İqbal Ağazadənin ailə sirləri: “Həyat yoldaşımın qısqanması üçün neyləyirəm ki?”

img

12-02-2014 [14:21]


"Ailəm.az” saytının "Bizim ailə” layihəsinin növbəti qonağı "Ümid” partiyasının sədri,deputatİqbal Ağazadədir.

Söhbətimizə İqbal Ağazadə üçün uğurlu ailə formulunun nə olduğu ilə başladıq.

- Ailə standartları deyilən anlayış yoxdur. Hər bir ailənin özünün prinsipləri, ərsəyə gəlmə formaları var. O formalara uyğun olaraq, hər kəs öz ailəsinin bünövrəsini müyyənləşdirir. Biri ailəni sevgi, biri maraqlar, biri hüzur üzərində formalaşdırır və s. Məsələn, biri dəli kimi sevir və valideyinlərinin razılığı oldu-olmadı evlənir, o, ailəsini sevgi üzərində qurur. Biri sevmir, ailəsinin məsləhət bilib göstərdiyi qızla, yaxud oğlanla evlənir. Yəni insanlar fərqli olduqlarına görə bunun standartlarını müəyyənləşdirmək çətindir.

- Sizin fikrinizcə, ailə qurmaq üçün bu yollardan hansı daha uğurludur?

- Uğuru insanlar özləri seçirlər. Onlar nəyin əsasında ailə qururlarsa, uğuru da özləri müəyyən edir.

"Gərək bir səbəb ola ki, qadın səni qısqana”

-Özünüz ailə qurarkən hansı üsuldan istifadə etmisiniz?

- Mən özün istədiyim kimi evlənmişəm. Amma bunu ictimaiyyətlə bölüşmək istəmirəm.

- Həyat yoldaşınızla tanışlığınız necə olub?

- Mən onu görmüşəm. Öyrənmişəm, özümə uyğun bilib evlənmişəm. Ailə qurmaq seçimimi özüm etmişəm.

- Xanımınız hansı ixtisas sahibidir?

- Pediatrdır, amma hazırda işləmir. Evdə uşaqlarla məşğuldur.

- İşləməyinə siz razı deyilsiz?

- Yox, mən qadağaları sevən adam deyiləm, evdə mənim və uşaqların qayğıları, üstəlik iş ona əlavə yük olar.

- Evdar xanımlar adətən daha çox qısqanc olurlar. Həyat yoldaşınız sizi qısqanır?

- Bunu xanımdan soruşmaq lazımdır. Mən nə deyə bilərəm? Amma onun qısqanması üçün neyləyirəm ki? Gərək bir səbəb ola ki, qadın səni qısqana. Bu yoxdusa, necə qısqana bilər?

"Evdəkilərin partiya sədri, millət vəkili deyiləm”

- İqbalbəy, həqiqətənmi kişinin həyatda uğur qazanması onun uğurlu ailəsinin olması ilə bağlıdır? Sizin uğurlarınızda ailənizin rolu varmı?

- Qadın bir ailə münasibətidir. Fərqi yoxdur qadının, ümumiyyətlə, insanın statusu nədir. O insan olduğu yerdə sənə hüzur verməyəcəksə, sənin heç bir uğurun olmaz. O, hüzurunu təmin edə bilirsə, sənin hər bir uğuruna da şərikdir.

- İş həyatınızda hər hansı bir hadisə ailə içində əhval-ruhiyyənizə təsir edirmi?

- Adam var ki, işdə olanları qapısının kandarına qədər apara bilir, ordan içəri daşımır. Evə daxil olandan sonra işdə nə baş verdiyindən asılı olmayaraq, çox hüzurlu olur. Mən adətən, bu şəkildə yaşamışam. Mən çöldəki problemləri evimin kandarına qədər apararam, oradam sonra mənim öz evimin problemləri başlayır. O evdə böyük kimi, ata kimi, ər kimi, oğul kimi üzərimə düşən yük və vəzifə nədirsə onunla məşğul oluram. Mən işdə partiya sədri kimi üzərimə düşən yükü daşıya bilmədimsə, bunun evdəkilərə heç bir aidiyyatı yoxdur. Çünki mən evdəkilərin partiya sədri, millət vəkili deyiləm, onlar da mənim seçicilərim deyil. Mən onların oğluyam, qardaşıyam, atasıyam, həyat yoldaşıyam və s. Ona görə də hesab edirəm ki, yanaşma bu şəkildə olmalıdır.

"Partiyada xarab olan"razetkaları özüm təmir edirəm”

- Evdə nəyisə təmir etmək kimi əlinizdən gələn bir iş varmı?

- Evə aid hər bir işi görə bilirəm. Çalışıram evdə işləməyim, amma işlədiyim günlər də olur. Məsələn, oboy qopubsa, onu özüm yapışdırıram, işıq açarları xarab olubsa, özüm təmir edirəm. Elə bax bu partiyanın özündə, xarab olan bütün "razetka”ları özüm açıb təmir edirəm. Həyətimizdəki ağacları, gülləri özüm budayıram, qulluq edirəm. Ağac və gül kolları əkirəm. Biz sözlə, əlimdən gəlməyən iş yoxdur.

- İstirahət günləri sevimli məşğuliyyətiniz nə olur?

- Ruhumu oxşayacaq heç bir şeydən imtina etmirəm. Məsələn, televiziyada gözəl bir film nümayiş etdirilirsə, həmin filmə baxıram, maraqlı kitab varsa, onu oxuyuram. Musiqi dinləyirəm, nərd oynayıram, əgər imkan varsa.

- Teatra, kinoya, konsertlərə gedirsinizmi?

- Kinoya yox, mütəmadi olmasa da teatr və konsertlərə gedirik. Çox ürək ağrısı ilə demək istəyirəm ki, baxımlı, zövqlə tamaşa edəcək bir teatr yoxdur. Kinoları televiziyadan seyr edirik. Bu gün gedib böyük ekranlardan seyr edəcəyimiz o qədər də cəlbedici filmlərimiz yoxdur. O sovet dönəmində idi ki, ekranlarda çox az film nümayiş etdirilirdi, hamı kinoteartlara gedirdi.

- İqbalbəy, alış-verişlə aranız necədir? Evin bazarlığını kim edir?

- Evin bütün bazarlığını özüm edirəm.

- Marketdən, yoxsa, dədə-baba bazarlarından?

- Marketdən də edirəm, bazara da gedirəm. Meyvə, tərəvəzi daha çox Maştağa bazarından alıram.

"Əlimdən dadsız yemək çıxmır”

- Təsadüfən evinizə qonaq gəlsə, sizi mətbəxtdə görə bilərmi?

- Niyə də görməsin? Mətbəxtdə olmaq aşağıyalıcı bir iş deyil ki. Düzdür, evdə yeməkləri həyat yoldaşım bişirir. Amma elə günlər olur, uşaqlara deyirəm ki, bu gün sizə yeməyi mən bişirəcəm.

- Məsələn, hansı yeməyi?

- Hər birini. Uşaqlar üçün kabab da, dadlı souz da, bozartma da bişirə bilərəm, bişirmişəm də. Balıq soyutması bişirməyi də bacarıram.

- Bişirdiyiniz yeməkləri xanımınız bəyənir?

- (Gülür) Bunu xanımdan soruşmaq lazımdır. Mənim əlimdən dadsız yemək çıxmır. Amma bəyənilir, bəyənilmir özləri deyə bilər.

-Övladlarınız hansı ixtisasa meyledir?

- Oğlum Murad 9-cu sinifdə, qızım Aysu 4-cü sinifdə oxuyur. İstədiyim odur ki, ən əvvəl əsl insan olsunlar, savadlı olsunlar və sonra özləri istədikləri ixtisası seçsinlər. Qızım dünənədək deyirdi ki, ibtidai sinif müəlliməsi olacaq. Görünür, ibtidai sinif müəlliməsini çox sevib. Amma indi deyir ki, hakim olacam. Oğlum isə daha çox istisadiyyata meyllidir və o istiqamətdə hazırlaşır.

- Övladlarınızın adlarını kim qoyub?

- Hər ikisinin adını özüm qoymuşam. Qızım dünyaya gələndə həbsdə idim. Yazıb göndərdim ki, adını Aysu qoysunlar.

Hansı qaynana kürəkənini çox istəyir ki?

-Necə kürəkənsiz? Qaynananız sizi çox istəyir?

- Hansı qaynana kürəkənini çox istəyir ki? (ürəkdən gülür). Bu bir zarafatdır. Amma bir həqiqət var ki, iki istəkdən başqa hər şey təmmənnalıdır. Biri valideyn, biri dövlət. Vətəndaşın dövlətini, vətənini istəməsi təmənnasız olmalıdır. Qalan bütün istəklərin hamısı təmənnalıdır. Münasibətlər sistemi belədir ki, nə qədər qadınla mehribansan onu ailəsi ilə də beləsən. Vay o günə ki, qızlarının xətrinə dəyəsən...

Qaynanam da, qaynatam da məni çox sevir, əsas da ona görə ki, mən bir ailə başçısıyam. Hər kəs nə istədiyini, niyə istədiyini bilir.

- Kilo vermiş kimi görünürsüz, dieta saxlayırsız?

- Əlbəttə, dieta saxlayıram. Təxminən 4-5 ay ərzində 15 kilo arıqlamışam. Yeməkləri çörəksiz yeyirəm, ya da lavaşla. lavaş mayasız olduğuna görə, çox xeyirlidir. Birdə, hər gün idmanla məşğul oluram. Hər axşam qaçış zolağında 8-10 kilometr qaçıram. Bir aya yaxındır siqareti də atmışam.

- İstirahətə gedirsiniz? Bunun üçün ən çox hansı məkanı seçirsiniz?

- İstirahət etmək üçün harasa getməyi sevmirəm. Öz evimdə olmağa, ürəyimcə olan insanlarla söhbət etməyə üstünlük verirəm. Mən daşdan-dağdan, təbiətdən yox, insanlardan zövq alıram.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA