“Şeyx əvvəlcədən demişdi ki, mənə hücum edəcəklər”

img

31-01-2014 [16:00]


Xəbər verdiyimiz kimi, yanvarın 28-də Qafqaz Müsəlmanları İdarəsi Azərbaycandan Suriyaya döyüşmək üçün gedənlərlə bağlı fətva verib.

QMİ-nin fətvasında Suriyada müqəddəs müharibə baş vermədiyi və bu döyüşlərdə ölənlərin şəhid sayılmadığı xüsusi qeyd olunurdu. 

Ancaq QMİ-nin bu bəyanatı birmənalı qarşılanmadı. Müxtəlif istiqamətlərdən bəyanatın gecikmiş olması, buna dini-hüquqi əsasın olmaması, hətta idarənin yerli icmalara təsiri mövzusu gündəmə gətirildi. Maraqlıdır ki, eyni zamanda QMİ sədri Allahşükür Paşazadənin gizli əlaqələri, o cümlədən müəyyən mərkəzlərdən pul alması ilə bağlı kompromatlar intensiv şəkildə mediaya ötürülməyə başladı.  

Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri, İlahiyyat üzrə fəlsəfə doktoru, Qazı Hacı Mirəziz Seyidzadə "Yeni Müsavat”a açıqlamasında QMİ-nin Suriyada baş verən savaşlarda azərbaycanlıların iştirakı ilə bağlı fətvasını vaxtında verilmiş qərar adlandırdı. Onun sözlərində görə, bəzi öyrədilmiş şəxslər gəncləri aldadaraq cihad adı ilə Suriyaya aparır: "Məslə ondadır ki, həmişə külək əsir, fırtına qopduqdan sonra sel gəlir, öz arxasınca ağacları gətirir. Biz neçə vaxtdır bu prosesi müşahidə edirik ki, bizim gənclərimizi yoldan çıxarırlar, gənclər elə bilirlər ki, döyüşüb cənnətə gedirlər. Amma belə deyil. Həmin vəhhabilər, təkfirçilər, hardansa maliyyələşir, bununla da əqidəli, amma dini savadı olmayan gəncləri yoldan çıxarıb aparırlar döyüşlərə. Onları orda məhv edilir, dövlətin adı hallanır, ana-bacıların gözləri yaşlı qalır.

Bu cür ünsürlər, gedib xaricdə bir neçə il fırlanır gəlib burda din xadimi adı ilə cavanlarımızı yoldan çıxarır, ölümə göndərirlər. Biz bununla bağlı mediada çıxış etmişik. Mən bunların sahibləri ilə də bir neçə dəfə danışmışam. Amma bu yetərli olmadı və QMİ rəhbərliyi işə qarışmağa qərar verdi. Burda Şeyxlik bir şey yoxdur, 23 qazinin gəldiyi rəydir ki, gənclərimizi ayıldaq. Bu yoldan çəkindirək. Əslində Suriyada din savaşı getmir, hər iki tərəf müsəlmandır, amma bir tərəf özünü şəhid sayır, o biri tərəf kafir... Burda din savaşı deyil, maraq, hakimiyyət savaşı gedir. Bu savaş bizim üçün müqəddəs müharibə sayıla bilməz”. 

M.Seyidzadə deyir ki, QMİ-nin məlum fətvası 23 qazinin iştirakı ilə hazırlanıb. Şeyx isə sədr kimi bu sənədə imza atıb. Onun sözlərinə görə, Şeyx əvvəlcədən bu fətvaya görə ona qarşı hücumların olacağını deyirmiş: "Ona görə də biz QMİ-də Qazilər Şurası bir yerə toplaşıb belə bir fətva hazırladıq. Şeyx də sözünü dedi. Şeyx əvvəlcədən demişdi ki, bu sözü deyəcəyik, amma axırda siz qalacaqsınız qıraqda mənə hücum edəcəklər. Amma buna baxmayaraq biz özümüzə vəzifə bildik ki, bu mövqeni ortaya qoyaq. O zaman Peyğəmbərimizə də qarşı belə hücumlar oldu. Onun çıxışlarında kafirlər qulaqlarını tuturlar. Yəni bu hərzə və hədyanlara qulaq asmaq lazım deyil. Bizim gənclərimizi aldadırlar, onlar guya cənnətlə müjdələnəcəklər”.  

Mirəziz Seyidzadə deyir ki, mətbuata ötürülən məlumatlar həqiqəti əks etdirmir. QMİ rəsmisinin sözlərinə görə, pulla bağlı iddiaların heç birinin əsası və sübutu yoxdur. Varsa ortaya sənəd qoysunlar: "Belə söhbətlər (universitet binası tikilməsi məsələsi- K. R.) 20 il əvvəl vardı. Amma bu pul verilmədi və Şeyx də məcbur oldu universiteti gətirib QMİ-də tikdirdi. Mən şahidəm ki, belə hadisə olmayıb, pul verilməyib. Şeyxin haqqında bu cür böhtanlar deyilir. Əgər vardısa niyə indi ortaya çıxır. Biz mövqeyimizi ortaya qoyan kimi, bizə hücumlar oldu. Mən ruhani və seyyid kimi o adamlardan tələb edirəm ki, dini rəhbərə qarşı belə mövqedə olmasınlar. Media və dövlət qurumları bizə kömək eləsin birlikdə çalışaq ki, gənclərimiz ölkəni tərk edib savaşa getməsinlər. Bizim torpaqlarımız işğal altındadır, ana bacılarımız əsirlikdədir. Amma təəssüf ki, bəzi qüvvələr gəncləri adladaraq xarici ölkələrdə savaşa cəlb edirlər. Belə söhbətlər adamda ikrah hissi doğurur. Bu qədər yaxşılıqların müqabilində, 35-40 il xidmət edəsən, axırda belə münasibət ola. Bunlar terrorçulardır. Əlbəttə terrorçular hər zaman silahla aparılmır, sözlə də terror olur. Mediaya müraciət edirəm ki, haqqın yanında olsunlar, söhbət şeyxdən getmir, haqq yolda olan hər kəsi müdafiə etmək lazımdır. Biz uzun illər bu yoldayıq, əqidəmizi dəyişməmişik”.

QMİ təmsilçisi deyir ki, bəzi qüvvələr uzun müddətdir ki, Şeyxin ətrafında hərəkət edir, ona zərbə vurmağa çalışırlar. M.Seyidzadənin dediyinə görə, həmin qüvvələr indi fürsətdən istifadə etməyə çalışır.

QMİ rəsmisi bu qüvvələrin adını çəkməsə də, xarici ölkələrin bu məsələdə rolu olduğunu deyir: "Elə bilirlər ki, Şeyxi camaatın gözündən sala bilərlər. Hər hansı dövlət Azərbaycana yardım etmək istəyirsə, Şeyx onu qanunu şəkildə istiqamətləndirir. Şeyx neçə ölkələrə yardım edilməsində iştirak edib. Şeyx çox işlər görüb. Amma indi xarici müdaxilə hesabına, onların burdakı əlaltıları vasitəsilə Şeyxə hücum edirlər. Şeyxin gördüyü işləri ən yüksək səviyyəli diplomatlar görə bilmir. Burda gözü götürməyən qüvvələr də var. Xarici kəşfiyyatın da əli var. Mən ümidvaram ki, Allahın yardımı ilə heç bir nəticə əldə edə bilməyəcəklər. Şeyx heç zaman düşünülməmiş addımlar atılmayıb. Bütün qərarlar müzakirələr, məsləhətlər yolu ilə verilib. Dünya dini liderləri yeri gələndə ondan məsləhətə alırlar. Radikal qüvvələr, həqiqi islamı gözdən salmağa çalışırlar. Bulanıq sularda balıq tutanlar bu işlərdən faydalanmaq istəyirlər. Mən ümid edirəm ki, tezliklə bu terrorçular xalqdan cavabların alacaqlar”.

Mirəziz Seyidzadə deyir ki, bəzi şəxslər bu vəziyyətdən istifadə edərək QMİ-yə hücum edir: "Elşad Mirinin sözlərini mən hiddətləndirdi. Deyir ki, QMİ-nin fətva vermək hüququ yoxdur. Maraqlıdır ki, hər kəs ortaya çıxır, bilmir qazanda nə bişir, bir çömçə də istəyir. Sizdən də xahişim budur ki, haqqı-ədaləti müdafiə edəsiniz. Azərbaycanda İslamı müdafiə etmək lazımdır. Bu bizim ata-baba dinimizdir. Qarabağı da sabah biz şəhadət şüarı ilə azad edəcəyik. Amma Şəhidlik məqamını gözdən salmaq olmaz. Şəhidlik Allah yolunda, din yolunda aparılan savaşda olur. Necə ki, bizim xalq 20 yanvar, Qarabağda savaşaraq şəhid oldu”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA