Qubad Ibadoğlu Müsavatın qurultayından danışdı

img

14-02-2014 [16:16]


2001-ci ildə Müsavatın nizamnaməsinə edilmiş dəyişiklik eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır. Buna görə mayın 24-də keçiriləcək qurultayda indiki başqan İsa Qəmbər namizədliyini verə bilməz. Çünki bu dəyişiklikdən sonra İsa Qəmbər artıq iki dəfə - 2001 və 2006-cı illərdə keçirilən qurultaylarda başqan seçilib.

"Media forum” saytı bunu nəzərə alaraq Müsavat başqanlığına potensial namizədlərə eyni suallarla müraciət edib. Suallara Müsavat Divanının üzvü Qubad İbadoğlunun cavabını təqdim edirik.

- Mayın 24-nə təyin olunmuş qurultayda eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayan nizamnamə maddəsinin ləğvi və İsa Qəmbərin yenidən başqanlığa namizəd imkanı əldə etməsi ehtimalı varmı? Sizin şəxsi fikriniz necədir: İsa Qəmbərin başqan postunda qalmasını istəyirsinizmi?

- İsa bəyi həmişə öndə və daha yüksəkdə görmək üçün Müsavatdayam. Ona görə də İsa bəyin və bütövlükdə Müsavatın bu yöndə şansını artıran istənilən demokratik dəyişikliklərə dəstək verəcəm.

- Başqanlığa namizəd olmaq fikriniz varmı? Belə fikriniz yoxdursa, başqan postuna iddialı olanlardan kimin namizədliyini dəstəkləmək niyyətindəsiniz?

- İddiasız olmaq zəiflik göstəricisidir. Siyasətdə bu, nöqsan sayılır. Müsavatda belələrinə rast gəlmək mümkün deyil. Müsavatçıların çoxu 20 ildir ki, bu haqq yolda şərəflə mübarizə aparırlar. Odur ki, istənilən müsavatçının başqanlığa iddiasına müsbət yanaşıram. Lakın hamımız gözəl bilirik ki, iddialar eyni, şanslar isə fərqli olur. Hazırda isə şansların dəyərləndirilməsinin zamanı deyil. Vaxtı çatanda əqidə dostlarımızla birlikdə şansları dəyərləndirib Müsavatın və Azərbaycanın demokratik düşərgəsinin uduşuna hesablanmış qərarlarımızı birgə verəcəyik.

- Yeni başqan (siz və ya başqa birisi) Müsavatda nələri dəyişməlidir? Partiyanın idarəçilik formasının dəyişməsi, başqanlıq institutunun ləğvi mümkündürmü?

- Müsavat üçün yaxşı nümunələri saxlamaqla, yeni və ən yaxşı olanları yaratmağa çalışmaq lazımdır. Belə proqramlarda Müsavatı deyil, hakimiyyəti dəyişmək hədəfləri daha öndə olmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA