Sabiq komandandan general-deputatla bağlı şok iddialar

img

19-02-2014 [10:25]



Sabiq müdafiə naziri Rəhim Qazıyevin keçmiş baş hərbi komissar, deputat Əliağa Hüseynov barədə dedikləri mətbuatda qızğın müzakirələrə səbəb olub. Sabiq nazir moderator.az saytına bildirib ki, Əliağa Hüseynov keçmiş Oktyabr, indiki Yasamal rayonunun hərbi komissarı olan zaman ona zəng edərək ağlayıb. 

R.Qazıyev deyib: "1992-ci ilin iyul-avqust ayları idi, mənim hərbi rabitə sistemi olan ”Uraqan" telefonuma zəng gəldi və bir nəfər telefonda hönkür-hönkür ağlayaraq, "cənab nazir, məni tutub aparırlar, kömək eləyin” deyə, fəryad edirdi. Soruşdum ki, kimdir bu? Dedi ki, cənab nazir, Oktyabr rayon hərbi komissarı Əliağa Hüseynovdur. Soruşdum ki, yekə kişisən, niyə ağlayırsan, bir başa sal, görüm, nə baş verib?  

Dedi ki, bəs qoluma qandal vurub aparırlar. Dəli oldum, soruşdum ki, bəs sən necə hərbi komissarsan, şəxsi silahın yoxdu? Niyə sənə hücum edən şəxslərə silahınla cavab verməmisən? Yenə ağlayaraq birtəhər məni başa saldı ki, cənab nazir, Fəhmin Hacıyevin göndərdiyi adamlardır, məni qandallayıb aparırlar. Dedim, onlar kimdir ki, səni aparalar, sən axı neynəmisən ki, onlara? Dedi ki, Fəhmin Hacıyev mənə zəng vuraraq 5 nəfər çağırışçının adını və soyadını verdi ki, onları birbaşa Daxili Qoşunlara göndər".

Eks-nazir deyib ki, F.Hacıyevin göndərdiyi 3 nəfəri Ə.Hüseynovla birlikdə onun xidməti otağına gətiriblər: "Mən həmin hərbçilərə dərhal raport yazdırdım, amma Əliağa Hüseynovun ağlamasını kəsmək üçün xeyli onu dilə tutmalı olduq. Özünə gələ bilmirdi və hönkür-hönkür ağlayırdı”. Ə.Hüseynov isə teleqraf.com-a deyib ki, sabiq müdafiə nazirinin dedikləri yalandır: "Hərbi komissar müdafiə naziri ilə telefonla danışa bilir? Baş verənləri keçmiş hərbi prokuror Nizami Təhməzov yaxşı bilir. Mən Fəhmin Hacıyevin qanunsuz əməlləri ilə bağlı məsələ qaldırmışdım. Rəhim Qazıyev bunlardan danışsın. Mənim ağlamağımı harda görüb? Niyə ağlamalıydım ki...”

Məsələdə adı hallanan, hazırda ölkə xaricində yaşayan Fəhmin Hacıyev "Yeni Müsavat”a açıqlama verib. Sabiq komandan bildirib: "Əvvəla, onu deməliyəm ki, 1992-93-cü illərdə Daxili Qoşunların komandanı olduğum dövrdə Müdafiə Nazirliyi və hərbi komissarlıqlar Daxili Qoşunların komplekləşdirilməsinə hər cür maneələr törədir, Daxili Qoşunlara müddətli çağırışçıların və ehtiyatda olan könüllü çağırışçıların verilməsini təmin etmirdilər. Bu işdə ən çox canfəşanlığı Əliağa Hüseyinov edirdi. Onunla dəfələrlə telefonla danışığıma baxmayaraq, Əliağa Hüseynov ordu quruculuğuna qarşı təxribatlarını dayandırmırdı. Bütün əməllərini də Rəhim Qazıyevə arxalanaraq edirdi. Biz məcburiyyət qarşısında qalaraq hərbi hissələrin komplektləşdirilməsi işini vətəndaşların ərizələri və MN-in hissələrindən qaçmağa məcbur olmuş əsgərlərin toplanması hesabına həyata keçirirdik. Bu işdə bizə hərbi komissar Şakir Nağıyev gizli kömək edirdi”.

F.Hacıyev sonra bildirib: "Əliağa Hüseynovla telefon danışıqları fayda vermədiyindən onu qəbuluma çağırdım. Gəlməkdən imtina etdi. Sonda onun yanına baş leytenant Rafiq Qaçayevi göndərdim ki, ona etdiyi təxribatların nəticəsinin pis olacağını anlatsın və əgər inadından dönməsə, yanıma gətirilməsini təmin etsinlər. Daxili Qoşunların əməkdaşları oraya gələndə onları artıq gözləyirmişlər və tərk-silah edərək Rəhim Qazıyevin yanına aparmışdılar. Rəhim Qazıyevin kabinetində Daxili Qoşunların zabitlərinə işgəncə verilərək əleyhimə izahat almaq istəmişdilər. Mən Rafiq Qazıyevin qəbuluna getdim və zabitlərdən Rəhim Qazıyevlə Əliağa Hüseynovun istədikləri kimi izahat yazmalarını əmr etdim. Çünki həmin anda mənim üçün zabitlərimin şərəfini qorumağım daha önəmli idi. Rəhim Qazıyevin Əliağa Hüseynov haqqında dediklərinin doğru olduğuna inanıram. Çünki Əliağa Hüseynovun Rəhim Qazıyevin qarşısında diz çöküb ağladığının və dizlərindən öpdüyünün şahidi olmuşam. Əliağa Hüseynov 1988-ci ildən milli-azadlıq hərəkatının əleyhdarı olub və ordumuzun yaradılmasına hər fürsətdə əngəl törədib. Təkcə Daxili Qoşunlara qarşı etdiyi təxribatlara görə Əliağa Hüseynov ən azından Hərbi Tribunal qarşısında cavab verməli idi”.

General Əlağa Hüseynovun bu ittihamlarla bağlı "Yeni Müsavat”a cavabı isə qısa oldu: "Mən pisəm də, yaxşıyam da, qoy xalq qiymət versin. Onlar kimdir ki, mənim haqqımda danışsınlar?” F.Hacıyevin diz çökmək və sairlə bağlı dediklərinə gəldikdə, keçmiş baş komissar dedi: "O kim idi ki, mən onun qabağında ağlayım? Amma nə olar, qoy istədiklərini desinlər, dövləti çevirən adamlardan nə gözləyəsən?” .

musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA