"Azərbaycan hakimiyyəti başdan-ayağa yerli-bazlıq, qohumbazlıq prinsipi ilə qurulub"

img

24-02-2014 [13:25]


Bir neçə gündən sonra Xocalı soyqırımının 22-ci ili tamam olur. Bu müddət ərzində faciə ilə bağlı müxtəlif fikirlər, hüquqi və siyasi dəyərləndirmələr olsa da, təqsirkarlar hələ də cəzalarını almayıblar. Xocalı soyqırımının baş verdiyi ərəfədə müxalifətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin liderlərindən biri, sabiq Daxili işlər naziri İsgəndər Həmidov "Reytinq"ə müsahibəsinə bu mövzudan başladı:

- Xocalı hadisəsi Azərbaycan xalqının qan yaddaşıdır. Rusiyanın 366-cı alayı ilə erməni silahlı birləşmələrinin xalqımıza qarşı törətdiyi soyqırım aktıdır. Sözsüz ki, bu, heç vaxt yaddan çıxmamalıdır. Çünki Xocalıda həm dini, həm milli baxımından insanlara divan tutulub. Özü də bu qətliam vəhşicəsinə törədilib, uşaq, qoca, qadın demədən, hər kəsi silahdan keçiriblər, ağır işgəncələr verərək qətlə yetiriblər.
Xocalı hadisəsi ilə bağlı ilk dəfə cinayət işi açılanda orda Qorbaçovun, Yazovun, Primakovun da adı var idi. Çox təəssüflər olsun ki, sonradan məsələyə yenidən baxıldı və cinayət işində təkcə Qorbaçovun adı qaldı. Hətta bu hadisənin məqsədinin istiqamətini dəyişmək istəyənlər də tapıldı. Lakin Xocalı hadisəsi bir xalqa qarşı törədilmiş soyqırımdır. Bu, elə bir miqyasda törədilən cinayətdir ki, onun üçün nə vaxt, nə də məkan faktoru var. Yəni, cinayətin səbəbkarlarını bu gün də cəzalandırmaq olar.
Onu da qeyd edim ki, həmin dövrdə Azərbaycanda hakimiyyətdə olanlar da bu cinayətə görə məsuliyyət daşıyırlar. Azərbaycan hakimiyyəti bu işdə ən azı, Konstitusiyada təsbit olunmuş borcunu, xalqının təhlükəsizliyini təmin etmək vəzifəsini yerinə yetirə bilmədiyinə görə təqsirkardır.
- Hakimiyyət ümumiləşdirilmiş ifadədir. Xocalı soyqırımı ilə bağlı Azərbaycan hakimiyyətindən kimləri təqsirli bilirsiniz?
- Təbii ki, bu cinayətə görə cavab verəcək konkret şəxslər var. Əgər xatırlayırsınızsa, o vaxt Milli Məclisdə bu məsələni qaldırdıq və təqsirkarların adlarını qeyd elədik. Eyni zamanda, o vaxtkı prezident Ayaz Mütəllibova qarşı inanmsızlıq qoyduq və bu, Milli Məclisdə qəbul olundu. Təbii ki, ölkədə baş verən belə bir cinayətə görə prezident də məsuliyyət daşıyır.
- Amma Ayaz Mütəllibov deyir ki, həmin vaxt AXC məni dəstəkləsəydi, Xocalı faciəsi baş verməzdi. Bu barədə nə deyə bilərsiniz?
- O vaxt Ayaz Mütəllibov prezident idi, AXC isə müxalifət hərəkatı. Azərbaycanda prezidentdən yüksək vəzifə var ki, Mütəllibova dəstək də lazım olsun? Xalqın rəhbəri də, Ali baş komandan da prezidentdir. Belə bir postda oturan adama, bütün səlahiyyətlər əlində olan şəxsə hansı köməyi etmək lazım idi? O, həmin vaxt kimin dəstəkləməsindən, yaxud dəstəkləməməsindən asılı olmayaraq, xalqın müdafiəsini təşkil etməli idi. Əgər bunu edə bilməyibsə, deməli, məsuliyyət daşıyır. İndi AXC-nin dəstəkləməmə-sindən danışmaq, məsuliyyətdən yayınmaqdan başqa bir şey deyil.
O vaxt prezident də, Daxili İşlər Ќazirliyi də, Müdafiə Nazirliyi də, digər güc sturkturları da var idi və kifayət qədər güclü idilər. AXC üzvləri həmin gücü öz kürəklərinə dəyən dəyənəklər vasitəsiylə hiss edirdi. Sadəcə olaraq, işi bacarmamaq, yarıtmazlıq nəticəsində soyqırımın qarşısını almaq mümkün olmadı.
- O vaxt AXC də ciddi güc mərkəzi idi. Güclü müxalifət hakimiyyətə dəstək verməyəndə, ona qarşı çı-xanda zəiflik yaranır...
- Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə qarşı deyildi. Biz o vaxt Azərbaycanın müstəqilliyi uğrunda çarpışırdıq. Təbii ki, müstəqilliyi istəməyənlərə qarşı da mübarizə aparırdıq. Əgər Ayaz Mütəllibov da Azər-baycanın müstəqilliyinə maneə yaradanlar sırasında olubsa, ona qarşı da mübarizə aparmışıq.
Xatırladım ki, Xocalıda 12 nəfər AXC üzvü də həyatını itirib. Soyqırım baş verəndə, ilk vaxtlar bunu gizlətdilər. Dedilər ki, bir nəfər həlak olub. Hadisə ilə bağlı video-çəkilişlər yayılandan sonra hakimiyyət etiraf elədi ki, Xocalıda soyqırım baş verib. Odur ki, Mütəllibov məsələyə obyektiv yanaşsın. Çünki Xocalı hadisəsində AXC-nin heç bir məsuliyyəti olmayıb.
Biz o vaxt deyirdik ki, Qarabağ, Azərbaycan dövlətinin möhkəmlənməsi və digər milli məsələlərdə heç kimə güzəştə getməyəcəyik. İndi də o mövqedəyik. Milli məsələlərdə müxalifət, iqtidar yox, vahid Azərbaycan xalqı var.
- Xocalı hadisəsi ilə bağlı cinayət işi açıldı, istintaq aparıldı, bu işin gedişatı barədə nə deyə bilərsiniz? Təqsirkarlar cəzasını aldımı?
- Çox təəssüf ki, yox. Məsələylə bağlı cinayət işi açıldı, Ayaz Mütəllibov axtarışa verildi. Mütəllibov yenidən hakimiyyətə qayıdandan sonra komissiya yaradıldı, guya araşdırma apardılar ki, onun məsələdə təqsiri yoxdur. Heydər Əliyev dönəmində Mütəllibova qarşı yenidən cinayət işi qaldırıldı. Bu yaxınlarda isə həmin cinayət işi xətm olundu. Eyni zamanda, Milli Məclis "Eks-prezidentlər haqqında" Qanun qəbul elədi və Mütəllibova toxunulmazlıq statusu verib, ölkəyə qaytardılar.
İndi, hər il fevralın 26-nı Matəm Günü elan edirik. Amma soyqırımı heykəlin qarşısına toplaşıb ağlamaqla qeyd etmək lazım deyil. Elə etmək lazımdır ki, Xocalı soyqırımı günü ermənilər də matəm eləsinlər.
- Yəni, terrora terror, soyqırıma soyqırımla cavab verməliyik?
- Yox. Mən terroru heç vaxt müsbət qarşılamamışam, soyqırımı da qəbul eləmirəm. Türkün öz əxlaqı var - türkün qadınla, uşaqla müharibəsi yoxdur. Amma türkün torpaqları işğal altındadır. Ona görə də əli silahlı düşmənə cəza vermək haqqı var. Yəni, terrorçuya qarşı anti-terror əməliyyatı keçirmək lazımdır.
- Xocalı soyqırımına verilən hüquqi qiymət Sizi qane edirmi?
- Bu günə kimi Xocalı soyqırımına normal hüquqi-siyasi qiymət verilməyib. Həmin cinayət işində adı hallanan generallar indi də Rusiyada vəzifədədir. Azərbaycan dövlət olaraq, bu məsələni Rusiya qarşısında qaldırıb, cinayətkarların cəzalandırılmasını tələb edə bilər. Əfsuslar olsun ki, bu istiqamətdə lazımi addımlar atılmır.
- Sizin Xocalı soyqırımına görə təqsirkar bildiyiniz Mütəllibov hazırda Azərbaycandadır və hər hansı bir iddia da irəli sürülmür...
- Bunun özü nonsensdir. Xocalı soyqırımından sonra Ayaz Mütəllibov Azərbaycandan kənarda qaldı. Mən heç kimin vətəndən didərgin düşməsini arzulamıram, amma istənilən şəxsin törətdiyi əmələ görə cavab verməsini istəyirəm. Ayaz Mütəllibov getməyə, cəzasını burda çəkib, ölkəsində qala bilərdi. Bütün bunlar olmadığı halda, onun AXC-ni nədəsə suçlaması absurddur.
Bu gün Ayaz Mütəllibov Bakıda yaşayır, eks-prezident statusuna görə ayda 8 min manat təqaüd alır, xidməti maşını və digər imkanları var. Bu da başqa məsələlərdən xəbər verir. Yəni, bizdə qanun şah deyil, şah qanundur. Əslində, Mütəllibov Xocalı soyqırımına görə prezidentlikdən uzaqlaşdırılmışdı. Hesab edirəm ki, Ayaz Mütəllibov başda olmaqla, Xocalı soyqırımına görə cavabdeh olan hər bir hakimiyyət nümayəndəsi məsuliyyətə cəlb olunmalıdır.
- İsgəndər bəy, mövzunun istiqamətini dəyişmək istərdim. Son dövrlər daxili işlər orqanlarında kadr dəyişiklikləri həyata keçirilir. Keçmiş Daxili işlər naziri kimi hazırda aparılan dəyişiklikləri necə qiymətləndirirsiniz?
- Uzun müddətdir ki, bu nazirliklə maraqlanmıram, kimin necə işləməsindən də xəbərim yoxdur. Əgər yeni təyin olunan kadrlar nazirliyin yaxşı işləməsinə qulluq edəcəksə, onları alqışlamaq lazımdır. Yox, əgər başqa fikirləri varsa, onlara deməyə sözüm qalmayıb. Məsələ ondadır ki, nə çıxarılan, nə də yeni təyin olnan kadrları tanımıram. Ona görə də nəsə demək istəmirəm.
- Maraqlı məqamlardan biri odur ki, son təyinatlarda irəli çəkilənlərin əksəriyyəti hakimiyyətdə təmsil olunan yüksək çinli məmurların qohumlarıdır. Bunu necə qiymətləndirirsiniz?
- Bu tendensiya təkcə Daxili İşlər Nazirliyində mövcud deyil. Azərbaycan hakimiyyəti başdan-ayağa yerli-bazlıq, qohumbazlıq prinsipi ilə qurulub. Hansı nazirliyə nəzər yetirsəniz, görərsiniz ki, ordakı vəzifələri müxtəlif nazirlərin qohum-əqrəbaları tutublar. Hər bir dövlət qurumunda bu prinsip əsas götürülür. Məgər Vergilər Nazirliyi DİN-dən yaxşı vəziyyətdədir? Görün, Vergilər naziri kimdir, müavinlər kimlərdir, idarə rəisləri kimlərin qohumlarıdır?
Yeri gəlmişkən, xalq arasında Vergilər Nazirliyinə yaxşı ad qoyublar - reket nazirlik! Hakimiyyətin bütün qollarında tayfabazlıq, rayonbazlıq, küçəbazlıq hökm sürür. Amma dövlət idarəçiliyində kadr siyasəti "bazlıq" prinsipi ilə deyil, iş qabiliyyətinə görə qurulmalıdır. Sözüm ondadır ki, belə vəziyyət təkcə DİN-də olsaydı, dərd yarı idi. İndi bütün ölkə bu "xəstəliyə" yoluxub.
- DİN-dən ona görə nümunə gətirdim ki, Siz vaxtilə bu sistemdə çalışmısınız...
- Başa düşürəm. Amma məsələ ondadır ki, bu biabırçılıq təkcə daxili işlər orqanlarında deyil. Ona görə də bir nazirliyin üstündə dayanmağa dəyməz. Hüquq-mühafizə sistemi bu gündə olanda, görün, o biri qurumlar hansı vəziyyətdədir.
- Zakir Həsənov Müdafiə naziri postuna gətiriləndən sonra bir sıra kadr dəyişiklikləri edildi. Bu dəyişiklikləri necə dəyərləndirirsiniz?
- Mən, Zakir Həsənovu yaxından tanımarım. Düzdür, o, nazir təyin ediləndən sonra o qədər kadr dəyişdi ki, hamısını izləmək olmur. Amma onun bir neçə kadr dəyişikliyini alqışladım. Ələlxüsus da Qarabağ döyüşlərində iştirak etmiş generalları, polkovnikləri irəli çəkməsini müsbət qiymətləndirirəm. Lakin əsas məsələ odur ki, Müdafiə Nazirliyi də hökumətin tərkibində olan bir strukturdur, yuxarıdan hansı göstəriş gəlsə, onu icra edəcəklər.
- Çoxları onun təyinatından sonra orduda əsgər ölümlərinin sayının azalacağını, neqativ halların aradan qalxacağını gözləsə də, hələlik bunun şahidi olmuruq.
- Mən də inkar eləmirəm. Müdafiə Nazirliyində neqativ hallar kifayət qədərdir. Əsgər ölümləri, rüşvət-xorluq, özbaşınalıqlar yenə də mövcuddur. Amma məndə olan məlumata görə, müsbətə doğru bir balaca irəliləyiş var.
Bilirsiz, bu struktur o qədər bərbad günə salınıb ki, orda nizam-intizamı qaydaya qoymaq üçün xeyli vaxt lazımdır. Ən əsası, Müdafiə Nazirliyinin qiymətini torpaqlarımızı azad edəndən sonra verə bilərik.
Bir nazirlikdə qohumbazlıq, yerlibazlıq əsasında kadr siyasəti həyata keçirilirsə, orda heç bir uğur əldə eləmək olmaz. Fərqi yoxdur, istər DİN, istər Müdafiə Nazirliyi, istərsə də başqa bir qurum olsun - bunların hamısı bütövlükdə hakimiyyəti, dövləti təşkil edir. Ona görə də problemi bütövlükdə həll etmək la-zımdır.
- Bununla bağlı hər hansı təklifiniz varmı?
- Burada əsasən bir-iki məqamı diqqətdə saxlamaq lazımdır. Hər şeydən öncə korrupsiya və rüşvətin kökü kəsilməli, inhisarçılıq aradan qaldırılmalıdır. Hər bir məmur öz əməkhaqqı ilə yaşamağa məhkum edilməlidir. Əgər məmur öz əməkhaqqı ilə yaşasa, heç bir nazirin qohum-əqrəbası məmur olmaq istəməz. Bu gün insanları vəzifəyə cəlb edən əsas faktor korrupsiya, rüşvətxorluq, inhisarçılıqdır. Hakimiyyətin yüksək postlarında təmsil olunanlar da çalışırlar ki, rüşvətin, korrupsiyanın, inhisarçılığın mövcud olduğu sistemdə öz qohum-əqəbası olsun ki, yığılan pul dağılmasın. Ona görə nə həmin nazirlər qohumlarından, nə də qohum-əqrəbalar vəzifələrdən əl çəkir.
- İsgəndər bəy, ölkədə belə bir tendensiyanın geniş vüsət almasında müxalifətin məsuliyyəti nə qədərdir?
- Çox təəssüf ki, bu gün Azərbaycan müxalifəti zəifdir və proseslərə təsir edə bilmir. Bunu etiraf eləmək lazımdır. Amma ölkədə yerlibazlığın, qohumbazlığın, rüşvətxorluğun baş alıb getməsində müxalifətin günahı yoxdur. İndi müxalifət yeni bir ideya ortaya qoymalıdır ki, xalq ona inansın. Hakimiyyəti tayfa-bazlıq, qohumbazlıq, korrupsiya və rüşvətxorluqda ittiham eləməklə iş bitmir, artıq bunlar çox çeynə-nib. Müxalifət ölkədə olan problemləri proqramlı şəkildə araşdırmalı, buna uyğun olaraq, hakimiyyəti tənqid etməli və bildirməlidir ki, belə vəziyyətlə sona qədər barışmayacaq.
- Müxalifət nümayəndələrindən biri də Sizsiniz, fəaliyyətinizi yetərli sayırsınızmı?
- Bizim bundan başqa yolumuz yoxdur. Topumuz yox, tüfəngimiz yox, pulumuz yox ki, maaş artıraq. Büdcə bizdə deyil ki, bölgüləri ədalətli aparaq, maliyyə fırıldaqlarının qarşısını alaq. Müxalifətin peşəsi problemləri cəmiyyətə çatdırmaqdır. İş ondadır ki, telekanallar da üzümüzə bağlıdır. Ona görə də mümkün olduqca, qəzetlərdə fikirlərimizi bildirib, cəmiyyəti aktivləşdirməyə çalışırıq. Hesab edirəm ki, bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik.

- See more at: http://reytinqinfo.az/manset/882-isg%C9%99nd%C9%99r-h%C9%99midov-h%C9%99min-cinay%C9%99t-i%C5%9Find%C9%99-ad%C4%B1-hallanan-generallar-indi-d%C9%99-v%C9%99zif%C9%99d%C9%99dir-ayaz-m%C3%BCt%C9%99llibov-ba%C5%9Fda-olmaqla,-xocal%C4%B1-soyq%C4%B1r%C4%B1m%C4%B1na-g%C3%B6r%C9%99-cavabdeh-olan-h%C9%99r-bir-hakimiyy%C9%99t-n%C3%BCmay%C9%99nd%C9%99si-m%C9%99suliyy%C9%99t%C9%99-c%C9%99lb-olunmal%C4%B1d%C4%B1r.html#sthash.Zo8fPpA9.dpuf

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA