Onun ictimai-siyasi sferada cərəyan edən hadisələrə baxışının necə olması şəxsən siyasət yazarı kimi mənim üçün çox maraqlı idi. Ən azı ona görə ki, illərlə rəhbərlik etdiyi qəzetin rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra xırda istisnaları nəzərə almasaq, mətbuatda o qədər də görünməyib. Hətta son seçkilər öncəsi və sonrakı situasiyalarda da diqqətçəkən fəaliyyəti olmayıb. Onu həm müxalifətə, həm də YAP-a müxalifətdə dayanan şəxs saymaq olar. İkinci yanaşma mübahisəli görünsə də, faktiki olaraq belədir. Əgər hakim partiyanın orqanına uzun müddət rəhbərlik etmiş bir şəxsin ayağı illərdir YAP-ın kandarına dəymirsə, başqa hansı qənaətə gəlmək olar? Buyurun, "Yeni Azərbaycan” qəzetinin keçmiş baş redaktoru Alqış Həsənoğlunun baxış bucağı ilə tanış olun.
- Alqış bəy, bu illərdə nə yazılarınıza rast gəldik, nə də ictimai-siyasi proseslərlə bağlı mövqeyinizə. Belə çıxır ki, siz sadəcə kənarda dayanıb müşahidə edirsiniz. Söhbətə təkid etməyincə özünüzün sükutu pozmaq fikriniz yox idimi?
- Doğrusu, mən indi öz xırda-para məişət qayğılarım ilə məşğulam. Ancaq qəzetləri mütəmadi oxuyuram, siyasi prosesləri izləməyə çalışıram. Gördüklərimi saf-çürük edirəm. Münasib dostlarla fikir mübadiləsi aparırıq. Deyim ki, müşahidələrim içərisində məni həm sevindirən və həm də məyus edən faktlar kifayət qədərdir.
- Məsələn, iqtidar-müxalifət münasibətləri necə görünür?
- Açığı, bu sahədə elə bir irəliləyiş nəzərə çarpmır. Onu qeyd edə bilərəm ki, oktyabr seçkisində iqtidar özünün iqtidar olduğunu bir daha sübut edə bildi və seçkidən sonra öz mövqeyini bir az da möhkəmləndirdı. Müxalifət isə göstərdi ki, onun iqtidar olmaq şansı yox dərəcəsindədir. Onun potensialı yalnız az-çox müxalifət olmaq uğrunda mübarizəyə çata bilər. Mən əvvəllər elə düşünürdüm ki, vaxt keçdikcə iqtidar-müxalifət münasibətləri təkmilləşə bilər. Baş verənlər isə əkisini deyir. Ötən ilin sonunda mətbuat nümayəndələrinin bir qrupu, o cümlədən də sizin qəzetin baş redaktoru Rauf Arifoğlu prezidentin qəbulunda oldu. Müxalifyönlü bir qəzet redaktorunun prezidentin qəbulunda olmasını Azərbaycan müxalifəti həzm edə bilmədi. Bu, mənim üçün həm gözlənilən, həm də gözlənilməz bir haldır. Əgər biz hesab ediriksə ki, cəmiyyətdə demokratikləşmə prosesi getməli, iqtidar-müxalifət dialoqu baş tutmalıdır, bəs onda bu aqressiya nə deməkdir? Əgər müxalifət bir qəzet redaktorunun öz dövlətinin başçısı ilə görüşünü süngü ilə qarşılayırsa, onda bu cür zehniyyətə, təfəkkürə, düşüncəyə malik siyasi tərəflə hansı dialoqu aparmaq, nəyi müzakirə etmək olar? Ona görə də mən hesab edirəm ki, bizim bir çox problemlər dövlətdən, hökumətdən, mövcud idarəçilikdən yox, birbaşa cəmiyyətin özündən gəlir. Demokratikləşmə prosesi təkcə iqtidardan asılı deyil. Kim fikirləşirsə ki, bir qanun qəbul etmək, fərman verməklə cəmiyyətdə demokratiya ilə bağlı bütün ğözləntiləri yoluna qoymaq mümkündür, bu, çox yanlışdır. Yeniləşmə prosesi iqtidardan, iqtidarın institutlarından daha çox, həm də ona bərabər müxalifyönlü institutların, siyasi partiyaların daxili ab-havasından asılıdır.
- Söhbətin başlanğıcında "silah”ı dərhal müxalifətin üzərinə tuşladınız...
- Yox, elə deyil. Sadəcə bir qəzet redaktorunun Azərbaycan prezidenti ilə görüşünü heç cür qəbul edə bilməyən bir siyasi kəsim başqasını heç bir müstəvidə mühakimə edə bilməz. Qəzet redaktorunun dövlət başçısının qəbulunda olması nə vaxtdan qəbahət hesab olunub?
"Əli İnsanov vaxtilə eyni ton və pafosla müxalifəti ittiham edirdi, indi isə müxalifətdən üzr istəyir” |
- Bu məsələ oldu, keçdi. Sizə elə gəlmirmi ki, bu münasibətin yaranmasına səbəb həm də qarşı düşərgədə müxalifətin varlığının inkar olunması amilidir?
- Müxalifətin qəbul olunmaması deyiləndə... Düzdür, hər cür müqayisə qüsurlu hesab olunur. Bu sualla bağlı fikrimi belə ifadə etmək istərdim: mən futbol azarkeşiyəm, çalışıram ki, bütün yaxşı oyunları izləyə bilim. Bir dəfə çox prinsipial bir oyun gedirdi. "Barselona” "Real” Madridi uddu. Oyundan sonra "Real”ın məşqçisi görür ki, onun oyunçuları çox pərt olublar, bu məğlubiyyət onlara çox pis yer eləyib. Üzünü futbolçulara tutub deyir ki, mənim övladlarım, siz heç də məyus olmayın, problem heç də sizdə deyil. Problem ondadır ki, "Barselona” çox güclü və çox peşəkar komandadır. Bu gün müxalifətin problemi onda deyil ki, o çox zəifdir. Müxalifətin problemi ondadır ki, İlham Əliyev və onun komandası çox güclüdür.
- Müxalifətin zəif olması normal hal hesab olunmamalıdır. Məntiqlə gərək güclü hakimiyyət güclü müxalifətin də varlığında maraqlı olsun...
- Müxalifət təbii proseslərin nəticəsində yaranmalıdır. KİV-lər dövlətdən maliyyə yardımı alır, bunun mənfi-müsbət cəhətləri barədə bir söz demirəm. Amma bu üsulla siyasi müxalifət yetişdirmək olmaz axı....
- Söhbət yardım verilməsindən yox, sadəcə meydan verilməsindən gedir.
- Mən başqa bir nümunəni xatırlatmaq istərdim, Müsavatın Divan üzvü vardı - Tapdıq Abbas, səhv etmirəmsə, 2010-cu ildə Müsavatın deputatlığa namizədi idi, o, həmin ərəfədə Fəxri Xiyabana gedib Heydər Əliyevin məzarını ziyarət etmişdi. Buna görə onun məsələsini Divana çıxarıb partiya sıralarından çıxmasını tələb kimi irəli sürdülər. Təsəvvür edin, bir qəzet redaktoru Fəxri Xiyabana gəlir, hansı ki, orda bizim dahilərimiz yatır. Mən təsəvvür etmirəm ki, 37-ci ildə, Stalin repressiyası dövründə insanlara bu cür basqı olub. Stalini başa düşmək mümkündür, əlində o boyda imperiya cəmlənmişdı ordusu, top-tüfəngi, cəza mexanizmləri vardı. Ancaq hələ hakimiyyətə iddialı olan, amma hakimiyyətə gələ bilməyən bir partiya vətəndaşa hansı münasibəti sərgiləyir.
- Hər bir partiyanın nizamnamə və məramnaməsi var. Hakim partiyada azmı olub ki, hətta "91-lər”-in nümayəndələri fərqli fikir söylədiyi üçün cəzalandırılıb? Elə siz özünüz də belə münasibətlə üzləşibsiniz.
- Mən onu deyirəm ki, bizim cəmiyyətin ümumi problemləri var. Elə baryerlər var ki, cəmiyyət hələ ki, onları aşa bilmir. Mən konkret fərdləri ittiham etmirəm . Bu, bizim çox böyük qüsurumuzdur ki, alternativ fikrə dözümsüzlük var. Mən o fikirdə deyiləm ki, belə hallar təkcə Müsavatda baş verir və baş verə bilər. Mən hər hansı fərqli fikri, düşüncəni birmənalı olaraq rədd etməyin əleyhinəyəm, elə həmişə də bu cür fəaliyyət göstərmişəm.
- Güman ki, bu cür fəaliyyətinizə görə də kənarda qoyulmusunuz...
- Mən özümü kənarda hiss eləmirəm.
- Sonuncu dəfə YAP-a nə vaxt gedibsiniz?
- Mən çoxdandır ora getmirəm. Dəqiq xatırlamıram.
- Yəni qəzetdən gedəndən sonra?
- Hə. Bu, 2008-də olub. Elə söz vaxtına çəkər. Fevral ayında artıq 6-cı il oldu ki, mən "Yeni Azərbaycan” qəzetindən uzaqlaşmışam. Artıq 7-ci ilə keçib. (gülür)
- Bu illəri itirilmiş sayırsınız, ya qazanılmış?
- Mən bu dünyada olduğum, oğlumla, qızımla, ailəmlə, doğmalarımla birlikdə yaşadığım hər ili qazanılmış hesab edirəm...
- Mən qəzet rəhbərliyindən uzaqlaşdırılmağınızdan sonrakı dövrü nəzərdə tuturam.
- Bu da bir sınaq dövrüdür. Bu illər ərzində yəqin kimlərsə məni sınadı, mən də bir çoxlarını sınamaq imkanı əldə etdim. Hər şeyin öz vaxtı var. Yəqin ki, ictimai-siyasi fəaliyyətimi bərpa edəcəyəm. Bəzi təkliflər də var. Məsələn, bir neçə gənc jurnalistlər müraciət ediblər ki, bəlkə qəzet açaq, ya sayt yaradaq. Görək, bəlkə birini dəyərləndirib üzərində dayandıq. Hətta bir il bundan əvvəl "28 May” adında qəzet də təsis etmişdim, qalır. Bütün bunları müzakirə etməyə vaxtımız olacaq. Onda soruşdular ki, qəzetin adı niyə "28 May”dır. Dedim ki, ad, şərti xarakter daşıyır, əsas odur ki, 28 aprel olmasın. Mən çox istərdim ki, Azərbaycanın bütün ictimai-siyası palitrasını özündə əks etdirən, cəmiyyətin ümumi ovqatını ehtiva edən bir mətbu nəşrimiz olsun. Onu çox arzulayıram və imkanım olsa, bu arzumu gerçəkləşdirmək üzərində düşünərdim. Yaxşı yaradıcı qüvvələr də var, imkan da, belə qəzetə ehtiyac da.
- Bu müddətdə YAP-dan hansısa təklif aldınızmı?
- Hər hansı bir təklif yoxdur...
- Yəqin ən azı ürəyinizin dərinliklərində nigarançılığınız var. Məsələn, istərdiniz ki, redaktorların prezidentlə görüşündə siz də əvvəlki statusda iştirak edəydiniz...
"2015-ci il parlament seçkilərinə qatılacağam” |
- Vallah, mənim ürəyimin dərinliklərində tamam başqa duyğular, hisslər yaşayır. Elə şeylər var ki, mən onları ürəyimin çox dərinliyinə buraxmıram. Bürokratik tədbirlərin, konfransların, iclasların mənim ürəyimin dərinliyində nə işi var? Elə şeylər var ki, onlara şüurlu şəkildə isinişmirəm ki, sonra onları itirəndə mənə çətin olsun. Bu baxımdan mən bir sıxıntı yaşamıram. Həyatdır, maddi cəhətdən problemlər, çətinliklər olur. Amma yaşayırıq, əsas odur ki, bu dünyada varıq, həyat davam edir. Onu da vurğulayım ki, ürək, yaddaş ən demokratik təsisatlardır. Ürəyə, yaddaşa nəyisə zorla daxil etmək, oradan nəyisə zorla silmək də mümkün deyil. Qərarı ürək və yaddaş özü verir....
- Bəs, işsizlik şəraitində maddi problemləri necə qarşılayırsınız?
- Suala görə minnətdaram. Bir neçə dəfə demişəm, mən necə yaşamağımı, necə dolanmağımı heç vaxt heç kimlə müzakirə etmədim. Mən işdən çıxandan sonra ən çox Xeyrəddin müəllimlə zəngləşirdik. O bir-iki dəfə soruşdu ki, Alqış, necə yaşayırsan, necə dolanırsan? Dedim ki, Xeyrəddin müəllim, siz necə yaşayırsınız? Dedi mən prezident təqaüdü alıram, yaşa görə təqaüd alıram. Hardasa, 3 min manat eləyir, amma çox azdır, bir-iki günə qurtarır, gedir. Dedim ki, Xeyrəddin müəllim, sən iki günə bunu xərcləyib qurtarırsansa, bəs qalan 28 gün necə yaşayırsan. Dedi ki, birtəhər yaşayıram. Qayıtdım ki, təsəvvür elə ki, mən elə ayın 30 gününün hamısını birtəhər yaşayıram. İndi mən iki günün söhbətini aparmayacağam ki... (gülür) Xeyrəddin müəllim fikirləşdi, dedi ki, sən çox dəqiq və konseptual cavab verdin. Ta ondan sonra o da mənə bu sualı vermir.
- 2015-ci il parlament seçkilərində iştirak etməyi düşünürsünüzmü?
- Mən o barədə fikirləşirəm. Çox ehtimal ki, 2015-ci il parlament seçkilərinə qatılacağam.
- Müstəqil şəkildə, yoxsa...
- Onu yaşayarıq, görərik. Partiya tərəfindən namizədliyim verilməsə, əlbəttə ki, müstəqil formada namizədliyimi irəli sürərəm.
- Ölkədə baş verənlər, xüsusilə də son günlərin əsas bəlasına çevrilən intihar məsələsi barədə fikriniz necədir?
- Sovet dövründə də bu cür hadisələr olurdu. Amma o zaman cəmiyyət çox qapalı idi, belə hadisələrdən çox xəbər tuta bilmirdik. İndi qəzetlər, televiziyalar var, sosial şəbəkələr geniş yayılıb deyə, belə hadisələr haqda məlumatlar tez yayılır. Təbii ki, insanın özünü diri-diri yandırması çox ağır hadisədir, çox dəhşətlidir. Dinimizə görə də, adi düşüncəyə görə də mən insanın intihar etməsini qəbul etmirəm. Bu, zəiflik əlamətidir. İnsan intihar etməməlidir. İntiharla məsələləri çözmək mümkün deyil. Bəzən deyirlər ki, ölüm bütün məsələləri çözür, amma bu, düzgün deyil. Elə məsələlər var ki, ölüm onları həll etmir, əksinə, onları həll etmək üçün yaşamaq lazımdır.
- Bu günlərdə prezidentin hakim komanda üzvlərinə səslənişi, xəbərdarlığı oldu, bundan sonrakı situasiyanı necə təsəvvür edirsiniz?
- Prezidentin bu cür çıxışları həmişə olub. Yadımdadır, 2003-cü il prezident seçkilərindən sonra bu mövzuda çox aktual fikirlər söylədi, dedi ki, məni tərifləmək lazım deyil, mən indi üzərinə böyük məsuliyyət götürmüş adi bir azərbaycanlıyam. Axırıncı müşavirədə də çox dəyərli fikirlər səsləndirdi. Əlbəttə, məmur dövlətin, xalqın qulluqçusu olmalıdır. Heç bir məmur ona tapşırılan sahənin imkanlarından öz məqsədləri naminə istifadə etməməlidir. Bəzən görürsən bir məmura iş tapşırılır, kurasiya etdiyi sahənin imkanlarından özünün təmtəraqlı imicini formalaşdırmaq üçün istifadə edir. Əlbəttə, bu, yolverilməzdir. Bəzən bizim məmurlar insanlarla davranış qaydalarını, normalarını bilmirlər. Məsələn, Quba hadisələri ona görə baş verdi ki, rayonun icra başçısı Qubanı yağlı tikəyə bənzətdi. Deməli, bu məmur qəssab təfəkküründə olan bir adamdır. Hər şey də ondan başlandı. Sovet dövründə çox yaxşı bir ənənə var idi. İldə iki dəfə rayon rəhbərləri Partiya Məktəbinə - indi onun bazasında Prezident Yanında Dövlət İdarəçiliyi Akademiyası yaradılıb - yığışırdılar, onlara kurslar keçirdilər, onları təlimatlandırırdılar. Hesab edirəm ki, bu ənənəni davam etdirmək lazım. Məmurları ildə ən azı iki dəfə yığıb insanlarla necə davranmağı, vətəndaşlar qarşısında necə çıxış etməyi onlara öyrətmək lazımdır. Sən rayonun, bir elin rəhbəri ola-ola durub deyəndə ki, rayon yağlı tikədir, əlbəttə, bunun çox acı nəticələri olacaq, necə ki, oldu.
- Əli İnsanovun məhkəmə prosesini, onun durumunu müşahidə edirsinizmi?
- Doğrusu, elə yaxından izləmirəm. Çünki mən kiməsə dəyər verəndə onun fəaliyyətindəki ardıcıllığı nəzərdən keçirirəm. Bu mənim ana prinsipimdir. Addımlarında sistemlilik, mövqeyində sabitlik yoxdursa belə adamı və onunla bağlı baş verənləri izləmək mənim üçün çox darıxdırıcı və maraqsızdır. O, vaxtı ilə eyni ton və pafosla müxalifəti ittiham edirdi. İndi isə müxalifətdən üzr istəyib və ittihamın ünvanını dəyişib...