bəyanat eşidilməyib. Son bir neçə aydır ki, Qərbdəki siyasi dairələr, o cümlədən Amerika Qarabağ münaqişəsinin bu şəkildə uzanmasının yolverilməz olduğunu bildirirlər. Bunun özü göstərir ki, artıq Cənubi Qaf-qazla bağlı siyasətdə də müəyyən dəyişilmələr var.
Məlum dur ki, Cənubi Qafqazda demokratikləşmənin qarşısında dayanan ən böyük əngəl Qarabağ problemidir. Qarabağ münaqişəsi Ermənistan üçün tələyə qoyulmuş yemdirsə, Azərbaycanın ayağına bağlanmış qandaldır. Hər ikisi də Rusiyanın əlindədir. Rusiyanın bu bölgədə zəifləməsi Qarabağ probleminin həllinə, Azərbaycanla Ermənistanın Avroatlantik məkana inteqrasiyasına gətirib çıxaracaq. Yəni, Ukraynadakı proseslərin Azərbaycana təsiri qeyd etdiyim müstəvidə olacaq.
- Sərdar bəy, qeyd etdiyiniz qlobal demokratikləşmə prosesinin reallaşmasında Azərbaycan müxalifəti-nin rolu hansı formada ola bilər?
- Əgər Qərb və Amerika Ukraynadakı kimi Azərbaycanda da demokratiyaya keçidə imkan verəcəksə, bunu səmimi şəkildə istəyəcəksə, orda atdıqları addımları burda da atmalıdırlar. Yəni, Azərbaycan xalqına, müxalifətinə demokratiyaya keçidi təmin etmək üçün hər cür yardım etməlidir - həm maddi, həm siyasi, həm də mənəvi. Altı-yeddi ay on minlərlə insanı meydanda saxlamaq, onları yeməklə, geyimlə təmin eləmək, hərbi gücün, müdaxilənin qarşısını almaq, prezidentlər səviyyəsində gəlib meydanda ca-maatla bir yerdə olmaq nə vaxt Azərbaycanda olub? Ukraynadakı həmin dirəniş müxalifətin gücünəmi o qədər davam edib? Xeyr! Müxalifət orda sadəcə olaraq, meydandakı kütlənin təmsilçisi rolunu oynayıb.
- Ancaq deyilənə görə, inqilaba maddi və siyasi dəstəyi iri oliqarxlar veriblər. Azərbaycanda belə oliqarx-lar, iş adamları varmı ki, bu cür proseslərdə analoji addımlar atsınlar?
- Azərbaycanda inhisarçılıq var, iqtisadiyyat siyasi hakimiyyətin nəzarətindədir. Biz, 2005-ci ildə belə bir nümunəni gördük. Hakimiyyətdən iki nəfər - Əli İnsanovla Fərhad Əliyev ayrıldı, amma nəticə fərqli oldu. Düzdür, bizdə oliqarxiya hakimiyyətlə birləşib, müstəqil oliqarxlar yoxdur. Amma hakimiyyət oliqarxiyasında elə adamlar var ki, onlar özünü qorumaq üçün lazım gələndə Qərbin hər hansı bir proyektində iştirak edəcəklər. Dünyanın bütün ölklərində bu təcrübə olub və Azərbaycanda da bunu proqnozlaşdır-maq olar.
- Bəs, Azərbaycan müxalifətində sabah baş verə biləcək hər hansı ayaqlanmada kütləni idarə edə biləcək qabiliyyəti varmı? Yaxud həmin situasiyada kütlə bu müxalifətə etimad göstərəcəkmi?
- Bundan əvvəlki təcrübələr göstərir ki, Azərbaycan müxalifətinin ondan da böyük hadisələri idarə et-mək qabiliyyəti var. Azərbaycan xalqı da lazım gələndə müxalifətin çağırışlarına cavab verir. Bu mənada, sabah baş verəcək hər hansı hərəkətlənmədə həm müxalifət, həm də xalq üzərinə düşəni edəcək.
- Onda xalq niyə müxalifətin çağırışlarına cavab vermir?
- Xalq psixologiyası uşaq psixologiyası kimidir. Uşaq necə ki, səmimi şəkildə hadisələri daha yaxşı duya bilir, hiss edir, xalq da dünyanın Azərbaycanda baş verən proseslərə yanaşmasını çox düzgün qiymət-ləndirir. Ona görə də, xalq müxalifətdən daha yaxşı bilir ki, ölkədə dəyişilmələr üçün şans var, ya yox. Əgər müxalifət dəyişilmələr üçün şans olmadığı vaxtda çağırış edirsə, xalq ona cavab vermir. Çünki xalq müxalifətdən daha yaxşı başa düşür ki, bu çağırışların arxasında real nəticələr durmayacaq. Əgər Ukraynadakı kimi Azərbaycanda da demokratik keçidə dəstək veriləcəksə, müxalifət çağırış etmədən də yüz minlərlə insan küçələrə çıxacaq. O zaman təbii ki, müxalifət qabaqda gedəcək. Yəni, baş verən proses-lər bəzilərinin düşündüyü kimi primitiv deyil. Biz bir şeyi başa düşməliyik ki, xalq müxalifətin hər hansı şıltaqlığı ilə küçəyə çıxmayacaq. Xalq real dəyişikliklərə inandan sonra ayğa qalxacaq. Yəni, real nəticələ-rə xalqın təhtəlşüurunda inam yaranmayna qədər xalqı küçələrə çıxartmaq mümkün deyil. Bu baxım-dan, düşünürəm ki, xalq meydana çıxanda arxasınca gedəcəyi yeganə qüvvə elə müxalifət olacaq.
- Hazırda ölkədə ciddi siyasi hadisə, aktivlik yoxdur. O fikirlər də səslənir ki, Azərbaycanda proseslər 2015-ci ildə, parlament seçkiləri ilində aktivləşəcək. Bu barədə nə düşünürsünüz?
- Mən düşünmürəm ki, ciddi proseslər ancaq 2015-ci ildə baş verəcək. Biri var, planlı gediş, biri də var, gözlənilməz dəyişikliklər. Planlı gediş baxımından yanaşsaq, mən sizinlə razıyam. Ancaq o biri tərəfdən yanaşanda fərqli hadisələr ortaya çıxa bilər. Yəni, sabah Qərbdən elə bir təklif gələ bilər ki, Azərbaycan hakimiyyəti o təlifi qəbul eləmədiyi təqdirdə, yaxud da əks addımlar atdıqda eyni hadisələr baş versin. Biz yalnız onu fikirləşməməliyik ki, proseslər 2015-ci ildə aktivləşə bilər. Günü sabah Azərbaycan da Uk-raynada baş verənlərə oxşar hadisələrlə üz-üzə qala bilər.
- Sərdar bəy, söhbətimizin istiqamətini bir qədər də daxili siyasətə yönləndirmək istəyirəm. Hazırda müttəfiqiz İqbal Ağazadə "125-lər klubu"nda fəaliyyətə başlayıb. Bu birliyin əsas hədəfi qarşıdan gələn parlament seçkilərində iştirak etməkdir. Bu birliyin perspektivini görürsünüz?
- Biz nə həmin quruma dəvət olunmuşuq, nə də belə bir qurumun məqsədi, məramı bardə məlumat sahibiyik. Sadəcə, bu adda bir təşkilatın elan olunduğunu eşitmişik.
"Qarabağ" blokunun toplantısında bu məsələ müzakirəyə çıxarılanda, İqbal bəy dedi ki, bu qurumun yaradılmasından xəbərsizdir, təşəbbüs də ondan gəlməyib. Sadəcə, onu dəvət ediblər, o da gedib. Mən özüm də mətbuatdan eşitmişəm ki, "125-lər klubu"dur, nədir, belə bir şey var.
- ADP-dən kimlərinsə ora qoşulması mümkündürmü?
- Düzü, o təşkilatın hər hansı perspektivini görmürəm. İqbal bəy prosesin əvvəlindən orda olsaydı, həmin birliyin ciddiliyi barədə düşünmək olardı. Amma o dedi ki, Ümid Partiyasının bilavasitə iştirakı nəzərdə tutulmayıb. Bunu nəzərə alıb deyə bilərəm ki, "125-lər klubu" boş yerdən yaradılan hay-küydən başqa bir şey deyil. Əslində, belə bir təşkilatın mövcud olub-olmaması mənim üçün qaranlıqdır. Əgər araş-dırma aparsanız, maraqlansanız, görəcəksiniz ki, belə bir təşkilat yoxdur.
- Müxalifət düşərgəsində önəmli hadisələrdən biri də Müsavat Partiyasının uzun müddətdən bəri göz-lənilən qurultayının may ayına planlaşdırılmasıdır. Budəfəki qurultayda Müsavat üçün taleyüklü qərar veriləcək. Siz nə gözləyirsiniz?
- Düzü, mən Müsavat Partiyasının budəfəki qurultayında böyük dəyişikliklərin baş verəcəyini gözləmirəm. Düzdür, hamı Müsavat başqanlığına seçkidən danışır, iddialılar ortaya çıxıb, rəsmən elan olunmasa da, namizədlər də bəllidir, amma mən, Müsavatın qurultayının keçiriləcəyinə, keçirilsə belə, İsa Qəmbərin başqanlıqdan gedəcəyinə inanmıram. Çünki müəyyən bir qrup qurultayda təşəbbüslə çıxış edə bilər ki, nizamnamədəki məlum maddə dəyişdirilsin və İsa Qəmbər partiya başqanı qalsın.
- Axı, İsa Qəmbər israrla növbəti dəfə başqan olmayacağını bildirib.
- Siyasətdə "olmaz" məsələsi yoxdur. Biz bəzən bir fikri deyirik və bunun aksioma kimi qəbul olunacağını, dəyişməycəyini düşünürük. Amma siyasətdə konyuktura həmişə olub, olmalıdır da. Müsavat kimi iri bir partiyanın da siyasi konyukturaya getməsi, İsa Qəmbər kimi təcrübəli siyasətçinin də siyasi konyuktura eləməsi gözləniləndir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA