YAP-ın depuatı: "Elton Məmmədovun ailə üzvləri kimlərəsə yaxşılıq etmirlər?"

img

12-02-2014 [13:42]



"Millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədovla bağlı mediada yayımlanan məlumata mənim mövqeyim mənfidir. Ona görə ki, əvvəla bizim çox hörmətli Elton müəllim məmur yox, millət vəkildir və o, parlamentə biznesdən gəlib. Hazırda da onun parlamentə qədər olan biznes fəaliyyətini tapşırdığı adamlar həyata keçirir. Bu baxımdan onun övladının hansı avtomobil idarə etməsi və ya marka saat taxması öz işidir və hər hansı bir qəbahəti yoxdur.” 

Bu sözləri FaktXeber.com-a YAP-çı millət vəkili Aydın Mirzəzadə nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovun qiyməti yüz min dollarlarla ölçülən avtomobil və saatlarını sosial şəbəkədə reklam etməsinə dair yayılan məlumatlara münasibət bildirərkən qeyd edib.

Millət vəkilinin sözlərinə görə, imkanı olan adamları bahalı maşın, ev və digər əşyalar almağa görə ittiham edilməsindən 1917-ci ildəki bolşevizmin iyi gəlir: "Biz insanların hamısını kasıb və ya eyni cürə yaşamağa məcbur edə bilmərik. Əslində arzulamalıyıq ki, cəmiyyətimizdə imkanlı şəxslər daha çox olsun. Eyni zamanda onların bu cür bahalı əşyalar almağa imkanları vardırsa qoy alsınlar. Sağlıqlarına qismət.”

Alınan hər varlı əşyanın arxasında 10-larla adama iş yerinin açıldığını bildirən millət vəkili, bununla bağlı dövlət büdcəsinə kifayət qədər vergi ödəndiyini söylədi: "Yəni bahalı avtomobil və ya əşya ölkəyə gətirildikdə gömrükdən və vergidən keçməklə yanaşı, onların satılması üçün ticarət mərkəzlərində xeyli insan işləyir. Alınan hər bir əşyanın müəyyən bir hissəsi digər insanlara iş yerlərinin yaradılmasına və onların həyatlarının qurulmasına imkan verir. Digər tərəfdən hesab etmirəm ki, Azərbaycan dünyanın ən ucuz və əhəmiyyətsiz əşyaların istifadəçisinə çevrilməlidir. İndi Elton Məmmədovu ittiham edirlər ki, nəyə görə o, övladının bahalı maşınlarına və saatlarına xərclədiyi pulları digər insanların təhsilinə, müalicəsinə xərcləmir. Bundan da 1917-ci ildəki bolşevizmin iyi gəlir ki, varlıların əlindəki alınıb imkansızlar arasında bölüşdürülsün. 1917-ci ildə atılan bu addımların 1990-cı ildə nə ilə nəticələndiyini biz çox yaxşı bilirik. "

Müsahib onu da bildirdi ki, dövlət mülkiyyətin qorunmasını və insanların qanun çərçivəsində hərəkətini imkan verən strukturdur:

"Niyə elə hesab edirik ki, Elton Məmmədovun ailə üzvləri kimlərəsə yaxşılıq etmirlər? Ona görə də bu tip yazılı verilməsinin və insanların bahalı əşyadan istifadə etməsinə görə qınanılmasının əleyhinəyəm. Düşünürəm ki, hər bir kəs imkanına görə yaxşı yaşamaq hüququna malikdir. Buna görə heç kəsi ittiham etmək olmaz. Bir sözlə nə Elton müəllim və nə də ki, onun oğlu heç bir qanun pozmayıb və onların öz imkanlarına görə yaşamaq, hərəkət etmək imkanları vardır. "

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA